Şəfəqə Doğru » Manşet » Samir Şərifovun adamlarına Rusiyada cinayət işi başlanıb

Samir Şərifovun adamlarına Rusiyada cinayət işi başlanıb

Samir Şərifovun adamlarına Rusiyada cinayət işi başlanıb
Cahangir Hacıyev: "Başqa dəlil yoxdur, məni ailəmlə şantaj eləməyə keçmisiz?”

"90-cı illərin əvvəllərində "qara bazar”da valyuta mübadiləsi ilə məşğul olan nazirdən bundan artığını gözləməyə dəyməz”


Beynəlxalq Bankın keçmiş prezidenti, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin məhkəmədəki son sözünün tam mətni "Azadlıq”a daxil olub.

Qaralama əməliyyatlarının baiskarı Maliyyə Nazirliyidir

Bu olaylardan bir ilə yaxın vaxtdır keçir. Son məhkəmə iclası olduğundan bəzi məsələləri qısa da olsa, çatdırmaq istəyirəm.

Düz il yarım bundan qabaq – 2015-ci il aprel ayında mən xaricdə olsam da, bir çağırışla Azərbaycana qayıtdım. Məhkəmədə dövlət ittihamçısı belə bir söz işlətdi ki, mən həmin vaxt şahid qismində çağırılmışdım və dindirilmişdim. Cinayət işi aprel ayında açılmışdı, amma şübhəsiz ki, bundan öncə hazırlıq işləri gedir. Bunu hər kəs bilir ki, cinayət işi apreldə açılsa da, Beynəlxalq Bankın keçmiş rəhbərliyi, həmçinin əlaqəsi oldu-olmadı, digər şəxslər barəsində hər zaman qaralama əməliyyatları olub. Bunun baiskarı isə hər kəsə bəlli olan Maliyyə Nazirliyidir.

Yəni demək istəyirəm ki, mən gəlməyə bilərdim. Amma bir zəng və mən istənilən köməyi geri qaytara bilmədim, bank sistemində olan böhranın həlli üçün ölkəyə qayıtdım. Qayıtdıqdan sonra tamam başqa ab-hava gördüm. İşdən zərrə qədər anlayışı olmayan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bankın Problemli Kreditlər Departamenti kimi fəaliyyət göstərir və 500-600 manat borcu olan şəxsləri belə, incitməkdə davam edirlər. İstintaqın çox bəh-bəhlə iddia etdiyi 400 milyon krediti onlar qaytarmayıblar. Bilavasitə mənim köməyimlə o kreditlər qaytarılıb və əksər hissəsi də səhmlərin təhvil verilməsi hesabına əldə edilən rəqəmlərdir. Sonradan bəlli oldu ki, Maliyyə Nazirliyi 184 milyonluq səhmləri alıb, vədinə əməl etməyib, və səhmlərin realizə edilməsi nəticəsində əldə olunan vəsaiti ehtimal olunan gecikmiş kreditlərə yönəltməyiblər.

Əlbəttə, bütün fəaliyyətlər kimi, mənim fəaliyyətim də qüsursuz deyil. Ola bilsin ki, müəyyən fəsadlar olub. Amma digər sahələrlə müqayisədə bizim gördüyümüz işlərlə onların gördüyü işlər qətiyyən müqayisə edilə bilməz. Mən heç də peşman deyiləm ki, 20 ildən artıq mövcud hakimiyyətlə işləyən bir şəxs kimi, ən azı, minlərlə iş yeri açmışam.

