Şəfəqə Doğru » Gündəm » Bölgədə fantastik reallıq: - Bakı onun yanında yalan oldu

Bölgədə fantastik reallıq: - Bakı onun yanında yalan oldu

Bölgədə fantastik reallıq: - Bakı onun yanında yalan oldu
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da kirayə yaşayanların sayı kifayət qədərdir. Kəmiyyət etibarilə paytaxt Bakıda kirayə qalanların sayı isə daha çoxdur. Əlbəttə ki, bu çoxluq mənzillərin kirayə qiymətinin artımına səbəb olur.

Universitet, kollec tipli təhsil müəssisələrinin, eləcə də hərbi hissələrin yerləşdiyi regionlarımızda da kirayə mənzillərin qiyməti heç də ucuz deyil. Elə bölgələrimiz var ki, orada heç bir ali, orta-texniki təhsil müəssisələri və ya insanların başqa regionlardan gəlib əmək fəaliyyəti ilə məşğul olacağı zavod, fabrik belə, yoxdur. Lakin həmin rayonlarımızda kirayə mənzillərin qiyməti "od tutub, yanır". Belə rayonlardan biri də Şabrandır.

Şabran rayonunda orta təmirli, əşyalı mənzil kirayələmək istəyən şəxs hər ay ən yaxşı halda 250 manatından keçməlidir. Evlərini yüksək qiymətə kirayə verən bir neçə ev sahibindən bunun səbəbini soruşduq. Onlar bildirdilər ki, Şabran kasıb rayondur və rayonda əşyalı, təmiri orta səviyyədə olan evlər azdır deyə belə evlərə hər zaman tələbat olub. Bu tələbat da qiymət artımına səbəb olur.

Şabran rayon sakini Ramiz Mustafayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə kirayə qiymətlərinin baha olması ilə bağlı şikayətlənib. Rayon sakininin sözlərinə görə, iki oğlu var. Oğlunun biri yeni ailə həyatı qurub. Və gənc ailə onlar üçün yeni ev tikilənə qədər kirayə yaşamaq məcburiyyətindədir. Mustafayevlərin isə yeni qurulan ailə üçün rayonda mənzil kirayələməyə maddi imkanı çatmır.

Ramiz Mustafayev deyir ki, o, belə problemlə üzləşən tək valideyn deyil: "Mənzil imkanlarının məhdud olması səbəbindən xeyli gənc vaxtında ailə qura bilmir. Kirayə mənzillər isə o qədər bahadır ki, işsizlikdən əziyyət çəkən, yaxud da az əməkhaqqı alan gənclərin onu ödəmək imkanı yoxdur".

R.Mustafayev təklif edir ki, bu məsələlər dövlət tərəfindən nəzarətə alınsa, yaxşı olar: "Mən qiymətlərin bir şəkildə tənzimlənməsinin tərəfdarıyam".

Qeyd edək ki, Şabranda əla təmirli evin aylıq kirayə qiyməti 300 manatdan başlayır. Belə evləri tutan şəxslər, üstəlik kommunal xidmətlərin hesabını da özləri ödəməlidir. Baki şəhərində də bu qiymətə əşyalı, normal şəraitli evdə qalmaq mümkündür.

Düzdür, qonşu rayonlarda 150 AZN-ə orta təmirli ev tapmaq olar. Amma Şabranda bu qiymətə ancaq əşyasız, divarları kif bağlamış, nəmli daxma tapmaq mümkündür.

Rayon rəsmiləri isə o qənaətdədirlər ki, qədim "Çıraqqala" tarixi abidəsini, Qalaaltı mineral suyunu əhatə edən Qalaalatı kurortunun, əsrarəngiz təbiəti, gölü olan Zeyvə kəndinin burada yerləşməsi turistlərin Şabrana axınına səbəb olur. Əhali də turistlərin rayona gəlişindən müəyyən vəsait əldə etməyə çalışır. Odur ki, turist axını istər-istəməz qiymətlərə, o cümlədən də kirayə evlərin qiymətlərinin qalxmasına təsir edir.

"Qiymətləri bazar tənzimləyir. Dövlətin vətəndaşın nəyi neçəyə satmasına, evini neçəyə kirayəyə verməsinə qarışmaq ixtiyarı yoxdur. Rayon camaatı kirayədən qazandığı vəsaitdən dövlətə vergi də vermir. Halbuki qanunvericiliyə görə, onlar kirayədən qazandıqları puldan vergi verməlidir. Amma camaatın ümumi güzəranını nəzərə alıb, onlara hələlik vergi tətbiq edilmir", – deyə rayon icra hakimiyyətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

İcra nümayəndəsi onu da qeyd edib ki, əgər kirayə qiymətlərinə baxıb, bahalı evlərə yüksək, ucuz evlərə aşağı vergilər tətbiq edilsə, o zaman kirayə sahibləri də süni qiymət artımına yol verməz.