Şəfəqə Doğru » Gündəm » Xədicə İsmayıldan Əli Kərimli və Cəmil Həsənliyə ağır sözlər – “Ağılları yoxdur...”

Xədicə İsmayıldan Əli Kərimli və Cəmil Həsənliyə ağır sözlər – “Ağılları yoxdur...”

Xədicə İsmayıldan Əli Kərimli və Cəmil Həsənliyə ağır sözlər – “Ağılları yoxdur...”
Siyasi məhbuslarla bağlı hazırlanan siyahılar ətrafında yaranan qalmaqal böyüyür. Siyahı özlərini demokratik düşərgənin nümayəndələri adlandıran şəxsləri iki hissəyə bölüb. Hər iki tərəf bir-birinin ünvanına sosial şəbəkələr və mətbuatda kəskin ittihamlar səsləndirir.

Narazılıq oktyabrın 17-də araşdırmaçı jurnalist Xədicə İsmayılın başçılığı ilə hazırlanan 94 nəfərlik siyasi məhbus siyahısı ilə başlayıb. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvləri bu siyahının əleyhinə çıxış ediblər. Onların əsas arqumentləri 94 nəfərlik siyahıya məhkəmələri hələ başlamayan, yaxud davam edən şəxslərin də adlarının salınması idi.

Siyahı ətrafındakı qalmaqal davam etdiyi bir vaxtda hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov və Oqtay Gülalıyev tərəfindən hazırlandığı iddia olunan 166 nəfərlik siyahı peyda olub. Elə əsl qalmaqal da bundan sonra başlayıb. AXCP-nin daxil olduğu Milli Şura açıq şəkildə bu siyahıya dəstək verib. Milli Şura sədri Cəmil Həsənli Xədicə İsmayılın 94 nəfərlik siyahısını natamam adlandırıb, AXCP sədri Əli Kərimli isə sayt səviyyəsində fəaliyyət göstərən "Azadlıq”da 166 nəfərlik siyahının təbliğatına geniş yer ayırıb, 94 nəfərlik siyahının təbliğatına "stop” qoyulub.

Qarşı tərəfin reaksiyası isə özünü çox gözlətməyib. Başda X.İsmayıl olmaqla siyahının hazırlanmasında iştirak edən qrup əks tərəfi qeyri-peşəkarlıqda və ikitirəlik salmaqda günahlandırıb. Bu ittihamların əsas hədəflərindən biri də AXCP sədri Əli Kərimli olub. Qarşı tərəfin öz ittihamlarını birbaşa Kərimliyə ünvanlaması təəccüblü deyil. Hər halda, Xədicə İsmayılın facebook səhifəsində yazdığı "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər” kimi qınağından ən çox nəticə çıxarmalı olan adam AXCP sədridir. Xədicənin təbirincə, Əli Kərimli və Cəmil Həsənli araqarışdıranlardır. O, növbəti şərhində fikrini bu sözlərlə ifadə edib: "Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar”.

İş o yerə çatıb ki, AXCP sədrinin nəzarətindəki "Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli də öz facebook səhifəsində Kərimlinin adını çəkməyib, amma C.Həsənlini tənqid atəşinə tutub: "Cəmil müəllim 94 nəfərlik siyasi məhbus siyahısına "natamam" deyib, tez-tələsik hazırlanan, sanki 94-ün qarşısına çıxarılan 166 nəfərlik siyahı da tam deyil axı. 94-ü hazırlayanlar siyahının niyə 94 olmasının açıqlamasını da vermişdilər, ikitirəlik salmaq heç də yaxşı hərəkət deyil, bunu bir az ayıb da saymaq olar..."

"Kanal 13" internet televiziyasında yayımlanan ”Sizin tribuna" adlı verilişdə Xədicə İsmayılın dəstəsinin üzvü Xalid Bağırov Oktay Gülalıyevlə apardığı müzakirələrdə maraqlı nüanslara aydınlıq gətirib. Məsələn, məlum olub ki, Leyla Yunusun 166 nəfərlik siyahısında bir adamın adının iki dəfə yazılması halları ilə yanaşı, artıq azadlıqda olan şəxslərin də siyasi məhbus kimi siyahıya daxil edilməsi faktları mövcuddur. Bu kimi halların kifayət qədər çox olduğunu qeyd edən Xalid Bağırov qarşı tərəfin siyahısının tamamilə qeyri-peşəkar hazırlandığını, əksər iddiaların konkret hüquqi sənədlərə söykənmədiyini vurğulayıb. Oqtay Gülalıyev isə ünvanlarına səslənən ittihamlara eyni ritorika ilə cavab verərək, rəqiblərinin "faktları görməzlikdən gəldiklərini”, "cəsarətsiz davrandıqlarını” bildirib.

Image result for Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, bu vəziyyətlərdə ilk olaraq həbsdə olan məhbuslar nəzərə alınmalıdır:"İndiyədək mübahisələr çox olub. Amma bu dərəcədə qalmaqal olmayıb. Əvvəllər bu siyahıları peşəkar hüquq müdafiəçiləri hazırlayırdı. Bu siyahılarda nə qrant olub, nə də şəxsi mənafe güdülüb. İlk olaraq, Azərbaycanda siyasi məhbus siyahısını Novella Cəfəroğlu, sonradan Eldar Zeynalov, ardınca da Leyla Yunus hazırlayıb. Belə mübahisələrin kökündə peşəkarlığın olmaması durur. Baxışlar müxtəlif ola bilər. Hətta peşəkarlarda da bəzən mübahisələr olur. Hazırda siyasi məhbuslarla bağlı üç siyahı mövcuddur. Siyahılar maddi maraq güdülmədən, siyasi məhbuslar nəzərə alınaraq, onların taleyi öndə tutulmaqla hazırlanmalıdır. Siyahı hazırlanmaqla o demək deyil ki, həmin şəxsləri dərhal azad edəcəklər. Ölkədə bu qədər siyasi məhbusların siyahılarının olması demokratiya və insan hüquqlarının pozulma amilidir. Siyasi partiya rəhbərləri bu siyahıların hazırlanmasında iştirak edə bilməzlər. Çünki orada maraqlar önə çıxır. Cəmiyyətə təqdim olunur ki, bu partiya daha çox təzyiqlərə məruz qalır. Burada insan talelərindən söhbət gedir. Ona görə də maddi və digər maraqlar olmamalıdır”.

Hüquq müdafiəçisi dindarların siyahılara salınması ilə bağlı gedən müzakirələrə də toxundu:"Dindarların düşdüyü vəziyyətdən, onların məhkəmələrindən istifadə etmək düzgün olmaz. Eyni zamanda onların vəziyyətindən siyasi çağırışlar üçün istifadə olunmaz. Mitinqlərdə də bu tərzdə siyasi çağırışlar olmamalıdır. Bu onların vəziyyətini daha da ağırlaşdırır. Məhkəmələri bitməmiş kimsə onları siyasi məhbus adlandıra bilməz. Burada hər iki tərəfdən insan ölüb, həm polislər, həm də dindarlar tərəfdən. Onların məhkəmə prosesləri yaxından izlənilməlidir. Ədalətli məhkəmə tələb olunmalıdır. Dindarlar məni düzgün başa düşsünlər. Məhkəmələr bütün instansiyalar üzrə bitmədən onları siyasi məhbus adlandırmaq doğru deyil. Tələskənlik edib bu cür siyahılar hazırlamaq qeyri-peşəkarlığın nümunəsidir”.