Şəfəqə Doğru » Manşet » Sərhəddə gömrüyün rentgen aparatlarını kimlər söndürür?

Sərhəddə gömrüyün rentgen aparatlarını kimlər söndürür?

Sərhəddə gömrüyün rentgen aparatlarını kimlər söndürür?
Redaksiyamıza Qazax rayonunda yerləşən "Sınıq Körpü” (Qırmızı Körpü) adlanan gömrük postu ilə bağlı maraqlı məlumat daxil olub.
Mənbə bildirir ki, hər bayram ərəfəsində bu gömrük–keçid məntəqəsindəki rentgen aparatları söndürülür.
Məsələn, bildirilir ki, keçən il Novruz bayramı ərəfəsində-mart ayının 18-dən 28-cən gömrük postunda rentgen aparatları söndürülüb və həmin on gün ərzində bəzi şəxslər sərhəddən istədiyi malları qeyri-qanuni keçiriblər.
Mənbənin redaksiyamıza verdiyi məlumata görə bu il də bayram günlərində "maraqlı şəxslər” rentgen aparatlarını həmin məqsədlə 10 günlük söndürməsini və özlərinə aid olan malları gömrük-keçid məntəqəsindən qanunsuz keçirməyi planlaşdırırlar.
Bu məsələ ilə bağlı nəzərinizə maraqlı bir detalı da çatdıraq. Məlumdur ki, keçən il bayramqabağı Bakıda fişəngin qutusu topdan 150 manata satılan vaxt, birdən-birə qiyməti 70-80 manata endirilmişdir. Çünki 10 gün ərzində rentgen aparatları söndürüldüyü üçün bir çox mallar demək olar ki, gömrükdən qeydiyyatsız keçirilmişdir. Ancaq söhbət təkcə fişəngdən və digər pirotexniki mallardan getmir. Rentgensiz sərhəddən daha nələrin keçirilməsi məsələsini qoy hüquq mühafizə orqanları araşdırıb hüquqi qiymət versinlər.
Əldə etdiyimizə görə, bu cür məlumatları mətbuata yüksək ranqlı məmurun işsiz qalan bacanağı ötürüb. Vaxtı ilə də gömrük sistemində işləyən həmin şəxs xidmətdə buraxdığı nöqsanlara görə gömrük orqanlarından xaric olunmuşdu.
Ancaq DGK-nin Baş idarə rəislərindən biri özünü həmişəki kimi "ağıllı” hesab edərək öz məqsədi üçün yüksək ranqlı məmurun bacanağını vəzifəyə qaytarıb.
Məsələnin mahiyyəti isə belədir: idarə rəisi mətbu orqanlardan birinin rəhbərinin yaxın işbaz qohumunu dilə tutub və onu pul ilə şirnikləndirərək ondan gömrüklə bağlı məlumatları mətbuata ötürən mənbənin kimliyini öyrənməyə nail olub. Bundan sonra özünü hamıdan ağıllı hesab edən baş İdarə rəisi məmurun işsiz qalan bacanağını yenidən vəzifəyə qaytarıb.

365info saytına daxil olan məlumata görə baş idarə rəisinin yüksək ranqlı məmurun bacanağını yenidən vəzifəyə qaytarmağının da səbəbi var: vaxtı ilə gömrükdə çalışan bacanağın "torbasını” elə həmin baş idarə rəisi özü "tikibmiş”.
Ancaq özünü hamıdan ağıllı hesab edən baş idarə rəisi nə biləydi ki, işsiz qalan bacanaq onun qanunsuz əməllərini birbaşa mətbuata ötürərək "qaranlıq əməllər”ini ifşa edəcək.
Həmin işsiz bacanaq indi yenidən vəzifəyə qayıdıb və hal-hazırda keçid məntəqəsinin rəisi vəzifəsində işini davam etdirir. Həyacan doğuran bu məlumatdan, jurnalistlərin araşdırmasından sonra üzə çıxarılan faktlardan narahat olan baş redaktor Anar Asimoğlu hüquq mühafizə orqanlarına üz tutur.
Anar Asimoğlu onların nəzərinə çatdırır ki, bayram günlərində Respublika üzrə gömrük keçid məntəqələrindəki rentgen aparatlarının fəaliyyəti ciddi nəzarətə götürülməlidir ki, "işbazlar” və onlarla əlbir olan gömrükçülərin qanunsuz əməlləri operativ ifşa olunsun.
Bu mübarizədə jurnalistlər də əllərindən gələn köməyi əsirgəməyəcəklər. Baş redaktorun həyacan siqnalını başa düşmək olar: onun hüquq mühafizə orqanlarına müraciəti təkcə ölkəyə daxil olan fişənglər və digər pirotexniki mallarla bağlı deyil. Baş redaktor Gürcüstanın Daxili İşlər Nazirliyinin 2014-ci ildə verdiyi rəsmi bəyanatı yada salır: Əfqanıstandan narkotik daşıyan yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirmiş. İlkin nəticələrə görə, narkotik maddənin tərkibi 80% təmiz heroindən ibarət olub. Qeyd edilir ki, Əfqanıstandan Avropaya aparılan narkotiklər üçün "Gürcüstan əsas tranzit ölkələrindən biri” kimi tanınır. ABŞ Dövlət Departamentinin hesabatlarında deyilir ki, Gürcüstan vasitəsilə daşınan narkotiklər beynəlxalq karqo tranziti ilə bağlı qanunlarla qorunan yük maşınlarında daşındığı üçün, polis onları yoxlamaqda çətinlik çəkir.
Düzdür, Azərbaycanın Dövlət Gömrük Komitəsinin rəsmisi, ötən il 2.8 ton maye heroinin Azərbaycan ərazisindən Gürcüstana keçirilməsi barədə məlumatı təkzib etsə də, bu barədə ictimaiyyətə tutarlı cavab verilməmişdir.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli
365İNFO.AZ