Şəfəqə Doğru » Manşet » Orucluğun mənəvi faydaları Daha Ətraflı:

Orucluğun mənəvi faydaları Daha Ətraflı:

Orucluğun mənəvi faydaları  Daha Ətraflı:
Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir. Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun". Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar. Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir. Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susadыğы vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər. Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır. Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?". Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir. Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin". Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir. Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm". Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun. ** ** Orucun ictimai faydaları Oruc hər bir insana fərdi olaraq faydalar verdiyi kimi, həm də ümumilikdə cəmiyyətə müsbət təsir göstərir. Oruc tutan cəmiyyətlərdə bir çox sosial bəlalara rast gəlinmir, insanlar arasında mehribanlıq, şəfqət, bir-birini anlamaq əhval-ruhiyyəsi hökm sürür. Həzrət Məhəmməd Peyğəmbər (s) insanları Ramazan ayında kasıblara əl tutmağa, qocalara ehtiram göstərməyə, uşaqları əzizləməyə çağırırdı. Peyğəmbər buyururdu: "Hər kim Ramazanda camaata pislik etməkdən çəkinsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx rabitə saxlasa, Allahın mərhəmətini qazanar. Kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər". Ramazan ayında bütün müsəlmanlar Allahın qonağı sayılırlar. Hər kəs Allahın ziyafətinə dəvət alırsa, bu ziyafətin bərabərhüquqlu üzvü hesab edilir. Allah qarşısında zahiri gözəlliyin, irqin, milliyyətin, sərvətin, vəzifənin və əsil-nəsəbin fərqi yoxdur. Orucun ictimai faydası bundadır ki, o, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. Varlılar bir ay ac qalmaqla kasıbların halını yaxından duyur, onların daimi aclıq və məhrumiyyət içində keçən günlərini müvəqqəti də olsa yaşayırlar. Bu isə onların kasıblarla daha mehriban və şəfqətli davranmalarına, xeyriyyəçilik tədbirlərini genişləndirmələrinə səbəb olur. Nəticədə orucluqdan sonra da zəngin adam harada bir ac və susuz adam görsə, öz ac qaldığı günləri xatırlayır, ürəyi yumşalır və həmin ehtiyaclı şəxsin çətinliyini həll edir. İmam Cəfər Sadiq (ə) məhz bu həqiqətə işarə edərək buyurmuşdur: "Allah insanlara oruc tutmağı ona görə vacib buyurdu ki, kasıbla sərvətli eyni vəziyyətdə olsunlar. Sərvətli şəxs adi vaxtlarda tox olduğu üçün kasıbın halını başa düşmür ki, ona kömək etsin. Allah-təala orucluqda hamı üçün bərabər qanunlar qoydu ki, sərvətlilər aclığın əziyyətini özləri hiss edib, möhtacların əlindən tutsunlar". Oruc tutmaq istəməyən, yaxud qəsdən orucu pozan şəxslər üçün Allah-təala maddi cərimələr təyin edib. Belə adamlar oruc tutmadıqları hər günün əvəzində 60 nəfər yoxsul şəxsin qarnını doyurmalıdırlar. Bu da Allahın mərhəmətindəndir ki, Ramazan ayında kasıbların ruzisini sərvətlilərin öhdəsinə qoyur. Ramazanda iftar vaxtı başqasını qonaq etmək ən böyük savablardandır. Bir gün Peyğəmbərimiz səhabələrinə buyurdu: "Hər kim Ramazan ayında oruc tutan şəxsə iftar versə, günahları bağışlanar. Allah onu cəhənnəm alovundan xilas edər və bu adam da oruc tutan şəxs qədər savab qazanar". Səhabələr dedilər: "Ey Allahın elçisi, axı biz hər axşam oruc tutanları doyuracaq qədər sərvətli deyilik". Peyğəmbər onlara belə cavab verdi: "Oruc tutan şəxsə bircə xurma, bir qurtum su, yaxud bir kasa süd verən də bu savabı qazanar. Hər kim bu ayda iftar vaxtı bir möminə içmək üçün su versə, məhşər