Şəfəqə Doğru » Manşet » Baş nazir müavini iki mağaza gəzdi - Şok qiymətlər

Baş nazir müavini iki mağaza gəzdi - Şok qiymətlər

Baş nazir müavini iki mağaza gəzdi - Şok qiymətlər
Baş nazirin müavini Əli Əhmədov ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada monitorinq aparıb

O, hazırda manatın məzənnəsinə uyğun qiymətlərin hansı səviyyədə olması ilə də maraqlanıb.

Marketlərin inzibatçıları bildiriblər ki, bəzi məhsullarda əvvəllər qiymət artımı müşahidə olunsa da, hazırda satış aşağı qiymətlərlə həyata keçirilir.

"Təbii ki, sahibkarların daha çox qazanc əldə etmələrinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür” - deyə Əli Əhmədov vurğulayıb. Baş nazirin müavini ət və ət məhsullarının qiyməti ilə də maraqlanıb.

Sonda jurnalistlərə açıqlamasında Əli Əhmədov bildirib ki, ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur: "Biz bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan iki mağazada olduq. 

Mağazalarda gördüklərimiz və bizə verilən məlumatlar belə deməyə əsas verir ki, mətbuatda geniş müzakirələrin aparılmasına rəğmən ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. 

Hökumət qiymətlərin süni sürətdə artırılmasının qarşısını alır. Hesab edirəm ki, süni surətdə qiymət artımına yol vermək əhalinin ailə büdcəsinə mənfi təsir edir ki, bu da yolverilməzdi”.

Baş nazir müavini də etiraf edib ki, monitorinqlərə mətbuatda yayılanlara istinadən başlanıb. Ölkədə gedən bahalaşma barəsində xəbərlər ən çox geniş yer verən Politika.Az xəbər portalıdır. 

Bahalaşma barədə detallı yazdığımız səhih informasiyalar təsdiqini tapır. Dövlət Statistika Komitəsi ölkəni bürüyən qiymət artımının tam rəqəmlərini açıqlayıb.

Politika.Az-ın xəbərinə görə, hazırda sümüklü ət 9, 80 manat, sümüksüz ət 12, 20 manat, toyuq 5, 50 manat civarında, kənd yumurtası isə 30 qəpikdən ucuz deyil.

Ağartı məhsullarının qiymətində də artım qeydə alınıb. Dükanlarda süd, qatıq, şor, qaymaq, xama və s. ağartı məhsullarının qiyməti dəyişib. 

İndi bu məhsulları 15-20 qəpik bahasına, bəzilərini isə 45-50 qəpik artımla almaq mümkündür. Alıcıların cibinə növbəti zərbə olan bu bahalaşmanın qarşısı alınmır. 

"İvanovka”, "Azərsüd”, "Milla”, "Atena” kimi məhsulların qiyməti dəyişib. Kolbasa firmaları ətin bahalaşması ucbatından qiymətləri qaldırıb. 

Hazırda mağazalarda və supermarketlərdə kolbasa-sosiska məmulatlarının qiymətində dəyişiklik olunub. 

Alıcılar yeni tariflərdən gileylənir, satıcılar isə firmaların qiyməti artırdığını səbəbkar kimi göstərir, şirkətlər isə iqtisadi vəziyyətlə əlaqədar analoji addım atdıqlarını söyləyirlər. 

Beləcə axırda zərər alıcılara dəyir. Əldə etdiyimiz xəbərə görə, həm "Ovçular”, həm "Rosko”, həm "Səhliyalı” həm də "Sab” qiymətləri dəyişib. Vermeşil, makaron və düyünün də qiymətində artım qeydə alınıb. Ölkəyə idxal olunan uşaq yeməklərinin qiymətində artım qeydə alınıb

Shafaqadogru.com -un  məlumatına görə, mağazalarda "Hipp”, "Heinse”, "Nutrlak”, "Nutrlon” qidaları bahalaşıb. Gömrükdə idxal rüsumlarının qalxması və dolların günbəgün bahalaşması uşaq yeməklərinin tariflərinə də birmənalı şəkildə təsir edib. 

Hər gün minlərlə ailənin istifadə etdiyi uşaq yeməkləri insanların ən yaralı yeridir. Əsasən də gənc ailələr bu qidaları almaqda maddi cəhətdən çətinlik çəkir. 

Hər halda iki mağazanı gəzməklə narahatlıq doğuran bahalaşma olmayıb demək real deyil. Mağazaları gəzməklə yox, iqtisadiyyatı və qiymətləri tənzimləməklə artımın qabağını almaq olar. Bunu deputatlar da bildirirlər.