Şəfəqə Doğru » Manşet » İcra başçısının oğlunun gecə həyatı

İcra başçısının oğlunun gecə həyatı

İcra başçısının oğlunun gecə həyatı
Mübariz Ağayevin oğlu hər gecə barlarda 500-700 manat xərcləyir

Milli Məclisdə çalışan və 400 manat civarında maaş alan Hüseyn Ağayev Bakının gecə həyatının rəngli simalarından biri hesab olunur

İcra başçısının oğlu bu qədər pulu hardan əldə edir?

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlu Hüseyn Ağayev hər gecə barlarda minimum 500-700 manat arasında pul xərcləyir. Bəzən isə icra başçısının oğlunun bir gecəlik bar xərcləri 1000 manatdan belə artıq olur. Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, Hüseyn Ağayev hər gecə paytaxtın gecə klublarında əylənir. 

Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev işdən sonra adətən birbaşa gecə klublarına üz tutur. Onu bir neçə yaxın dostu müşayiət edir. İcra başçısının ərköyün oğlunun ən çox göründüyü gecə klublarından biri isə "İnfiniti” barıdır. Demək olar ki, icra başçısının oğlu həftədə ən azı 3 dəfə bu barda olur və "İnfiniti”nin daimi müştərilərindən hesab olunur. Ona görə də "İnfiniti”də çalışan hər kəs Göyçayın icra başçısının oğlunu yaxşı tanıyır. Onun burada xüsusi "hörmət sahibi” olduğu da qeyd olunur. Çünki bədxərcliyi ilə tanınan başçı oğlu bir qayda olaraq "çay pulunda” da xəsislik etmir.

Qeyd edək ki, Mübariz Ağayev Quba rayon İcra Hakimiyətinin başçısı olduğu zaman Hüseyn Ağayevin adı Nabranda yerləşən "Atlant” İstirahət Mərkəzindəki atışmada hallanmışdı. Həmin vaxt "Atlant” İstirahət Mərkəzindəki atışma uzun müddət medianın gündəmində olmuşdu. Məsələnin böyüməsi ilə əlaqədar olaraq, Mübariz Ağayev mətbuata açıqlama verərək oğlunun "Atlant” İstirahət Mərkəzindəki atışmada iştirak etmədiyini və bu məlumatın şər-böhtan olduğunu iddia etdi. "Atlantda”kı hadisə ilə bağlı isə aparılan araşdırmadan sonra rəsmi qurumlar günahkarın həbs edildiyini və hadiəsinin icra başçısının oğlu ilə əlaqəli olmadığını bildirdilər. 

Saytımıza verilən məlumatda vurğulanır ki, Mübariz Ağayevin yeganə oğlu olan Hüseyn Ağayev atasının ərköyün balasıdır. Atası belə onun bir sözünü iki edə bilmir. İcra başçısının oğlu hazırda Milli Məclisin Aparatında işləyir və demək olar ki, iş saatlarından sonra digər məmur övladları kimi əsas məşğuliyyəti kef əyləncələrinə pul xərcləməkdir. İnformasiya mənbəmiz bildirir ki, Hüseyn Ağayev hər gecə ortalama 500-700 manat arası əyləncə mərkəzlərində, gecə klublarında pul xərcləyir. Orta hesabla icra başçısının oğlu hər ay təkcə barlarda 15-25 min manat arası pul xərcləyir ki, bu da ölkəmizdə müəllim və həkim işləyən bir vətəndaşın 10 illik əmək haqqısına bərabərdir. 

Xatırladaq ki, Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev 400 manat civarında maaş alır. Atası isə icra başçısı olaraq təqribən ayda 800 manat qazanır. Belə çıxır ki, Hüseyn Ağayev iki gecəyə barlarda həm özünün, həm də atasının maaşını havaya sovurur. Maraqlı orasıdır ki, qalan 28 gündə hansı pullarla və yaxud kimlərin pulları ilə əylənir. Bu sualın cavabını yəqin ki, ən yaxşı bilən Hüseyn Ağayev və atası Mübariz Ağayevdir. 

Onu da qeyd edək ki, Hüseyn Ağayev dostları ilə tez-tez Gürcüstana səfərlər edir. Bu səfərlərə isə icra başçısının oğlu daha böyük pullar xərcləyir. Bu barədə ikinci yazımızda...

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.