Şəfəqə Doğru » Manşet » Uşaq bağçaları özəlləşdirilir?

Uşaq bağçaları özəlləşdirilir?

Uşaq bağçaları özəlləşdirilir?
Məktəbəqədər təhsil müəssisələrinin pullu olması, özəlləşdirilməsi və ödəniş haqqının maksimum 500 manat olması təklif edilir. Bu təklif Milli Məclisin Elm və təhsil komitəsinin dünənki iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.

Komitə sədri İsa Həbibbəylinin sözlərinə görə, özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir: "Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərində maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik".

Həbibbəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: "Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur".

Dediyinə görə, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan "Məktəbə qədər təhsil haqqında" qanuna bu məsələnin salınmasını təklif edir.

Femida.az xəbər veriri ki, Azərbaycan Təshsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilərək pullu olması - bu cür yanaşma ümumiyyətlə, xalqın sosial vəziyyətinin nəzərə alınmaması deməkdir. "Ataların sözü var: "Toxun acdan xəbəri olmaz". İndi tox adamlar bir yerə yığışaraq, acları yaddan çıxarıblar. Yəni aşağı səviyyədə yaşayan insanları yaddan çıxarıblar və belə təkliflər irəli sürürlər. O qərarlara öz münasibətini göstərən və o cür düşünən adamlar böyük hörmət etdiyim və içərisində yaxın münasibətdə olduqlarım da var. Buna baxmayaraq, düşünürəm ki, bu, səhv addımdır" deyən müsahibimizin sözlərinə görə, dövlət müəssisələrini dövlət xərc qoyub yaradıb, dövlət onu fəaliyyətə gətirib, dövlətin xalqla əlaqələri dövlət müəssisələri vasitəsilə olur. Dövlətlə xalqın əlaqəsini tamamilə qırmaq ideoloji cəhətdən tam yanlış addımdır. Ona görə də, uşaq bağçaları, məkətəbəqədər təhsil müəssisələrini kim özəl yaradır, yaratsın. "Amma dövlət bağçalarının özəlləşdirilməsi tamamilə yanlış addımdır. Özəl olanda valideynlərin məcbur qalıb pul verməsi məqsədəuyğun deyil. Düşünürəm ki, parlamentdəkilərin əksəriyyəti bu cür təkliflərin əleyhhinə çıxacaq. Dövlətin məktəbəqədər təhsildən, yəni təhsilin əvvəlindən başlayan hissəsindən xalqla olan əlaqələrin əksinə möhkəmlənməsinə çalışacaq. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu daha da artıracaq, şəraitini yaxşılaşdıracaq və imkan verəcək ki, ilkin, məktəbəqədər təhsil yüksək səviyyədə olsun. Düşünürəm ki, dövlət məktəbəqədər və təhsil müəssisələri dövlətin nəzdində, himayəsində qalmalıdır".

Ə.Ağayevin dediyinə görə, "Təhsil haqqında" qanunda yazılır ki, ümumi, orta təhsil icbaridir və dövlət tərəfindən onun həyata keçirilməsinə şərait yaradılır: "Dövlət hər bir vətəndaşın təhsil almasına təminat verir. Bu, qanunun müddəalarıdır. Dövlət də xalqın arzu, istək və şəraitini nəzərə almalıdır. Milli Məclis nəzərə almalıdır ki, dövlətin qanunları düzgün yerinə yetirilsin. Xalqın istəyi də düzgün yerinə yetirilsin".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə bildirib ki, pulsuz məktəbəqədər təhsil müəssisələrini yüksək səviyyəyə çatdırmaq üçün dövlətin kifayət qədər vəsaiti yoxdur: "Bu nəzərə alınaraq, bu cür təkliflər irəli sürülə bilər. Amma dövlət təhsil və məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi düzgün deyil. Özəl təhsil müəssisələri də ola bilər. Amma dövlət təhsil müəssisələri mütləq olmalıdır. Əhalinin imkansız təbəqəsinin övladları üçün də bərabər təhsil almaq imkanları yaradılmalıdır və buna ehtiyac var. Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi bugünkü şəraitdə düzgün deyil. Məktəbəqədər təhsil müəssisələrində maksimum ödənişin 500 manat təyin edilməsi də, əksər uşaqların məktəbəqədər təhsil müəssisəsindən yayınmasına gətirib çıxaracaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev əməkdaşımıza bildirib ki, müxtəlif inkişaf etmiş ölkələrin təhsil modelinə görə pulsuz dövlət təhsil müəssisələri var: "Məsələn, alman təhsil modelinə görə, məktəbəqədər təhsil, orta təhsil, ali təhsil pulsuzdur. Dövlət Almaniya vətəndaşına təhsili pulsuz verir. Yaponiyada da belədir. İnkişaf etmiş bir sıra ölkələrdə xalqın təhsili önəm daşıyır, bu, strateji məsələdir. Onlar maksimum dərəcədə təhsili pulsuz etməyə çalışırlar ki, əhali tam şəkildə təhsilin imkanlarından istifadə edə bilsin".

Azərbaycanın iqtisadi göstəricilərinin normal olduğunu deyən ekspertin bildirdiyinə görə, bu səbəbdən də bugünkü gündə Azərbaycanda əhalinin kostitusiyon hüququ odur ki, təhsil əlçatan olmalıdır. "Dövlət nəzdində olan bütün və ya əksər məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi düzgün deyil. Aztəminatlı insanlar da təhsil ala bilməlidir. Dövlət adında olan müəssisələr pulsuz olmalıdır. Özəl sektorun inkişafna isə şərait yaradılmalıdır ki, özəl sektor özü təşkil etsin, özü tiksin. Kim istəyirsə, imkanlıdır, pulu var, gedib orda uşağını oxutsun. Dövlət ümumilikdə əhalinin qayğısına qalıb, aztəminatlı ailədən olanların qeydinə qalıb təhsili pulsuz təşkil etməlidir".

Atakişiyev əlavə edib ki, aylıq 2500 manat maaş alan deputat öz övladını özəl bağçaya qoya bilər, özəl məktəbdə oxuda bilər. "Amma 250-350 manat əmək haqqı alanlar uşağını özəl məktəbəqədər təhsil müəssisəsində necə oxudacaq?", - deyə ekspert vurğulayıb.