Şəfəqə Doğru » Manşet » Sərkisyan istefaya hazırlaşır - “Moskvanı da bezdirib...”

Sərkisyan istefaya hazırlaşır - “Moskvanı da bezdirib...”

Sərkisyan istefaya hazırlaşır - “Moskvanı da bezdirib...”
Ermənistandakı kritik proseslərin labüd diktəsi; İrəvanda polis binasına silahlı basqından sonra başlanan gərginlik davam edir; işğalçı ölkədə hakimiyyət dəyişikliyi nə vəd edir? İqtidara gələcək istənilən qüvvə Rusiya ilə hesablaşmaq zorundadır, çünki...; Kremlə yaxın ekspert: "Ermənistan partlayış həddindədir” 

Ermənistanda iyulun 17-də İrəvandakı polis binası silahlı qrup tərəfindən ələ keçiriləndən sonra yaranan kritik durum davam edir. Situasiyanı hakimiyyət üçün qəlizləşdirən ən mühüm amillərdən biri narazı əhalinin mühüm bir hissəsinin rejimə radikal mövqedə olan həmin silahlı qüvvələrlə həmrəylik nümayiş etdirməsi, ən radikal müxalifət kimi tanınan kəsimə dəstək verməsidir - baxmayaraq ki, polis və Milli Təhlükəsizlik Xidməti belə dəstək aksiyaların yolverilməzliyi barədə ciddi xəbərdarlıq edib. 

Narazı toplumdan güc aldığı üçün də silahlı qrup öz siyasi tələblərindən geri çəkilmək istəmir. Bu üzdən dünən də paytaxt İrəvanda gərgin keçib. Silahlılara dəstək və etiraz aksiyaları fasilələrlə davam edib. Bu aksiyalarda əsas tələblər sırasında prezident Serj Sərkisyanın istefası önə çıxmaqdadır. Hakimiyyət isə yaranmış böhranlı durumda aciz görünməmək və simasını saxlıamaq üçün aksiya iştirakçıları arasında həbslər həyata keçirməkdədir. 

Xəbər verdiyimiz kimi tutulanlar arasında ASALA terrorçusu Alik Yeniqomşyan da var. Onun harada saxlandığı barədə mətbuata məlumat verilməyib. Polislə atışmada yaralanan başqa bir silahlı şəxs - Pavel Manukyan isə əməliyyatdan çıxar-çıxmaz aclıq aksiyasına başladığını bəyan edib. Rusiyanın "Kommersant” qəzetinin xəbərinə görə, Manukyanın vəkili İnessa Petrosyan onun ittihamları qəbul etmədiyini və aclıq aksiyasına başladığını söyləyib.

Bəs hadisələrin labüd sonluğu necə görünür? Düşmən ölkədə son baş verənlər bu xüsusda yerli və xarici siyasi ekspertlərin də maraqlı rəy və şərhlərinə səbəb olub. 
"Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, situasiya normallaşmayacaq”. Bu barədə İrəvandakı mətbuat konfransında müxalif mövqeli "Öz müqəddəratını təyinetmə” Birliyinin rəhbəri Paruyr Ayrikyan jurnalistlərə açıqlamasında ölkədəki son prosesləri dəyərləndirərkən deyib. 

Onun sözlərinə görə, hakimiyyət konflikti qansız həll etməklə bağlı vədinə xilaf çıxıb və dinc insanlara güllə atmağa başlayıb. "Bu isə o deməkdir ki, onlar başlarını itiriblər və sübut edirlər ki, mövcud hakimiyyətə inanmaq olmaz. Ancaq iqtidar başa düşməlidir ki, indi adamları öldürmək onun üçün çox əlverişsizdir” - Ayrikyan qeyd edib. Siyasətçi dövlət binasını silahlı yolla ələ keçirmiş şəxslərə qarşı hakimiyyətin güc tətbiq edəcəyini də istisna edib. "Binanı tutanlar hakimiyyət dəyişməyincə oranı tərk etməyəcək”, - deyə o xəbərdarlıq edib.

