Şəfəqə Doğru » Manşet » İcra başçıları islahatların HƏDƏFİNDƏ: - Siyahida kimlər var?

İcra başçıları islahatların HƏDƏFİNDƏ: - Siyahida kimlər var?

İcra başçıları islahatların HƏDƏFİNDƏ: - Siyahida kimlər var?
Xəbər verdiyimiz kimi, Azərbaycan hakimiyyəti ciddi struktur islahatlarına başlayıb. Gələn məlumatlara görə, Prezident Administrasiyasında başlayan islahatlar növbəti mərhələdə İcra Hakimiyyətləri və Nazirlər Kabinetini əhatə edəcək. Artıq Şərur rayon icra başçısının vəzifədən kənarlaşdırılması yerlərdəki icra strukturlarında ciddi kadr dəyişikliklərinin siqnalı kimi dəyərləndirilir. 

"Cümhuriyət” qəzeti xəbər verir ki, Hesablama Palatasının bir müddət əvvəl maliyyə nöqsanlarına yol vermiş icra hakimiyyətlərinin adlarını açıqlaması təsadüfi deyildi. Məlumata görə, hakimiyyət Hesablama Palatasına nöqsanlara yol vermiş icra hakimiyyəti başçıları barəsində ciddi monitorinqlərin aparılmasına göstəriş verib. Palatanın bir müddət əvvəl açıqladığı hesabatda da bir qanun pozuntularına yol vermiş sıra rayon və şəhərlərin icra hakimiyyətlərinin adları öz əksini tapdı. Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba və Oğuz rayon icra hakimiyyətlərinin adlarının hesabata daxil edildiyi bildirildi. 

Bakı merinə də yol görünür

Palatanın hesabatında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adı olmasa da ehtimal olunur ki, hökumət yaşlı merlə vidalaşmağa hazırlaşır. Buna səbəb Bakı merindən Prezident Administrasiyası və müvafiq orqanlara edilən şikayətlərin çoxluğudur. Eyni zamanda Hacıbala Abutalıbov mətbuat tərəfindən tez-tez tənqid olunan məmurlardan biridir. O, torpaqları bir sıra şirkət, iş adamı və oliqarxlara qanunsuz şəkildə satmaqda ittiham olunur. Bu və digər qərarlarının bir çox hallarda narazılıqla müşahidə olunduğunu nəzərə alan hökumətin problemlərin böyüməməsi üçün Abutalıbovu istefaya göndərəcəyi daha inandırıcıdır. 

İcra hakimiyyətləri üçün "yol xəritəsi”

Gələn məlumatlara görə, islahatların tərkib hissəsi və qəbul edilmiş plana əsasən, kiçik rayon və şəhərlər yaradılacaq regional icra hakimiyyəti aparatında birləşdirilə bilər. Həmçinin planda regionların idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanması məsələsinin də öz əksini tapdığı diqqətə çatdırılır. Buna görə də hökumət 20-yə qədər icra başçısını dəyişdirəcəyi iri şəhər və rayonlara işlək, mütəxəssis sayılan adamları göndərəcək. Yerlərdə iş yerlərinin açılması və məşğulluğu artırmaq məsələlərinin də yer aldığı "yol xəritəsi”ndə vilayətlərin maliyyə bazalarının genişləndirilməsi və bir sıra vergi növlərinin yığışdırılması, o cümlədən, regionlarda fəaliyyət göstərən bir sıra müəssisələrin ƏDV-lərdən azad olunması məsələlərinin yer aldığı bildirilir. Ehtimallara görə, rayon və şəhərlərdəki problemləri həll etmək üçün icra hakimiyyəti orqanlarının funksiyalarının yerli bələdiyyələrə verilməsini də təklif olunub. Nəzərə alsaq ki, son bir neçə ildə bölgələrdə müşahidə edilən etiraz aksiyalarında ən çox icra başçılarından şikayətlər olub, bu baxımdan narazılığı aradan qaldıracaq bir sıra təkliflər nəzərdən keçirilə bilər. 

Siyahı hazırlanır

Ehtimala görə, icra hakimiyyətlərində aparılacaq islahatlarda Hesablama Palatasının monitorinqləri, ən çox narazılığın olduğu rayonların və il ərzində Prezident Adminstrasiyasına ən çox şikayət olunan icra başçıları nəzərə alınacaq. Azərbaycan prezidenti İlham Əliyev də son çıxışlarından birində qanun pozuntularına yol vermiş icra başçılarından danışdı, hesab etmək olar ki, bu islahatların yaxın vaxtlarda başlayacağı ilə bağlı anonsdur. Artıq yaxın vaxtlarda hökumətlə vidalaşacaq icra başçıları üçün yekun siyahının hazırlandığı da gələn məlumatlar arasındadır.