Şəfəqə Doğru » Manşet » “14 fevralı niyə qeyd etməliyəm?”

“14 fevralı niyə qeyd etməliyəm?”

“14 fevralı niyə qeyd etməliyəm?”
Tarixi bizi tozlu səhifələrə aparan "14 Fevral-Müqəddəs Valentin Günü ” və ya " Sevgililər günü”... Bu günün harada, necə, hansı şərtlər altında və nə səbəbdən yarandığı barədə çoxumuz məlumatlıyıq. Lakin məlum versiyadan başqa belə bir fikir də irəli sürülür ki, 14 fevral eynicinsli şəxslərin bir araya gələrək, qeyd etdikləri gün olub. Təbii ki, bu, sadəcə öz təsdiqini tapmayan versiyalardan biridir.
Maraqlıdır, bəs, gənclər qeyd etdikləri bu günün tarixi və məğzi barədə nə dərəcədə məlumatlıdırlar? Ümumiyyətlə, onlar bu barədə nə düşünürlər? Bu günü qeyd edənlər sevdiklərinə nə kimi hədiyyələr verirlər? Qeyd etməyənlərin səbəbi nədir? 


Sevgililər günü” ilə bağlı sorğu keçirib.


Musa Əliyev (İlin ən uğurlu kitabçı gənci): "Sevginin günü yoxdur. Əgər sənin üçün dəyərli olan ikinci yarına hədiyyə vermək istəyirsənsə, bunun üçün belə günlərə ehtiyac olmamalıdır. Ən gözəli - ən adi, sıradan bir gündə sevdiyinə hədiyyə alıb "Sən mənim üçün ən adi gündə belə özəlsən” deməkdir. Əəsasən kişilər xanımlara hədiyyə alır. Deməli, sevən tərəf ancaq kişilərdir? 14 fevral bir tərəfdən də məcburiyyətdir. Dediyim kimi, hədiyyə vermək üçün belə günlərə ehtiyac yoxdur. Azad biri olaraq deyə bilərəm ki, nə sevginin, nə diqqəti özəl olduğunu hiss etdirmək üçün heç bir özəl günə, bayrama ehtiyac olmamalıdır”.

Nüşabə Hüseynova (Azərbaycan Dillər Universitetinin tələbəsi ): "Bu günü təkcə 14 fevralda deyil ,ayın hər günü qeyd etmək lazımdır. Sevgi, hər dəfə sevdiyinin gözlərinin içinə baxıb, onu nə qədər sevdiyini, yaxşi ki, həyatında olduğunu deməkdir. Biz "Sevgililər günü”nü bir qədər tez-12 fevralda keçirdik. Səbəb isə nişanlımın həmin gün işdə olması ilə əlaqədardır. Həmin günü nişanlımın ailəsi ilə keçirdim. Biz sevgimizi bütün ailəmizlə qeyd etdik və paylaşdıq”.

Təhminə Seyidova (dil və ədəbiyyat müəllimi): "14 fevralı niyə qeyd edim? Deyirlər, guya "Sevgililər günü”dür. Sevgili olan insan üçün bütün günlər onsuz da sevgi dolu olmurmu ? Niyə sırf bir günü bu qədər mənasız fikrə ayırırlar?”.


Mehrac Əhmədzadə (təsərrüfat mütəxəssisi): "14 fevral sadəcə bir əxlaqsızlıq günü, mənasız, hansısa bir rahibin-Valentinin öldüyü, 30 iyun isə İlham və Fərizənin əsl sevgilərini sübut etdiyi gündür. Bəsdir, bu, dünyanın mənasız günlərini bizim beynimizə yeritdilər!”.


Bəyaz Hüseyn (Azərbaycan Dillər Universitetinin tələbəsi ): "Düşünürəm ki, sevginin günü yoxdur. Sevənlər bir-birinə hər zaman diqqət və qayğı göstərməlidir. Daha "14 fevral günü hədiyyə alım, birgə xoş vaxt keçirək, digər günləri isə elə -belə yola verək ”- deyə yox. Əsas odur ki, hər zaman bir-birini sevib, diqqət göstərib, xoşbəxt olasan və yaşından asılı olmayaraq daim sevib-seviləsən”.
Fidan Müslümova (Bakı Dövlət Universitetinin tələbəsi ): "Fikrimin mənfi və ya müsbət olduğunu soruşursuzsa , mənfi deyil,yəni niyə mənfi olsun ki? Bir də ki, sevən insana hər gün 14 fevraldır ”.

Vəli Ələsgərov (Azərbaycan Universitetinin tələbəsi ): "Bu gün üçün oturub ciddi-ciddi fikirləşməmişəm, - "Nəyə lazımdır bu bayram ” deyə. Hədiyyə vermək üçün ilin hər hansı günü olur-olsun, fərq etməz, əsas odur, içdən gəlsin . 14 fevral isə getdikcə hədiyyə yarışına çevrilir deyə, məndə maraq yaratmır”. 


Kənan Əliyev ( Azərbaycan Universiteti tələbəsi): " Sevgi üçün xüsusi gün olmur. Ümumiyyətlə, ad günləri, "Sevgililər günü ”, "Analar günü ” – filan, belə xüsusi günlərə ehtiyac yoxdur ”.

Nəzrin Qurbanəliyeva (Azərbaycan Dillər Universitetinin tələbəsi ): "Əslində, qeyri-adi münasibətim yoxdur bu günə. Sabah sevgilim xaricdən qayıdır və biz də bu günü elə sabah qeyd edəcəyik. Hədiyyə məsələsinə gəlincə, adı "Sevgililər günü ” olduğu üçün mən də nəzərimdə bir hədiyyə tutmuşam. Gələcəkdə bu günü qeyd edib-etməyəcəyimizi bilmirəm, amma məncə hədiyyə alarıq bir-birimizə. (hal-hazırda Elşən Əliyev (sevgilisi) Nəzrin Qurbanəliyeva ilə küsülüdür və danışmır, Nəzrin isə buna görə çox üzgündür və Elşənin onunla barışmağını istəyir) Henri Lonqfell demişdir ki, tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar”. Cavid əfəndimiz isə"Mənim tanrım gözəllikdir, sevgidir!” söyləmişdir. Dahi Viktor Hüqo isə "Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı,demək olar ki, heç nə yoxdur ” sözləri ilə hisslərini ifadə etmişdir. Doğrudan da, dünyanı sevgi xilas edəcək, amma ildə cəmi bir dəfə yadımıza düşən sevgi yox, bütün qəlbimizi ,varlığımızı ağuşuna alan sevgi!”