Şəfəqə Doğru » Gündəm » Lerikin icra başçısının böyük iştahı

Lerikin icra başçısının böyük iştahı

Lerikin icra başçısının böyük iştahı
Rövşən Bağırov Prezident Administrasiyasında vəzifə eşqindədir

Lerik rayonunun icra başçısı Rövşən Bağırovun Bakı rayonlarından birinə, konkret olaraq Xətai rayonuna başçı gəlmək istəməsi haqda yazılıb. Politika.Az xatırladır ki, bir müddət əvvəl mediada bu barədə yayılan məqalədə bildirilirdi ki, R.Bağırov Bakı şəhəri Xətai rayonunun icra başçılığına göz dikib. Təbii ki, o, 10 ilə yaxındır Lerikə rəhbərlik edir və öz-özlüyündə artıq mərkəzə köçmək istəyini haqlı saymaq olar.

Lakin məlumatlı mənbənin Politika.Az-a verdiyi məlumata görə, R.Bağırovun iştahası son vaxtlar daha da artıb: "O, Lerikdə özünə yaxın insanlarla iştirak etdiyi məclislərin birində deyib ki, Prezident Administrasiyasında vəzifəyə gedəcək. Hətta ətrafındakı insanları da yanına aparacağına söz verib. Özünün yerinə kimin gəlməsi barədə suala isə yarızarafat-yarıciddi "kim çox pul versə o” cavabını verib”.

Qeyd edək ki, R.Bağırovun adı daim ən yarıtmaz icra başçılarının sırasında çəkilir. Ucqar rayon olan Lerikdə abadlıq-quruculuq işlərinin aparılmaması, rayon sakinlərinin daim çətinliklər, sosial problemlər içərisində olması, yerli sahibkarlara təzyiqlərin edilməsi, reyona ayrılan büdcə vəsaitlərinin talanması ilə bağlı müxtəlif vaxtlarda saysız-hesabsız məqalələr yazılıb. Belə bir yarıtmaz məmurun hətta mərkəzi aparatda işləmək istəyi təəccüb doğurmaya bilmir.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq