Şəfəqə Doğru » Manşet » Azərbaycana dini radikalizm təhlükəsi İrandan, yoxsa Səudiyyədən gəlir?

Azərbaycana dini radikalizm təhlükəsi İrandan, yoxsa Səudiyyədən gəlir?

Azərbaycana dini radikalizm təhlükəsi İrandan, yoxsa Səudiyyədən gəlir?
Azərbaycanda dini radikalizmin son zamanlar güclənməsi ilə bağlı səslənən narahatedici fikirlər durmadan artır. Dini radikalizmin Azərbaycanda daha çox hansı müsəlman dövlətlərin təsiri ilə güclənməsi ilə bağlı mövqelər də birmənalı deyil. Doğrudur, daha çox Səudiyyə Ərəbistanı və cənub qonşumuz İran burada önə çəkilir. Lakin bu iki dövlətdən hansının təsirlərinin yüksək olduğu barədə də dəqiq mövqe yoxdur.

Politoloq Elçin Mirzəbəyli hər hansı bir dövlətin adını birmənalı şəkildə hallandırmağın əleyhinədir: "Dini radikalizm və onun ən aqressiv təzahürü olan dini ekstremizm Azərbaycana, yaxud hər hansı bir ölkəyə müxtəlif istiqamətlərdən transfer oluna bilər. Burada İranın, Səudiyyə Ərəbistanının, Küveytin, yaxud hər hansı bir dövlətin adını birmənalı şəkildə hallandırmaq doğru olmazdı. Bəzən bu proseslərin içərisində üçüncü qüvvələr, yaxud İslam dininin yayğın olmadığı ölkələrin xüsusi xidmət orqanları da yer alırlar. Azərbaycan üçün ənənəvi olan, yaxud olmayan dini cərəyanları və onların ölkəmizə daxil olma yollarını bir-birindən ayırmaq lazımdı. Məsələn, İranın təbliğ və ya istifadə etdiyi metodlarla, məzhəb üzərindən yürüdülən siyasətlə ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanının din üzərindən həyata keçirdiyi siyasət arasında kifayət qədər böyük fərqlər var. Şübhəsiz ki, hər iki qütbün məqsədləri arasında müəyyən oxşar cəhətlər də var. İranın Azərbaycana yönəlik siyasətində məzhəb faktorunun milli identikliyin əvəzedicisi kimi təqdim olunması ön planda dayanır. Burada isə məqsəd Azərbaycanın ayrı-ayrı bölgələrini təsir dairəsində saxlamaq, Azərbaycanın şimalında və cənubundakı türk milli kimliyini arxa plana keçirmək, milli şüurun inkişafının - millətləşmə, dövlətləşmə və bütövləşmə prosesinin qarşısının alınmasından ibarətdir. İranın təbliğ etdiyi ideologiyada radikalizm mötədillik və əzabkeşlik obrazı arxasında pərdələnib.

O, yalnız ekstremal situasiyalarda özünü büruzə verir. İranın dini təbliğatının daşıyıcıları bəlli bir mərhələyədək özlərini düşdükləri mühitin reallıqlarına uyğun şəkildə aparırlar. Səudiyyə və digər ərəb dövlətlərindən qaynaqlanan radikal dini cərəyanların təməlində isə təkcə panərəbizm meylləri, milli identikliyin tədricən dini identikliklə əvəz olunması dayanmır. Həmçinin İrandan fərqli olaraq, radikal ərəb dini cərəyanlarının içərisində dünyanın ən müxtəlif ölkələrinin xüsusi xidmət orqanlarının maraqları da yer alır. Bu radikal dini cərəyanların məqsədi milli dövlətləri xaosa sürükləyərək məhv etməkdən, onları idarə edən qüvvələrin maraqlarını həyata keçirməkdən ibarətdir. Onlar yeri gələndə bir-birini inkar edə, bir-birinə qarşı savaşa da bilərlər. Biz İraqda, Suriyada və digər ərəb ölkələrində baş verən qarşıdurmalarda belə məqamların olduğunu da görmüşük. Şübhəsiz ki, hansı dinə, məzhəbə və təriqətə xidmət etməsindən asılı olmayaraq, dinin siyasətə transformasiya olunması, milli identikliyin bütövlükdə dini identikliklə əvəz olunması, ümmət faktorunun milli dəyərləri sıradan çıxarması təhlükəlidir. Azərbaycanda islam milli identikliyin tərkib hissəsi kimi qəbul olunur. Yəni islam dini Azərbaycan xalqının dünyagörüşünün, mədəniyyətinin formalaşmasında iştirak edən amillərdən biridir. Sadəcə bir elementdir. Azərbaycan xalqının üstünlüyü də, xoşbəxtliyi də bundadır. Təhlükəli olan milli kimliyin absurd, genetik əsası olmayan, yalnız ideologiyaya bağlı olan dini identikliyin, ümmətçiliyin tərkib hissəsinə çevrilməsi, onun içərisində itməsi və əriməsidir. Bu, millətin də, dövlətin də məhvi deməkdir. Din insanın və dövlətin həyatında müəyyən bir yerdə dayanmalıdır. Ehkamların təfəkkürə, düşüncəyə hakim kəsilməsi cəmiyyəti inkişafdan, elmi-texniki tərəqqidən geri saxlamaq üçün ən təhlükəli vasitədir”.

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Azərbaycanda dini radikalizm aşağı səviyyədədir: "Digər ölkələrə baxanda Azərbaycanda dini radikalizm aşağı səviyyədədir. Bu xalqımızın tolerant və dünya görüşlü olduğundandır. Fərq etməz dini radikalizm haradan gəlir, dövlət tərəfindən bunun qarşısı dərhal alınmalıdır. Amma bundan əlavə, dövlət dindarlara açıq olmalıdır. Onların mənəvi tələbatına məscidlər, mədrəsələrin açılması ilə cavab verməlidir. Qaşınmayan yerdən qan çıxarılmamalı, təhsil ocaqlarında hicab problemi olmamalı, Türkiyə təcrübəsindən istifadə edilməli, din xadimlərimiz dünyəvi təhsilli olmalı, savadsız molla iyerarxiyasına son qoyulmalıdır.

QMİ və Dini Komitəyə xalq arasında dini nüfuzu olanlar rəhbərlik etməlidir. İslam Universitetinə, BDU-nun İlahiyyat fakültəsinə, Türkiyə və digər müsəlman ölkələrindən yüksək savadlı texnoloqlar dəvət edilməlidir. Yuxarıda qeyd edilən islahatlar olmayana qədər ölkədə həmişə dini radikalizm təhlükəsi olacaq. İran və Səudiyyə Ərəbistanına gəldikdə isə İran kök və tarixən bizə daha yaxın olduğuna baxmayaraq, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İrandan fərqli, Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ məsələsi başda olmaqla hər yerdə yanındadır. Məsələn, Türkiyə və Pakistanla yanaşı Səudiyyə Ərəbistanı da, Azərbaycana görə indiyə qədər Ermənistanla diplomatik əlaqə qurmayıb. Təəssüf ki, İran haqqında bu sözləri deyə bilmərik. Aprel döyüşlərində Türkiyə və Pakistanla birlikdə, Səudiyyə Ərəbistanı da Azərbaycanın yanında oldu, amma İran olmadı”.