Əlimizdə video-görüntülər var

Ümumiyyətlə, cinayət işi Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayevin ərizəsi əsasında açılıb. Əvvəla, əfsuslar olsun ki, məhkəmə olaraq, Emil Mustafayevdən soruşağa imkan yaratmadınız ki, bu ərizəni kimin diqtəsi ilə yazdığını ondan soruşaq. Ümumiyyətlə, bu layihələrdən və kreditin yönəldildiyi sferalardan onun xəbəri varmı? Əlbəttə, "yox” deyəcəkdisə, bziim özümüzə görə qeydlərimiz, həttda video-görüntülər var ki, o layihələrə birbaşa Emil Mustafayev faktiki rəhbərlik edib. Aylıq hesabatlar və hesablaşmalar məhz layihə rəhbərləri tərəfindən Emil Mustafayevə edilib. Amma məhkəmə təktərəfliliyini bir daha büruzə verdi və Emil Mustafayevə nə məni, nə vəkillərimi, nə də digər müdafiəçilərin sual verib, onun dediklərinin əksini sübut etməsinə imkan vermədi. Əlbəttə, burada şübhə yaranır ki, məhkəmə ya öz mülahizəsilə, ya da tapşırıqla Beynəlxalq Bankın indiki rəhbərliyini qorumağa boyun olub. Məhkəmə gedişatda qeyd etdi ki, "narahat olmayın, sonrakı mərhələlərdə Emil Mustafayevi yenidən şahid kimi dindirməyə cəlb edəcəyik”. Amma nə oldu? Məhkəmə tamaşası vədinə əməl etmədən, tələm-tələsik yekunlaşdı.

Samir Şərifov digər layihələr kimi, o bankın da axırına çıxdı

Mənə hələ də maraqlıdır, kredit məsələləri nə zamandan "bandotdel” adlanan bir qurumun səlahiyyətindədir?

Dövlət ittihamçısı səthi olaraq bəzi məsələlərə toxundu, amma işin dərinliyinə varmadı, yaxud da varmağa cəsarət etmədi. Dövlət ittihamçısı Beynəlxalq Bankın Moskva törəmə bankından danışdı. Heydər Əliyevin bir tapşırığı ilə iki həftə ərzində Rusiyada, elə onun iştirakı ilə törəmə bank açmışıq. Oradakı o Mərkəzi Bankın əfsanəvi sədri Geraşenko demişdi ki, Rusiyanın 170-180 illik bank tarixi ərzində heç bir bank iki həftəyə açılmayıb. Bizim dövrümüzdə həmin bank Rusiyadakı 1300 bank arasında 100-lüyə daxil idi. Hər zamn likvidliyi ilə seçilən banklardan olub. Nə oldu, qısa müddət ərzində Samir Şərifovun yarıtmaz siyasəti və səriştəsiz kadrları təyin etməsi nəticəsində digər layihələr kimi, o bankın da sonuna çıxdılar.

Mən yenə Azərbaycana qayıtdıqdan sonra həmin məsələnin müsbət həll edilməsi yönündə öz töhfələrimi vermişəm. Qısa müddətdə Rusiya dövlət bankından – 100 faiz dövlətə məxsus olan "Rosselxozbank” tərəfindən məktub alınıb və oradan nümayəndə heyəti ölkəmizə dəvət olunub, baş nazirin birinci müavininin yanında aidiyyəti olan şəxslər çağrılıb və müzakirələr aparılıb. Müzakirələr nədən ibarətdir? Müzakirələr bu gün batmış hesab edilən Moskva bankının 1 milyard dollara yaxın kredit portfelinin, o cümlədən həmin o fiziki şəxslərə verilən kreditlərin satın alınması barədə idi. İkincisi, bu məsələ dövlət başçıları səviyyəsində – Rusiya prezidentinin Azərbaycana səfəri zamanı – iyunun 13-də müzakirə olunmuşdu və onların xeyir-duası verilmişdi. Əfsuslar olsun ki, məhz maliyyə naziri və indiki bankın menecmenti tərəfindən bu məsələnin qarşısı ümumiyyətlə alındı. Və nəticədə, bu gün həmin o kredit portfeli, o cümlədən bu kreditlər batmış hesab edilir və reallıqda da batıb.

Nəticədə nə oldu? Beynəlxalq Bankın Moskva filialı qısa müddətdə faktiki iflas olub, onların rəhbərləri barəsində "çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi başlanıb, bank lisenziyasını itirmək üzrədi.

Samir Şərifovun adamları barəsində cinayət işi gedir

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, ictimaiyyətə açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan Beynəlxalq Bankın Moskva bankının rəhbərliyi barəsində "çirkli pulların yuyulması” ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də də təcridxanadan mən idarə etmişəm?

Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri "cinayətkar qrup kimi” təqdim etməyə öyrəşmisiz. Maliyyə Nazirliyinin rəhbərlmiyi bu gün leqal yollarla deyil, bu gün cinayətkar aləmlə əlbir olub, Beynəlxalq Bankın Moskva bankını ayaqda tutmağa çalışır.

