Şəfəqə Doğru » Gündəm » Eyvaz Qurbanovla qudasının Oğuzda büdcə belə talan edirlər - ŞOK TƏFƏRRÜAT

Eyvaz Qurbanovla qudasının Oğuzda büdcə belə talan edirlər - ŞOK TƏFƏRRÜAT

Eyvaz Qurbanovla qudasının Oğuzda büdcə belə talan edirlər - ŞOK TƏFƏRRÜAT
Dostların "tender oyunu” və dövlətin buxarlanan pulları.

Oğuz rayonuna ayrılan dövlət vəsaitlərinin mənimsənildiyi idda olunur

Diqqət Eyvaz Qurbanovun dostlarına və Oğuz rayon Maliyyə İdarəsinə; rayonda narazılıq dalğası güclənir; Oğuzun bərbad olan "abadlığı”; korrupsiyanın "Oğuz modeli”

Son illər Azərbaycanda məmur özbaşnalığına, korrupsiya və rüşəvətxorluğa qarşı mübarizədə ciddi addımlar atldığı müşahidə olunur. Elə bunun da nəticəsidir ki, öz vəzifə səlahiyyətindən sui-istifadə etmiş məmurlara qarşı son bir ildə müxtəlif cəza tədbirləri həyata keçirilib. Bu isə bilavasitə dövlət başçısının iradəsindən irəli gələn addımlardır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev ötən ilin sonlarına təsadüf edən çıxışlarının birində korrupsiya və rüşvətxorluğa, eləcə də məmur özbaşınalığına qarşı mübarizədə dövlətin heç kəsə güzəşt etməyəcəyini açıq şəkldə bəyan etmişdi: "Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilib. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görülür və bundan sonra da görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək”. 

Qeyd edək ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması son illərdə Azərbaycanın gəlirlərinin də əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Yaranmış vəziyyət isə sözsüz ki, dövlət vəsaitlərindən səmərəli istifadə mexanizmlərinin tətbiqini tələb edir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında bu məsələyə dəflələrlə toxunaraq dövlət qurumlarını dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə, israfçılığa və sui-istifadə hallarına yol verməməyə çağırıb. 

Korrupsiya və rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və ümumiyətlə, ölkə iqtisadiyyatının inkişafına süni əngəllər yaradan amillərdən danışarkən ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlətə diqqət yönəltməmək olmur. Əgər xatırlayırsınızsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlər və yüksək ranqlı məmurların həbsi zamanı üzə çıxan əsas məqamlardan biri tenderlər vasitəsi ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları oldu. Məlum oldu ki, vəzifə mövqeyindən istifadə edən məmurlar əslində özlərinə və yaxınlarına aid şirkətləri "tender qalibi” edərək, milyonlarla vəsaiti mənimsəməklə məşğul olublar. 

Diqqət Eyvaz Qurbanovun dostlarına və Oğuz rayon Maliyyə İdarəsinə

Bu hallar təkcə sözügedən nazirliyəmi aiddir? Təəssüf ki, yox. İdarəçilikdə hansısa mövqeyə gəlib çıxan məmurların bəzisi necə deyərlər əlini çörəyə çatdımağın ən qısa və optimal yolunu tenderlərdə görür. Bununsa mexanizmi çox da mürəkkəb deyil. Bu işlər çox vaxt qohumluq, dostluq münasibətləri üzərində qurulmaqla, olduqca eybəcər və açıq-aşkar formada həyata keçirilir. 

Məsələn, araşdırmalarımız göstərir ki, son bir neçə ildə Azərbaycanın ən kiçik rayonlarından olan Oğuzda abadlaşdırma işlərinin aparılmasına büdcədən və Ehtiyat Fondundan milyonlarla manat vəsait ayrılıb. Yəni dövlət öz üzərinə düşən vəzifələri həyata keçirir, təkcə paytaxt deyil, ölkənin bütün şəhər və rayonlarında sürətli təmir-tikinti və abadlaşdırma işlərinin həyata keçirilməsinə lazımi diqqət ayırır. Bu xüsusda Oğuz rayonu da dövlətin və bilavasitə canab Prezidentin diqqət və qayğısından kənarda deyil. 