Vəziyyətə Rusiyadan olan ekspert baxışları da maraqlıdır. Məsələn, Rusiyadakı nüfuzlu "Valday” Klubunun eksperti (bu Klubun illik müzakirələrinə prezident Vladimir Putin də qatılır), REA-nın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, Lomonosov adına Moskva Dövlət Universitetinin (MQU) dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko hesab edir ki, Kremldə də Sərkisyandan narazılıq artıb: "Ancaq biz əgər daima Ermənistana təzyiq eləsək, o zaman Ermənistan sadəcə, partlayacaq və biz daha bir anti-Rusiya dövləti qazanacağıq”. 

Analitik fikrini daha detallı izah eləmək üçün Qarabağ problemi ətrafındakı son duruma diqqət yönəldib: "Dağlıq Qarabağ məsələsində Moskvanın mövqeyi Azərbaycana daha yaxındır, nəinki Ermənistana. Rusiyanın mövqeyi üç məqamdan ibarətdir: birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın onun tərkib hissəsi olduğunu rəsmən tanıyırıq. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq. Üçüncüsü isə Rusiyanın və KTMT-nin Ermənistana verdiyi zəmanətlərdən heç biri Qarabağ məsələsində işləmir. Bunu başa düşmək üçün Rusiya XİN-in bəyanatını oxumaq kifayətdir” - ekspert qeyd edib. 

Onun fikrincə, aprel ayında təmas xəttində situasiyanın qəfil kəskinləşməsi nizamlamaya dair Madrid prinsiplərini tamamilə basdırıb və Azərbaycan Ordusunun gücünü açıq şəkildə nümayiş etdirib. "Azərbaycan bununla göstərdi ki, müharibənin nəticələri heç də bütün bu illər ərzində Ermənistanda bir çoxlarına göründüyü kimi deyil, müharibə bitməyib. Üstəlik, Azərbaycan sübut elədi ki, döyüş əməliyyatları başlayarsa, real cəbhəni yarıb müharibəni Dağlıq Qarabağın içərilərinə keçirə bilər” - Fenenko vurğulayıb.

Rusiyalı ekspert son olaylar fonunda da hesab edir ki, hazırda Moskva Azərbaycandan daha çox Ermənistana təzyiq edir. "Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarmalı olacaq” - təhlilçi qeyd edib. Məsələ də ondadır ki, Sərkisyan ən çox narahat edən, onu heç vaxt olmadığı qədər istefa haqda düşünməyə vadar edən, siyasi və hərbi opponentlərinin mövqeyini isə gücləndirən də bu sərt gerçəklikdir. 

Qarabağa dair son danışıqların detallarının ciddi şəkildə gizlin saxlanmasının səbəblərinə gəlincə, analitik "Rusiyada Ermənistandakı qaynar başlardan çox ehtiyat edirlər” deyib. "Rusiya hakimiyyəti öz ölkəsinin ictimaiyyətindən də ehtiyatlanır ki, Kreml daha bir müttəfiqini satmaqda suçlana bilər. Bu üzdən istənilən konkretlik situasiyanı partlada bilər” - politoloq sonda əlavə edib. 

Beləliklə, İrəvandakı kritik proseslərdə bilavasitə Qarabağ məsələsinin mərkəzi faktor, proseslərin "detonatoru” kimi çıxış etdiyinə şübhə qalmır. Ancaq Ermənistanda Dağlıq Qarabağ məsələsində radikal mövqe tutan bir dəstəni - "Qarabağ klanı”nı digər, daha radikal bir dəstə əvəzləsə, nə dəyişəcək? Aydındır ki, o halda işğalçı ölkə kövrək sülh danışıqlarından da çıxmış olacaq. Demək, müharibə variantı bütün ciddiliyi ilə gündəmə gələcək. Bu müharibədən isə nəinki Sərkisyan rejimi, iqtidarlı-müxalifətli bütövlükdə Ermənistan çıxa bilməyəcək. 

O ki qaldı Serj Sərkisyanın taleyinə, yaranmış situasiyada onun istefası doğrudan da labüd sonluq kimi görünür. Lakin bir şey var ki, onu əvəzləyəcək istənilən qüvvə Rusiya amili ilə hesablaşmaq zorundadır. Əks halda Ermənistan adında dövlət olmayacaq.