600-700 milyon dollar vəsait batdı

Həmçinin 2015-ci ilin aprel ayında ölkəyə qayıtdıqdan sonra mənim tərəfimdən qısa zamanda "Qazprom”la Metanol zavodunun işlədilməsi istiqamətində danışıqlar aparılmışdı, "Qazprom”la SOCAR arasında ölkəyə 2 milyard kub qazın gətirilməsi haqqında müqavilə bağlanmışdı. Onun 750 milyon kub metri məhz Metanol zavoduna verilmişdi. Və qısa müddətdə – 2 ay ərzində 9-10 milyon kredit qaytarılmışdı. Lakin Maliyyə Nazirliyi maneə törətməklə bu proseslərin qarşısını aldı. Metanol zavodu ilə "Qazprom” arasındakı əməkdaşlıq müqaviləsinin tam sürətilə davam etməsinə Maliyyə Nazirliyi məneə oldu və kontrakt pozuldu. Baxın, bu gün Metanol zavoduna qoyulan sərmayələr – hardasa 600-700 milyon dollar vəsait demək olar ki, batdı.

Nəyə görə Metanol zavodu işləmir? Bir adam desin də!

Buradan da Azərbaycan ən azı, 350 milyon dollar itirdi

Albaniyadakı Neftayırma zavodları Azərbaycanın, Beynəlxalq Bankın sərmayələri hesabına idi. Şirkət tapıldı, şirkətə müvafiq investor da tapıldı. Və onlar haqqında məruzə olundu ki, bu şirkət Albaniyadakı zavodları götürüb, üstündə olan 300-350 milyon dollar kreditlərin 2-4 il ərzində qaytarılmasını təmin edir. Maliyyə Nazirliyi tərəfindən bunun da qarşısı alındı. Bu gün məndə olan məlumata görə, həmin o neftayırma zavodları 2 portla birlikdə başqa bir Kanada şirkətinə verilib. Buradan da Azərbaycan ən azı, 350 milyon dollar vəsait itirdi.

Amma mənim keçirdiyim əsas hiss qurur hissidir. Bu hiss nədən ibarətdir, nəyə görədir? O gün dövlət ittihamçısı deyir ki, yəqin, Cahangir Hacıyev özü də qəlbində başa düşür ki, düzgün eləməyib. Əvvəla, əzizim, mənim iş stajım sizin yaşınızdan artıqdır. Mən heç nə qəlbən, nə zahirən, nə daxilən heyfslənmirəm. Fəxr edirəm ki, minlərlə iş yeri yaratmışıq, yüzminlərlə adamın çörəyini vermişik.

Bizim layihələri prezidentinizə öz uğurunuz kimi məruzə edirsiz

Prezidentə son on illərin kənd təsərrüfatının uğuru kimi, məhz mənim layihələrim, bizim yaratdığımız infrastrukturu təqdim edirlər. Faktini olaraq, ölkə başçısına səhv məlumat verirlər. Sual çıxır ki, ay Maliyyə Nazirliyi, bizə qarayaxma ataraq, "toksik aktiv” adlandırdığınız layihələri hansı üzlə son illərin uğurları kimi ölkə başçısına təqdim edirsiz? Sizin yalanlarınız bir gün mütləq tarix qarşısında hesabat verməyinizə əsas olacaq. Həmin layihəni Samir Şərifov yaradıb? Yoxsa hörmət elədiyim Məmməd Musayev? Kim yaradıb?

Xaçmazda 5 min hektar fındıq bağları salınıb, suvarma sistemilə birlikdə, prezidentinizə məruzə edirsiz. Həmin o layihəni prokurorun 12 il həbs cəzası istədiyi Azad Cavadov bizim maliyyə dəstəyilə yaradıb.

Tütündü, pambıqdı… iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Heydər Əliyevin bir tapşırığı ilə ölkədə ipəkçilik, pambıqçılıq sahəsində xeyli müəssisələri maliyyələşdirib, xaricdən avadanlıqlar gətirmişik. Bu bizim tərəfimizdən görülən işlərdir və onlarla belə misal çəkə bilərik.