Bəs ayrılan dövlət vəsaitlərindən Oğuzda necə istifadə olunur? 

Əldə olunan məlumatlar, rayon əhalisindən alınan informasiyalar bu suala birmənalı cavab verməyə imkan yaratmır. Ortada narahatlıq yaradan xeyli ciddi məqamlar var. Məsələn, bu rayonda abadlıq işləri, fəaliyyəti yerli əhali tərəfindən birmənalı qarşılanmayan MMC-lər tərəfindən həyata keçirilib. Belə ki, təkcə 1 il ərzində Oğuzun abadlıq işlərinə 2 milyon manat(!) vəsait ayrılıb ki, bu pullar da 2 MMC-nin – "Rövşən Oğuz Qrup” və "Uğan” MMC-nin gördüyü işlərə xərclənib. Əvvəlcədən qeyd edək ki, hər iki MMC rayonun icra başçısına yaxın hesab olunur. Belə ki,"Rövşən Oğuz Qrup”un sahibi Hafiz Mustafayevin icra başçısı Eyvaz Qurbanovla yaxınlıq, dostluq münasibətinin olduğu bildirilir. "Uğan” MMC-nin isə Oğuz rayonunun Maliyyə Şöbəsinin keçmiş rəisi Əmir Əliyevə aidiyyatı olduğu iddia edilir. 

Araşdırmamız da bunu dolayısı ilə təsdiqlədi. Belə ki, əldə etdiyimiz məlumata görə,"Uğan” MMC-nin təsisçisi olaraq, Əmir Əliyevin qardaşı Ağalar Allahverdiyevinadı keçir. Rayonda isə bu MMC-nin Əmir Əliyevə aid olduğu, bütün işlərin onun rəhbərliyi, himayəsi və əlaqələri hesabına həyata keçirildiyi deyilir. Rayondakı mənbələrimiz bildirir ki, həmin Əmir Əliyev vəzifədə olduğu vaxt Oğuz rayonunda aparılan miqyaslı yoxlamalar zamanı böyük maliyyə pozuntuları səbəbindən rayonun təhsil şöbəsi, Dövlət Sosial Müdafiə Fondu və digər qurumlarında bir neçə vəzifəli şəxs işdən azad edilmiş, hətta həbs edilənlər də olmuşdur. 

Verilən məlumatlara əsasən, təkcə 2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin təmiri, işıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox vəsait xərclənib. Lakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma, yolların təmir işlərini hayat keçirən «Uğan» MMC-yə köçürülən 1,8 milyon manat vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd olunur ki, «Uğan» MMC icra başçısına yaxın bir şəxsə aiddir və Eyvaz Qurbanov özünə yaxın olan şirkətə rayonun əsas abadlıq işlərini tapşırmaqla böyük maliyyə maxinasiyalarına yol verib.

Məlumatda göstərilir ki, "Uğan” MMC icra başçısı Eyvaz Qurbanova arxalanaraq həyata keçirdiyi təmir, yolların təmiri və çəkilişi işlərində alınan mal-materialların qiymətində fantastik dərəcədə şişirtmələrərə yol verib. Mənbə bildirir ki, "Uğan"MMC-nin mənimsədiyi vəsaitin çox hissəsi icra başçısına çatdırılıb. 

Ümumiyyətlə, "Uğan” MMC-nin elə icra başçısının özünə məxsus olduğu, sadəcə başqa şəxsin adına sənədləşdirildiyi bildirilir. Bu qədər böyük məbləğli vəsaitlər sərf olunsa da görülən işlərin keyfiyyəti çox aşağıdır. Məlumat verilir ki, bunun əsas səbəbi ayrılan vəsaitlərin çox cüzi hissəsinin bu işlərə sərf olunmasıdır.

Məlumatda deyilir ki, həmin vaxt Maliyyə Şöbəsinin müdiri olan Ə.Əliyevə isə töhmət verilmiş və məlum olmayan səbəb və yolarla vəziyyətdən və vəzifədən çıxmışdır.Ə.Əliyevin yerinə təyin edilən Elşad Yusifov isə onun müavini işləyib və ona yaxın şəxs hesab edilir. Rayonda deyirlər ki, məlum tenderlərin udulması və milyonlarla vəsaitin kifayət qədər kiçik, hətta öz internet səhifəsi belə olmayan "Uğan” MMC-yə verilməsində və icra hakimiyyəti ilə isti münasibətlərin formalaşmasında maliyə şöbəsinin indiki rəisinin xüsusi rolu var. 