günündə özü susuz qalmaz". Müqəddəs hədislərdə buyurulub: "Hər kim öz halal qazancı hesabına bir oruc tutan şəxsi yedirib-içirsə, bütün Ramazan ayı boyunca mələklər ona salam və xeyir-dua göndərərlər". Peyğəmbərimizdən soruşdular ki, başqasına iftar vermək istəsək, amma evdə kifayət qədər yemək olmasa nə edək? Peyğəmbər cavab verdi: "Heç olmazsa, bir tikə çörək ehsan edin. O da olmasa, bircə qurtum su verin. Hər kim oruc tutan şəxsə günün sonunda su versə, yeni doğulmuş körpə kimi günahsız olar. Hətta suyu çay sahilində (yəni suyun bol olduğu yerdə) də versə, eyni savabı qazanar". ** İslamın ilk illərində necə oruc tuturdular? İslam dininin bütün əqidə prinsipləri və əməli göstərişləri 23 illik peyğəmbərlik dövrü ərzində Allah-Təala tərəfindən Həzrəti Muhəmməd (s.ə.s.) vəhy olunmuşdur. Peyğəmbərimiz aldığı əmr və qadağaları mərhələ-mərhələ müsəlmanlara çatdırırdı. Bu zaman o, vəhyə son dərəcə həssaslıqla yanaşır, özündən bircə kəlmə də artırıb-əskiltmirdi. Qurani-Kərimdə Allah-Təala Həzrəti Muhəmmədin (s.ə.s.) vəhyə əmanət və sədaqətini aşağıdakı ayələrlə təsdiq edir: "Əgər o (yəni Peyğəmbər) özündən bəzi sözlər uydurub bizə isnad etsəydi, biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Heç biriniz bizim əzabımızı ondan uzaqlaşdıra bilməzdiniz" (Haqqə, 44-47). Lakin Qurani-Kərimin vəhy olunma ardıcıllığını izləyərkən, bəzi İslam hökmlərinin zaman keçdikcə dəyişikliyə uğradığının şahidi oluruq. Yəni Quranın bəzi ayələri müəyyən bir hökmü təsdiq edir, lakin ondan sonra nazil olmuş ayələr bu hökmün aradan qaldırıldığını və ya tamamilə ləğv odluğunu, ya da onda dəyişikliklərin yarandığını bildirir. Birinci növ ayələrə "mənsux" (ləğv olunan), ikinci növ ayələrə isə "nasix" (ləğv edən) deyilir. Burada bir neçə məqama diqqət yetirməyimiz vacibdir: 1. Nəsx məsələsi bilavasitə Allahın ixtiyarında olan həqiqətlərdən biridir və yalnız Allah-Təalanın hər hansı İslam qanununu ləğv etməyə, yaxud dəyişdirməyə ixtiyarı vardır. Hətta Peyğəmbər də Allahın əmri olmadan, bu və ya digər hökmdə dəyişiklik və düzəliş aparmağa səlahiyyətli deyildir. 2. Düzəliş və dəyişikliklər İslamın təməl prinspilərində ola bilməz. Yalnız ikinci dərəcəli şəriət hökmləri nəsx oluna bilər. İslam dininin əsasını təşkil edən əqidə prinsipləri (tövhid, nübüvvət, məad və s.), habelə, vacib ibadətlərin statusu (namaz, oruc, həcc, zəkat və s.-nin vacib olub-olmaması) dəyişiklik obyekti ola bilməz. Çünki onların dəyişdirilməsi İslamın ruhunun bütövlükdə dəyişilməsinə, təhrif olunmasına, bu dinin tamam başqa bir forma almasına səbəb olar. 3. İslam hökmlərində dəyişikliklər yalnız və yalnız Həzrəti Muhəmmədin (s) sağlığında baş vermişdir. O, 23 illik peyğəmbərliyi dövründə bütün hökmləri şəxsən, öz təcrübəsində insanlara çatdırmış, bütün düzəlişləri və dəyişiklikləri də vaxtında bəyan etmişdir. Həzrəti Muhəmmədin (s.ə.s.) vəfatından sonra Allahla bilavasitə (vəhy yolu ilə) əlaqə kəsildiyindən, heç bir dini hökmdə dəyişiklik etməkdən söz də gedə bilməz. Bütün dini məsələlər barədə Peyğəmbərin göstərişləri hədis və sünnə formasında mənbələrdə qeyd olunmuşdur. Onun vəfatından sonra müzakirə olunan məsələlər yalnız bu hədis və sünnələrin dərk olunması və interpretasiyası mövzusundadır. Fəqihlərin (şəriət alimlərinin) fətvaları arasındakı fərqlərin əsas səbəbi də onların bu və ya digər məsələ barəsində sünnədə rast gəlinən və rəvayət fərqlərindən irəli gələn ziddiyyətli məqamların hansı birini əsas tutmalarıdır. Belə ki, fəqihlərin biri müəyyən şəriət məsələsində bir qrup hədisi daha mötəbər sayaraq, ona əməl etməyi vacib bilir, başqa bir fəqih isə buna əks mövqeyi müdafiə edən hədislər qrupunu daha etibarlı sayaraq, ona əməl etməyin vacibliyini vurğulayır. Həzrəti Muhəmmədin (s) vəfatından sonra nə bir imamın, nə bir müctəhidin nə də bir fəqihin şəriətə özündən dəyişiklik gətirmək səlahiyyəti yoxdur. Müsəlman mənbələrində nəql olunan "Muhəmmədin (s.