Şəfəqə Doğru » Manşet » “Zakir Həsənov əsl ordu generalıdır...” - “Səfər Əbiyev heç zaman orduda nüfuz sahibi olmayıb”

“Zakir Həsənov əsl ordu generalıdır...” - “Səfər Əbiyev heç zaman orduda nüfuz sahibi olmayıb”

“Zakir Həsənov əsl ordu generalıdır...” - “Səfər Əbiyev heç zaman orduda nüfuz sahibi olmayıb”
Aprelin 2-dən başlayaraq cəbhədə davam edən gərginlik təkcə ölkəmizdə yaşayan vətəndaşlarımızı deyil, xarici ölkələrdəki soydaşlarımızı da ciddi narahat edir. Hər kəs müharibə barədə danışır, hər an döyüşməyə hazır olduğunu bəyan edir. 

Xaricdə yaşayan vətəndaşlarımız tərəfindən müharibə olarsa, ölkəmizə qayıdıb torpaqlarımızın azad edilməsi istiqamətində iştirakla bağlı fikirlər səslənir. 
Hazırda Ukraynada yaşayan Daxili Qoşunların baş komandanı Fəhmin Hacıyevlə müharibə mövzusunda söhbət etdik.

- Fəhmin bəy, son əməliyyatları necə dəyərləndirirsiniz?

- Azərbaycan əsgəri ilə bir daha qürur duydum. Ayrıca xalqımızı bu kiçik qələbə münasibətilə təbrik edirəm. Bu əməliyyatlar bütün dünyaya bir mesaj oldu ki, Azərbaycan xalqı öz torpaqlarından heç zaman vaz keçməyəcək. Əvvəlki illərdən fərqli olaraq, beynəlxalq dəstəyimiz də daha yaxşı səviyyədə oldu.

- Xaricdə çoxsaylı hərbçilərimiz var. Həmçinin siz. Ölkəyə qayıdıb döyüşlərdə iştirak edərsiniz? Belə bir planınız var?

- Xaricdə yaşayan hərbçilərin əksəriyyəti vətənə qayıdıb döyüşlərdə iştirak etmək istərdi. Amma bu məsələdə reallıqla hesablaşmalıyıq. Ordumuzda yüksək təlim görmüş gənc zabitlərimiz var və onlara güvənilməlidir. Mən də çox həvəslə vətənə dönüb torpaqlarımızın azad edilməsində iştirak edərdim.

- Birinci Qarabağ müharibəsində iştirak etmisiniz. İndiki müharibə ilə həmin müharibənin fərqli və oxşar cəhətləri nədir? 

- Birinci Qarabağ müharibəsində nizami ordu tam formalaşmamışdı. Müharibənin ilk illərində ordumuz ümumiyyətlə yox idi. İndi şükürlər olsun ki, nizami ordumuz var. Oxşar cəhəti isə ordumuzun vətənpərvərlik səviyyəsinin yüksək olmasıdır.

- Bu proseslərdə Azərbaycan hakimiyyətinə dəstək verirsinizmi?

Fəhmin Hacıyev: "Atəşkəs kövrək olacaq”

- Bu proseslərdə Azərbaycan hakimiyyətinə dəstəyimi ilk gündən sosial şəbəkələr vasitəsilə ifadə etmişəm. Dövlət müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində hakimiyyətin verdiyi bütün qərarları dəstələyirəm və icrasında iştirak etməyə hazıram.

- Rusiya mətbuatı eyni ilə Ukrayna hadisələri vaxtı etdiklərini Azərbaycana münasibətdə təkrarlayır. Birtərəfli olaraq ölkəmiz əleyhinə yazılar verir. Buna münasibətiniz...