Yeri gəlmişkən qeyd edək ki, DÖVLƏT VƏSAİTLƏRİNİN TƏYİNATI ÜZRƏ XƏRCLƏNMƏSİNƏ NƏZARƏT ETMƏLI OLAN həmin indiki maliyyə rəisi Elşad Yusifov icra başçısı Eyvaz Qurbanovun qudasıdır. Yəqin ki, oxucularımıza mənzərə tam aydın oldu. Əlbəttə, belə bir mühitin formalaşması istər-istəməz cəzasızlığa və özbaşınalığa gətirib çıxara bilər. Eyni zamanda, qohumluq və dostluq əlaqələri üzərində qurulmuş işlərin ətrafında böyük bir şübhə çəpərinin boy verməsi də təsadüfi hesab olunmamalıdır. 

Diqqətçəkən başqa bir məqam isə adıçəkilən MMC-lər tərəfindən Oğuzda aparılmış tikinti-abadlıq işlərinin keyfiyyəti ilə bağlıdır. Təəssüflə qeyd etməliyik ki, bu işlər həsəd aparılacaq səviyyədə deyil. Elə bir müddət əvvəl bir sıra mətbu orqanlarda rayondakı abadlıq işlərinin keyfiyyətsiz olduğu və bayraq meydanının dağıldığı barədə məlumatlar dərc edildi. Bu barədə də növbəti yazımızda ətraflı bəhs edəcəyik. 

Rayonda narazılıq dalğası güclənir

Bu gün ölkənin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır, təmir-tikinti işləri ara vermir. İlk baxışdan bu çox yaxşı haldır və ölkənin inkişafı baxımından təqdirəlayiqdir. Təbii ki, görülən işlər heç də havayı başa gəlmir və bu məqsədlə dövlət büdcəsindən milyonlarla manat vəsait sərf olunur. Elə əsas məsələ də bu milyonlardadır. Hansı sadə vətəndaşdan aparılan işlər barəsində soruşsan cavab verər ki, onsuz da bir manat xərcləyib on manat yazacaqlar. Bax bu abadlığın Azərbaycan versiyasıdır. Məmurlar abadlıq, təmir adı ilə büdcə vəsaitlərini amansızcasına qarət edir, korrupsiya piramidasını formalaşdırırlar. Təsadüfi deyil ki, qanunla qadağan olunmasına baxmayaraq məmurların böyük əksəriyyəti səlahiyyətlərindən istifadə edərək biznes fəaliyyəti ilə məşğul olur, rəhbərlik etdikləri sahələrdə biznes şəbəkələrini formalaşdırırlar.

Oğuzun bərbad olan "abadlığı”

Azərbaycanın bütün bölgələri məmur özbaşınalıqlarının əsarəti altındadır. Sadəcə regionun və məmurun adını dəyişdirmək kifayətdir. Vəziyyət eyni dərəcədə acınacaqlıdır. Oğuz rayonu da təəssüf ki, istisna təşkil etmir. Burada da "inkişafın” özünəməxsus modeli formalaşdırılıb. Sadəcə bu "inkişafın” Oğuz elinə heç bir dəxli yoxdur. Bu "inkişaf modeli” icra başçısı Eyvaz Qurbanovun şəxsi maraqlarının təmin olunmasına, biznesinin çiçəklənməsinə xidmət edir. Oğuz rayonu isə əslində özünün tənəzzül dövrünü yaşayır. 

Ölkə başçısı tərəfindən rayonun sosial-iqtisadi inkişafı üçün bir neçə dəfə iri məbləğli ayırmalar olsa da, bu vəsaitlər heç də təyinatı üzrə xərclənməyib. Oğuzda da büdcə talanının ən münasib forması təmir-tikinti işləridir. Rayonda müasir işıqlandırma sistemlərinin yaradılması, şəhər icra nümayəndəliyinin inzibati binasının təmir edilməsi, yağış kollektorlarının çəkilməsinə Rayon İcra Hakimiyyətinin büdcəsindən böyük miqdarda vəsait ayrılıb. Bu işlərin bir çoxunu isə yuxarıda qeyd olunduğu kimi, icra hakiminə yaxın olan şirkətlər həyata keçirib.

Ən böyük maliyyə maxinasiyalarından biri rayonun daxili büdcəsindən maliyyələşdirilən Bayraq meydanının tikilməsində yol verilib. Milyonluq layihədə də mənimsəmə hallarının həddindən artıq böyük olduğu bildirilir. "Rövşən Oğuz Qrup" MMC tərəfindən inşa edilən həmin meydan artıq bir dəfə sökülərək, yenidən qurulub. Amma buna baxmayaraq, tikinti işlərinin bərbad şəkildə həyata keçirilməsi nəticəsində meydana döşənmiş daş örtüklər qopublar. Bu məqsədlər üçün 289 min manat pulun havaya sovrulduğunu bildirən mənbənin sözlərinə görə, icra başçısının göstərişinə əsasən daşlar arasında yaranmış məsamələrin doldurulması ilə kosmetik dəyişikliklər edilib.

Rayonda adi məişət problemləri dözülməz həddədir. Əksər kəndlərdə əhalinin işıq, qaz və su ilə təminatı bərbad haldadır. Bucaq, Bayan, Calut, Sincan, Muxas, Baş Daşağıl, Xaçmaz, Ərmənət, Xalxal, Dəymədərə və digər kəndlərdə də əhali çətinliklərlə üzləşir. Oğuzluların ən böyük problemlərindən biri də yolların acınacaqlı halda olması ilə bağlıdır. Kənd yolları istifadəyə yararsız vəziyyətdədir. Sakinlər dəfələrlə İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edib, amma yolları düzəltmirlər. 

Rayonun daxili yollarına ayrılmış 742 min manatın isə necə xərcləndiyini görmək üçün sadəcə bir dəfə bu yollarda hərəkət etmək kifayətdir. Türkiyənin "Polat Yol Yapı Sanayi ve Ticaret" Açıq Şirkətinə havələ olunmuş işlər lazımı səviyyədə həyata keçirilmədiyi ilk baxışdan özünü göstərir. Elə bunun nəticəsidir ki, yağan yağışlardan sonra yollarda çatlarla yanaşı, çuxurlar da əmələ gəlməyə başlayıb. Verilən məlumatlara görə, görülən işlər üçün büdcədən kifayət qədər vəsait ayrılmasına baxmayaraq yerli sahibkarlardan, büdcə təşkilatlarından da əlavə pul toplanılır.

Korrupsiyanın "Oğuz modeli”

Payız və qış aylarında rayonda yaşayış daha dözülməz olur. Rayon sakinləri kəndlərdə olan dözülməz vəziyyətdən, həmçinin işsizlikdən yaxa qurtarmaq üçün paytaxta və digər bölgələrə üz tuturlar. Rayonda dolanacaq üçün normal maaş verən müəssisələr demək olar ki, yoxdur. Lakin, icra başçısına yaxın olan şəxslər rayonda tam təmin olunmuş şəraitdə yaşayırlar.