ə.s.) halalı qiyamətə kimi halal, haramı qiyamətə kimi haramdır" hədisi də dediklərimizi sübut edir. 4. Şəriət hökmlərində həyata keçirilmiş bütün dəyişikliklər yalnız və yalnız insanların xeyrinədir və bu hökmlərə icra etmədə asanlıq yaratmağa xidmət edir. Bütün nasix ayələr özündən əvvəlki ayələrdə əmr edilən ciddi və nisbətən ağır hökmlərin təsirini azaltmış, onları daha mülayim və mötədil formaya salmışdır. Bu da Allahın insanlara qarşı nə dərəcədə mərhəmətli olduğunu göstərən növbəti sübutdur. Allah heç vaxt insanları çəkə bildiklərindən artıq yük yükləməz və onların məşəqqətə, çətinliyə düçar olmalarını istəməz. Bu, Quranda belə ifadə olunur: "Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz" (Bəqərə, 286). Bu kiçik müqəddimədən sonra İslamın ilk illərində oruc hökmlərinə edilmiş bir dəyişiklik barədə Sizə məlumat vermək istərdik. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində buyurulur: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı. Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə ibadətdə olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunları aşmayın! Allah öz hökmlərini bu cür bildirir ki, bəlkə, insanlar təqvalı olsunlar". İslam rəvayətlərindən məlum olur ki, orucun vacib edildiyi hicri 2-ci ildən hicri 5-ci ilə kimi həm gündüz, həm də gecə vaxtı müsəlmanlara öz həyat yoldaşları ilə cinsi əlaqədə olmaq qadağan idi. Həmçinin, müsəlmanlara yalnız orucluq gününün sonunda, yatmazdan əvvəl iftar etməyə icazə verilirdi. Hər kim müəyyən səbəblər üzündən axşam iftar açmadan yatsaydı, qida qəbul etmək imkanını itirmiş olurdu və ertəsi gün ac-susuz halda orucunu davam etdirməli idi. Orucluq hökmləri ilkin variantda bu cür təqdim olunmuşdu. Lakin bu qanun müsəlmanlar üçün çox ağır və həm fiziki, həm də psixoloji cəhətdən çətin olduğu üçün, Allah-Təala yuxarıda göstərilən ayə ilə orucluq hökmlərinə düzəlişlər gətirdi. İslam mənbələrində bu ayənin nazil olma səbəbi barədə belə bir rəvayət göstərilir: Peyğəmbərin MutniЅim ibn Cubeyr adlı səhabəsi fiziki cəhətdən zəif idi. Orucluq günlərinin birində MutniЅim axşam evə qayıdır. İftar vaxtı gəlib çatsa da, evdə xörək hələ hazır deyilmiş. Həyat yoldaşı xörək bişirməklə məşğul ikən, MutniЅimi yuxu aparır. O zamankı oruc qaydalarına görə, MutniЅim yuxudan oyanandan sonra daha yemək yeyə bilməzdi. Buna görə də o, ac-susuz halda ertəsi gün orucunu davam etdirir. Hadisə Xəndək müharibəsi ərəfəsində baş vermişdi (hicri 5-ci il). Müsəlmanlar Mədinənin kənarında düşmənin qarşısını kəsmək üçün enli və dərin xəndək qazmaqla məşğul idilər. Bütün gün ərzində şəhərin kənarında gərgin iş gedirdi. Onsuz da zəif olan MutniЅim qazıntı işləri zamanı huşunu itirir. Onun dünəndən yemək yeməməsi məlum olanda bir çox müsəlmanlar də həmin vəziyyətdə olduqlarını bildirirlər. Bu da aşkara çıxır ki, bəzi gənc müsəlmanlar gecə özlərini saxlaya bilməyib, həyat yoldaşları ilə əlaqədə olur və bununla da o zamankı oruc hökmlərini pozurmuşlar. Bu hadisədən sonra Allah-Təala oruc qaydalarına asanlıq gətirmək üçün, yuxarıdakı ayəni Peyğəmbərə nazil etdi. Bununla da orucluq gecələrində (iftar vaxtından sübh açılana, obrazlı dillə desək, ağ sap qara sapdan seçilincəyə kimi) cinsi əlaqədə olmaq və qida qəbul etmək caiz edildi.

Daha Ətraflı: https://gundelik-baku.com/index.php?newsid=41291
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir