Şəfəqə Doğru » Manşet » Şəmkirdə səhiyyə sitemi iflic vəziyyətdədir - İTTİHAM VAR

Şəmkirdə səhiyyə sitemi iflic vəziyyətdədir - İTTİHAM VAR

Şəmkirdə səhiyyə sitemi iflic vəziyyətdədir - İTTİHAM VAR
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr ən çox ictimai müakirələrə səbəb olan mövzulardandır. O cümlədən, uzun müddətdən bəri bizimdovr.az-a daxil olan məlumatlarda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının və ümumilikdə bu rayonun səhiyyə sisteminin fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallara dair açıqlamalar təqdim edilir. Mənbələr israrla bildirirlər ki, bu gün Şəmkirin hər bir poliklinika və ya xəstəxananın özünün yazılmamış qanunları mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda Şəmkir RMX-nın baş həkimi Nurəddin Əhmədovun öz fəaliyyətində davamlı olaraq yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Qeyd edək ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir. Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Şəmkirin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə, şikayətçilər birbaşa Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun fəaliyyəti ilə bağlayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Digər tərəfdən də mərkəzi xəstəxanada "ölü canlar” saxlanılır, yəni saxta "xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu "xəstəlik tarixləri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Lakin bu da var ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Bu isə, vaxtaşırı baş həkim Nurəddin Əhmədovun müəyyən etdiyi fəaliyyət sxemlərində müəyyən uyğunsuzluqlara gətirib çıxarır. Belə ki, məhz mərkəzi xəstəxanada işləyən həkimlərin bəziləri dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına görə, bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Nəticədə isə, sənədlərə görə kənd xəstəxanalarının bəzilərində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Şəmkir səhiyyəsində baş alıb gedən özbaşınalıqlar ayrı-ayrı həkimləri də fərdi qaydada qanun pozuntularına təhrik edir. Belə ki, bu gün rayonda əksər həkimlər xəstələri işlədikləri tibb müəssisəsində deyil, öz evlərində qəbul etməyə üstünlük verirlər. Bununla belə, açıqlamalarda bəzi kənd həkimlərinin Nurəddin Əhmədovla sıx əməkdaşlıq etdikləri də vurğulanır. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti bir məlumatda da, Qaracəmirli həkim məntəqəsinin rəhbəri Lilpar Piriyevanın fəaliyyətindən bəhs edilir. Məlumdur ki, bu məntəqə bir müddət bundan əvvəl kənd xəstəxanası kimi fəaliyyət göstərməkdə idi. Müəssisənin baş həkimi isə, ixtisasca ginekoloq olan Lilpar Piriyeva idi. Mənbə bildirir ki, həkim Lilpar Piriyeva o zaman da, indi də həyata keçirdiyi qeyri-qanuni abort əməliyyatları ilə bütün rayonda kifayət qədər tanınıb. Hətta tibb müəssisəsinin statusunun xəstəxanadan həkim məntəqəsinə dəyişdirilməsi də, Lilpar Piriyevanın fəaliyyətinə heç bir təsir göstərməyib. Mənbənin deməyinə görə, Lilpar xanım öz toxunulmazlığını, əldə etdiyi gəlirlərin böyük bir hissəsini Nurəddin Əhmədova verməklə təmin edir...

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
Shafaqadogru.com Teref infoya istinadən bildirir.