Oğuzun əsrarəngiz təbiəti, qiymətli ağac növləri ilə zəngin olan meşələri də icra başçısından öz "nəsibini” alıb. Meşə massivləri başçının yaxın adamlarının himayədarlığı ilə məhv olunur, qiymətli ağac növləri kəsilərək satılır. Bu işlərə başçının yaxın qohumlarından birinin nəzarət etdiyi bildirilir. Onun himayədarlığı altında odun biznesi ilə məşğul olan şəxslər meşələri məhv edib öz məqsədlərinə çatırlar. Bu işlə məşğul olanlar hər maşına görə başçının qohumuna «haqqını” çatdırırlar . Məlumat verilir ki, gün ərzində Oğuz meşələrindən ən azı 15-20 Kamaz odun daşınır. Bir maşının qiyməti isə nə az, nə çox düz 600 manata başa gəlir. Nəticədə Azərbaycan təbiətinin qiymətli incisi olan qədim Oğuz meşələri məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Rayonun bütün idarə və müəssisələrində korrupsiya halları gündəlik iş prinsipinə çevrilib. Səhiyyə, təhsil, suvarma sistemləri idarələrində vəziyyət xüsusilə acınacaqlıdır. Rayonda fəaliyyət göstərən 2 xəstəxana, 19 tibb məntəqəsi və 8 həkim məntəqəsində özbaşınalıq baş alıb gedir. Mərkəzi Xəstəxanaya hər il yüz minlərlə manat vəsait ayrılır. Həmin pullar tibb məntəqələrinin cari təmiri, maşın və digər avadanlıqların alınması adı altında sənədləşdirilərək mənimsənilir. Tibbi xidmət isə yox səviyyəsindədir. Əlacsız qalan insanlar müalicə olunmaq üçün qonşu rayonlara üz tutmağa məcbur qalırlar. Mərkəzi Xəstəxanada cərəyan edən hadisələrdən icra başçısının xəbəri olsa da heç bir tədbir görülmür.

Oğuzlular dərdlərini demək üçün icra başçısının qəbuluna düşmək istəsələr də onu görmək heç də hamıya müəssər olmur. Məlumatlara görə, hətta qəbul günlərində belə başçı vətəndaşları qəbul etməyə "ehtiyac” duymur.

Aldığımız məlumatlara əsasən, rayon təhsil şöbəsində, eyni zamanda Suvarma sistemləri idarəsində də vəziyyət acınacaqlı durumdadır. Təkcə son iki ildə rayon Suvarma Sisitemləri idarəsinə 500 min manata yaxın vəsait ayrılıb və həmin vəsaitlər sənədləşdirmələrdə əksəriyyəti texnikalara ehtiyyat hissələrinin, tikinti matreallarının, elektirik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Lakin məlumatda bildirilir ki, avadanlıqların alınması üçün sənədləşdirmələrdə şişirtmələrə yol verərək ayrılan vəsaitin bir hissəsi mənimsənilib. İdarə tərəfindən kəndlərdə fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi «əməliyyat»ında da hər il külli miqdarda vəsaitin mənimsənildiyi qeyd olunur.

Bundan başqa, hər il rayonun daxili büdcəsindən və Meliorasiya və Su Təsərrüfatı ASC-dən sel daşqınlarında müdafiə olunmaq üçün bəndlərin tikilməsinə, tədbirlərin görülməsinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsini rayon rəhbərliyinin "xeyir-duası” ilə mənimsənildiyi göstərilir.
Oğuz bütün sahələrdə xüsusi monopoliya yaradan Eyvaz Qurbanov həm də rayonun ən böyük "mülkiyyətçisidir”. Lakin məlumatlı mənbənin dediyinə görə, başçının bütün sərvəti qohumlarının və yaxın adamlarının adına qeydiyyatdan keçirilib. Oğuzda böyük sahəli ərazilər onun qohumlarının adına özəlləşdirilib. Bildirilir ki, rayon mərkəzində nəhəng ticarət mərkəzi inşa olunur və tikinti işlərinə başçının yaxınları nəzarət edirlər. Ticarət kompleksinin elə icra başçısına məxsus olduğu haqqında məlumat verilir.
Bu gün Oğuz rayonu problemlər bataqlığında boğulur. Bütün strukturlarda hökm sürən total korrupsiya rayonun sosial-iqtisadi inkişafını iflic edib. Rayon sakinləri yaranmış vəziyyətdən narazılıqlarını gizlətmirlər. Aldığımız məlumatlara əsasən, rayon rəhbərliyinin yürütdüyü siyasətə qarşı Oğuzda güclü narazılıq dalğası baş qaldırıb. Öz şəxsi maraqları naminə vətəndaşlarla dövlət arasında uçurum yaradan məmurların əməlləri artıq Oğuzda öz "bəhrələrini” verməkdədir. Lakin, rayon sakinləri hələ də ümid edirlər ki, rayonda Eyvaz Qurbanovun "biznes siyasətinə”axır ki, son qoyulacaq. Oğuz eli bu çətinlikdən xilas olacaq. Hər halda xalqın maraqları bir nəfərin biznes maraqlarından daha üstündür.