- Rusiya mətbuatından ədalətli mövqe gözləmək ağılsızlıq olardı. Tarixdə dəfələrlə sübut olunub ki, Rusiyanın siyasi və hərbi elitası öz imperialist siyasətlərini həyata keçirmək üçün ermənilərdən bir alət kimi hər zaman istifadə ediblər və bu siyasət davam edir. Məndə olan məlumatlara görə, əməliyyatlar başlamamışdan əvvəl Rusiyadan bir qrup peşəkar hərbçi İrəvana gedib və orada qalmaqda davam edirlər. Diqqətə almaq lazımdır ki, Ukrayna və Azərbaycanın Rusiyanın təsir dairəsindən uzaqlaşması Rusiyanın bir imperiya kimi məhvinə bərabərdir. Bunu ruslar anlayır və hər vəchlə gedən proseslərin qarşısını almağa çalışır. Mən hətta Rusiyanın ölkəmizə qarşı bəzi təxribatlarının olacağını da istisna etmirəm. Amma bundan qorxmaq lazım deyil. Rusiya bir imperiya kimi sürətlə zəifləyir və çox yaxın zamanlarda şimalı Qafqaz xalqlarını milli-azadlıq mübarizəsinin yeni dalğasının başlayacağına inanıram.

"Səfər Əbiyev heç zaman orduda nüfuz sahibi olmayıb”

- Bu əməliyyatlar, sizcə, çoxmu davam edəcək? 

- İndiki mərhələdə bu əməliyyatların nə qədər sürəcəyini söyləmək çətindir. Onu deyə bilərəm ki, qarşımızdakı illərdə regionda həyəcanlı hadisələrin olacağı gözləniləndir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Başın sağ olsun, Vətən!

- Sabiq müdafiə naziri Səfər Əbiyevlə indiki nazir Zakir Həsənovun fəaliyyətini müqayisə etmək olarmı? Sizcə, Əbiyev hazırda nazir olsaydı, ordumuz bu şəkildə güclü olardımı? Ümumiyyətlə, Zakir Həsənovun fəaliyyəti sizi qane edirmi?

- Səfər Əbiyev heç zaman orduda nüfuz sahibi olmayıb və intizamlı ordu yaratmağı bacarmayıb. Cənab nazir Zakir Həsənov isə əsl ordu generalıdır və Azərbaycan əsgərinin adını çox yüksəltdi. Zakir Həsənovun apardığı islahatlar da ordu quruculuğuna müsbət təsir etdi.

- Sizcə, əməliyyatlar davam etdirilməlidirmi? Beynəlxalq və mövcud şəraitimiz buna imkan verirmi?

- Mən döyüş əməliyyatlarının davam etdirilməsinin tərəfdarıyam. İşğal altında olan torpaqlarımızı azad etmək bizim doğal haqqımızdır və əgər nəticə uğurlu olacaqsa, beynəlxalq aləm bununla barışmalı olacaq. O ki qaldı mövcud şəraitimizə, bu, bir az kövrəkdir. Regionda gedən geosiyasi proseslərin sonunun bizim xeyrimizə olacağına heç bir şübhəm yoxdur. Amma Rusiya hələ də dünya siyasətində əsas oyunçulardan biridir. Zəifləməsi prosesi gedir, amma bizim istədiyimiz səviyyədə deyil. İkinci əsas səbəb isə odur ki, Azərbaycanda beynəlxalq qurumlar tərəfindən mübahisəsiz tanınan legitim hakimiyyət formalaşmayb.

- Ukraynadan gözlədiyimiz dəstəyi ala bilmədik... Gələcəkdə Ukrayna hakimiyyətinə orada yaşayan azərbaycanlılar adından müraciətiniz ola bilərmi?

- Ukraynadan gözlənilən dəstəyin verilməməsinə görə məyusam. Ukraynada yaşayan azərbaycanlılar adından müraciət gözləniləndir. Ümid edirəm ki, Ukraynanın siyasi dairələri Azərbaycanın yanında olduqlarını bəyan edəcəklər.

- Aprelin 5-də atəşkəs xəbərləri yayıldı. Hər iki tərəfdən döyüşlərin dayandırılması mümkündürmü və sakitçilik yaranarsa davamlı olacaqmı?

- Əməliyyatların uzun sürməyəcəyini bildirmişdik. Həmişə olduğu kimi, atəşkəs kövrək olacaq.(musavat.com)