"Bandotdel” bacım barədə yalan məlumat verir

İndi isə baxaq görək, istintaq tərəfindən hansı işlər görülüb? Faktiki olaraq, mayın 2-dən – Azad Cavadovun həbsilə həmin o idarə tərəfindən nəinki Azərbaycanda, ümumiyyətlə, yaxın, qonşu ölkələrdə misli görünməyən hüquq-mühafizə "terroru” başladı. Bu terror nədən ibarət idi? Bu günün özündə də təxminən 7500-8000 nəfərin ölkədən çıxışına "stop” qoyulub. Ölkəni tərk edə bilmirlər. Həyin əsasında? Bilinmir! 500 manat, yaxud 500 dollar krediti olduqlarına görə?!

Minlərlə insan məhz həmin idarənin sayəsində işsiz qaldı. Bütün layihələr dondu, regionlarda illərdir əziyyətini çəkdiyimiz infrastruktur məhv oldu, qapılarına qıfıl vuruldu, rəhbərləri və ailələri olmazın məhrumiyyətlərlə üzləşdi, həbs olundu, qanunsuz olaraq "bandotdel”də saxlanıldı. Mənim bacımın banka və kreditlərə nə aidiyyəti var? O, niyə "stop”dadı? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz "stop”un götürülməsi üçün ərizə yazılır, cavab verirlər ki, "Əminə Hacıyeva filan şirkətdə təsisçi olub, ona görə onun çıxışına qadağa qoyulub”. Bu məlumat da yalandır, çünki hüquqi şəxslərin dövlət reyestrinə baxdıqda görünür ki, bacımın həmin şirkətə aidiyyəti yoxdur, nəticə etibarilə cavab məktubu reallıqdan uzaqdır.

Rəhmətə gedən anamızın sənədlərini bizim məşhur ASAH Xidmət, yaxud Ədliyyə Hazirliyinin tabeliyində olan qurumlar niyə təsdiqləmir? Buna "terror” deməyim, bəs adını nə qoyum?

Aprel ayından başlayaraq, dekabra, ondan sonra da məhkəməyə qədər istintaqla əməkdaşlıq etmişəm, 11 dəfə ifadə vermişəm. Və hamısını bir-bir göstərmişəm ki, bu vəsaitlər, fiziki şəxslərə verilən kreditlər, hardadır, hansı lahiyələrdədi. Əfsuslar olsun ki, bu qurumun ümumiyyətlə, bank sistemindən anlayışı yoxdur. Müstəntiqlərə oturub bank sisteminin əsaslarını başa salırdım ki, debit nədir, kredit nədir. Bu anlayışı olmayan qurum istintaqı necə apardı? Hər şey gözümüzün qarşısındadır. Məhkəmə kimi, onlar da səthi yanaşaraq, bu işdən bezmiş adamlar kimi, hər şeyi başdan sovdu elədilər. Heç nəyə baxmayaraq, dekabrda həbs olundum.

Məhkəmənin bu dərəcədə alət olacağını gözləmirdim

İndi isə gələk, ittihamın özünə. Bizim açığı, hardasa ümidimiz vardı ki, ibtidai istintaqda hansısa məsələlər öz əksini tapmasa da, məhkəmə istintaqında həmin sualların cavablarını taparıq, ən azı, məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, bizi heç burada da eşitmədilər. Məhkəmənin bu dərəcədə alət olacağını gözləmirdim. Otuza yaxın vəsatət qaldırdıq, heç biri təmin olunmadı. Maraq üçün heç olmasa, birini təmin edərdiniz.

İttihamda verilən əsas məqamların üstündə dayanmaq istəyirəm. İbtidai istintaq zamanı fiziki şəxslərə verilən kreditlər, həmin kreditlərin istiqamətləri, orada olan lahiyələr barədə sənədləri gətirib təqdim elədik. Elə burada da Albaniyadan sənəd gətirib təqdim eləmişik. Amma elə bil ki, istintaqda yerimizi dəyişmişdik. Onlar bizə mənimsəməni sübut etməkdənsə, biz onlara sübut elədik ki, pullar layihələrdədir. O layihələr də Samir Şərifovun, Hüseyn Mayayevin idarəçiliyindədir. O layihələrin Beynəlxalq Banka aidiyyəti yox idisə, pullar mənimsənilmişdisə, hansı haqla, hansı üzlə o layihələri idarəçiliyinizə almısız?

