Şəfəqə Doğru » Manşet » Əflatun Amaşovun müjdəli mesajı: böyük əfvdə jurnalistlər azadlığa çıxır – Siyahı

Əflatun Amaşovun müjdəli mesajı: böyük əfvdə jurnalistlər azadlığa çıxır – Siyahı

Əflatun Amaşovun müjdəli mesajı: böyük əfvdə jurnalistlər azadlığa çıxır – Siyahı
Mayda gözlənilən böyük əfv fərmanı həbsdəki jurnalistlərə də şamil edilə bilər
Shafaqadogru.com -un məlumatına görə,
 Mətbuat Şurası sədri Əflatun Amaşovun açıqlaması belə deməyə əsas verir. 

Onun sözlərinə görə, jurnalistlərin azadlığa buraxılması üçün prezidentə müraciət olunmalıdır. 

MŞ sədrinin çıxışının ardınca dövlət başçısına həbsdəki jurnalistlərin azadlığa çıxması üçün müraciətlər olunacağı gözlənilir. 

Ümid olunur ki, mayda veriləcək böyük əfv siyahısında Jam.az-ın təsisçisi Fikrət Fəraməzoğlu, "Azadlıq”ın yazarı Seymur Həzi, "Kanal 13” əməkdaşı Əziz Orucov azadlığa buraxılacaq. 

"Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”.

Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib. 

O bildirib ki, cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur: "Məhz buna görə bəziləri bizi tənqid edir. 

Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.

Ə. Amaşov Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız-hesabsız işlərin olduğunu diqqətə çatdırıb: 

"Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi – texniki bazası möhkəmlənib. 

Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. 

Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.

Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır.

FİA.Az xəbər verir ki, Azərbaycanda zaman-zaman məmurların hədəfinə tuş gələn jurnalistlər olurlar. Onlar məhkəməyə verilir, şərlənərək həbs olunur, təzyiq göstərilir.

Məsələn, yerlərdə icra başçıları, ayrı-ayrı məmurlar jurnalistləri təhdid edirlər, hədə-qorxu gəlirlər. Bu hallar da az deyil. 

Ancaq ölkədə hakimiyyət-mətbuat münasibətlərində bir barışığa, dialoqa ehtiyac var. Əslində, bunun ciddi təməlləri qoyulub. 

KİVDF qəzetlərə maliyyə ayırır, prezident evə ehtiyacı olan jurnalistlərə mənzillər paylayır, MŞ tərəfindən mediaya dəstək göstərilir. 

Ə.Amaşov problemi olan jurnalistlərin məsələsini həm də deputat kimi yuxarılara çatdırır. 

Eləcə də müalicəyə, əməliyyata ehtiyacı olan qələm əhli də dövlət tərəfindən diqqət görməkdədir. Mayda gözlənilən əfv isə tamamilə yeni səhifə olacaq və müsbət çalarlar gətirəcək. 

Ancaq siyahıda Əfqan Muxtarlı, DTX-nın həbs elədiyi Habil Vəliyev, Surxay Əliyevin olacağı məlum deyil. 

Ümumən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, müşaviri Asif Yusifli, müğənni Fədayə Laçın, NİDA üzvü İlkin Rüstəmzadə əfv edilə bilər. 

REAL sədri İlqar Məmmədov, Seymur Həzi, Tofiq Həsənov, Elgiz Qəhrəman, Məmməd İbrahim və başqaları azadlığa çıxa bilər. Onlar siyasi məhbus kimi hüquq müdafiə təşkilatları tərəfindən tanınıblar. 

Lakin uzun zamandır ki, həbs həyatı yaşayırlar. Azərbaycan hökuməti isə ölkədə siyasi motivlə həbs edilən məhkum olmadığını bildirir.

"Qızıl amnistiya”nın məhz 28 may ərəfəsində veriləcəyi barədə xəbərlər dolaşmaqdadır. 

Bu ilin "Cümhuriyyət ili” elan olunması ilə bağlı verilən qərarın əhəmiyyətini daha da artırmaq üçün bu tipli amnistiyanın verilməsinə böyük ehtiyacın olduğu vurğulanır. 

”Qızıl amnistiya" verilərsə, cəmiyyətdə sıfırdan yenidən münasibətlərə baxmaq məsələsinə başlanıla bilər.

Nəticədə böyük bir milli barışıq üçün zəmin yaranar. Həbsxanada çoxsaylı günahkar insanlar var ki, səhvlərini anlayıblar, cəzalarının müəyyən hissəsini çəkiblər.

Cümhuriyyətin yüz illiyi ilə bağlı ölkədə başqa islahatların da keçirilməsini çox istərdik. Bu problemlərin həlli əhali üçün böyük bayram müjdəsi olardı.