Əlbəttə, bu, bir daha sübut edir ki, istintaq və məhkəmə qərəzlidir, obyektivlikdən, reallıqdan uzaqdır. Dəfələrlə layihələrin fəaliyyətinə dair sənədləri, o cümlədən girov sənədlərini tələb etsək də, ya Beynəlxalq Bank, ya istintaq, ya da məhkəmə bu məsələdə maraqlı olmadı.

21 cildlik cinayət işində mənimsəməyə dair dırnaqarası ekspertizalardan başqa heç bir sübut yoxdur. Burada da 9 vəkil hamısı bir-bir çıxış edib, bunu sübuta yetiriblər. Halbuki, subuta yetiriləsi bir şey yoxdur. Bir dənə ifadə yoxdur ki, kimsə vəsaiti götürüb cibinə qoyub. Hardadır burda mənimsəmə? Bir nəfər mənə bunu başa salsın.

Heç olmasa, üzümə adam qoyaydınız, evimə silah ataydınız…

Mütəşəkkil cinayət qrupla bağlı ittihama gəlincə, elə adamlar var ki, ümumiyyətlə həyatımda onu bir və ya iki dəfə görmüşəm. Burada oturanlardan Yusif Ələkbərov başqa bir işlə əlaqədar həbsxanada cəzasını çəkdiyi halda, mən bu adamla necə mütəşəkkil qrup yarada bilərəm? Yaxud da başqalarıyla. Bunun nə əsası, nə də sübutu var. Hə ibtidai istintaq, nə də məhkəmə istintaqı özünə zəhmət verib heç bir sübut ortaya qoymadı. Heç olmasa, Azad Cavadovun evindən iki həftə sonra silah "tapdığınız” kimi, mənim də üzümə bir adam qoyaydınız, evimə silah ataydınız.

Silah əməliyyatının cəfəngiyyat olduğu məhkəmədə sübuta yetirildi, şahid Azad Cavadovun əvəzinə, İbrahim Hüseynovu göstərdi. Buna baxmayaraq, məhkəmə yenə də Azadın evindən silah çıxması barədə ittihamı təsdiq edəcək.

Maliyyə naziri 350 milyonu mənimsəyib, niyə araşdırmırsız?

Verilən kredit kartlarına, mənim ailə üzvlərimə və başqalarına məxsus olan kartlara gəlincə, əvvəlcə Rusiya vətəndaşlarına məxsus kartlardan başlayım. Dəfələrlə ibtidai istintaqda da demişəm ki, Moskva törəmə bankının işçilərini dəvət edin, tapa bilmirsinizsə və ya istəmirsinizsə, o zaman "Skype”, telefon vastəsilə soruşun ki, bu vəsait hara gedib? O, 3 nəfərin ifadəsində harda yazılıb, kim deyib ki, o vəsaitlər mənim şəxsi hesabıma gedib? O vəsaitlər bilavasitə layihələrə gedib. O sənədləri niyə tələb eləmədiniz, niyə gətirmədiniz?

Ailə üzvlərimə və mənə məxsus olan kartlara gəlincə. Dövlət ittihamçısı, inciməyin, başa düşürəm, sizə də göstəriş veriblər, belə bəh-bəhlə o kartların xərc hissəsini oxudunuz – gözəllik salonu, nə bilim təyyarə bileti və s. Əvvəla, hansısa etik normalar var, nə dərəcədə düzgündür ki, siz bunu bir-bir, saatlarla oxuyursuz. Hər işin bir məhrəm nöqtəsi var, həmçinin istintaqın da. Başqa dəlil yoxdur, məni ailəmlə şantaj eləməyə keçmisiz?

Həmin gözəllik salonuna xərclənən pulların toplam dəyəri 10 min dollar eləmir, budurmu mənimsəmə? Digər şəxslərə, onların xanımlarının, ailə üzvlərinin kartlarının dövriyyəsi haqda araşdırmağa aparmağa prokurorun cürəti çatarmı? Mümkün deyil, ən azı, mən və digər şəxslər burada hazırda dövlətdə təmsil olunan digər şəxslərin vəsaiti mənimsəməsi barədə ortaya faktlar qoymuşuq. Məsələn, "Azərinşaatservis” ASC-də 350 milyon dolları Samir Şərifov mənimsəyib, bunu audit rəyi də sübut edib. Bəs aydınlaşdırmırsınız, aiia ailə üzvlərim gözəllik salonuna getdi, yaxud mağazadan parfümeriya aldı məsələsini qabardırsınız? Şou yaratmaq istəyirsiniz? Ondansa, dediyim faktları araşdırın. Yox, cürətiniz çatmırsa, istintaqın belə, məhrəm məsələsi olduğunu düşünün və dilə gətirilməli şeyləri dilə gətirin. Əks halda, sussanız və sadəcə, ittihamı müdafiə etsəniz, daha hörmətli olarsınız. Onsuz da ittiham sifarişlədir, burada vəkillərin, prokurorun və hakimin rolu qətiyyən yoxdur.

Şirkətlər maliyyə naziri və Beynəlxalq Bankın indiki rəhbərinindir

Digər tərəfdən, ailəmə verilən kreditlər səhmlərin alınmasına yönəldilib, 184 milyon manatlıq səhmimiz Beynəlxalq Banka qaytarılıb. Siz 100 faiz dəqiqliyi ilə Samir Şərifovun sözlərini təkrarlayırsız ki, guya, mən "bir cibdən, o biri cibə” qoymuşam. Bir cibdən kimin cibinə? Cahangir Hacıyevin cibinə qoyulmuşdu? Ya burada oturanların cibinə qoyulmuşdu? O pulların hamısı Bankın kapitalının möhkəmləndirilməsi üçün səhmlərin alınmasına yönəldilib. 184 milyon manatlıq səhm yazıb qaytarmışıq banka – alğı-satqı müqaviləsi ilə. Hardadı o? Bir adam soruşur ki, o vəsait hardadı? 2015-ci il dekabr ayının 6-da həmin o idarədə mən, Ramil Usubov, Zakir Qaralov və Beynəlxalq Bankın Müşahidə Şurasının sədri, Maliyyə nazirinin müavini Azər Bayramov olmuşdu. Bu məsələ orada müzakirə olunmuşdu. Həmin o Azər Bayramov ki, qoymadınız onu da bura çağıraq o sualları ona da verək, orada demişdir ki, o vəsaitlərə kreditləri bağlamışıq. Onun 104 milyonu ilə bilavastə səhmlərin alınması üçün verilən kreditlər bağlanmışdı. Başqa fiziki şəxslərin 80 milyonu hardadı? Audit komitəsinin sədri Ziyəddin, soyadı yadıma gəlmir, imkan vermədiniz ki, onu da bura çağıraq, istintaqda soruşanda hamının yanında təsdiqləyirdi ki, kreditlər səhmlərin alınmasından ötrü götürülüb. Alqı-satqı müqaviləsi əsasında, 2015-ci il iyulun 1-dən Qiymətli Kağızlar Komitəsində ATİ proqramlar qurulur. Və ondan sonra biz o səhmləri yönləndirəcəyik bu kartların bağlanmasına. Niyə imkan yaratmadız o adamları bir-bir çağıraq və mən bu suaları onlara verim. Yenə deyirəm, 47 milyonu təyyarə biletlərinə vermək mümkün deyil. Gərək sutkanın 25 saatını uçasan, heç o da bəs eləməz.

O da olmadı, dedi ki, vəsait gedib Luksemburq ofisinə və orada işləyən, qeydiyyata alınan şirkətlərə. O şirkətlər mənim səhmlərimi vermir. Bütün şirkətlərə nə dediniz ki, qaytarmadılar? O şirkətləri bu gün yoxlasaydınız, sübuta yetirilərdi ki, Maliyyə naziri və Beynəlxalq Bankın indiki rəhbərinə məxsus olan şirkətlərdir. Onların nə mənə, nə də burada oturanlara heç bir aidiyyəti yoxdur. Ay hörmətli prokuror, vəsaiti axtarırsan? Vəsait oradadır, burada olanların cibində deyil. Yoxlasaydınız, həmin sənədləri, gətirtsəydiniz, özünüz aydın şəkildə görərdiniz.

İndi heç nəyi gizlətmək mümkün deyil