Şəfəqə Doğru » Manşet » Fransadan Türkiyə və Azərbaycana zərbə

Fransadan Türkiyə və Azərbaycana zərbə

Fransadan Türkiyə və Azərbaycana zərbə
 Ollandın təşəbbüsü ilə həmsədr ölkənin parlamentində "erməni soyqırımı”nı inkarla bağlı qanun təzədən qəbul olunub...

 


Rusiyanın ardınca Fransada da "erməni soyqırımı”nı inkar edənlərlə bağlı məsələ gündəmə gətirilib. 

Parlament qondarma soyqırımı inkar edənlərə qarşı cəza növünü nəzərdə tutan qanun layihəsini bəyənib. Qanunverici orqanın aşağı palatası hökumətin təqdim etdiyi "Bərabərlik və vətəndaşlıq” haqqında qanun layihəsinə düzəlişi qəbul edib.

Düzəlişə görə, "erməni soyqırımı” faktının inkar edənlərə cəza tətbiq ediləcək. Qanun layihəsində xüsusi qeyd olunur ki, "erməni soyqırımı”nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland bu ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya "erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırmışdı. Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa - Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib.

Prezident "erməni soyqırımı”nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümid etdiyini bildirib.

Doğrudur, qərar hələ parlamentin aşağı palatasında qəbul edilib və Senat bunu ləğv etmək səlahiyyətinə malikdir. Amma ekspertlərin əksəriyyəti Senatın qanun layihəsini təsdiqləyəcəyini düşünür. Heç şübhəsiz ki, bu qərarın qəbulu təkcə Türkiyəni deyil, Azərbaycanı da ciddi şəkildə narahat edəcək. Xüsusilə, "erməni soyqırımı”nı inkar edənlərlə bağlı qərarın qəbulunun Azərbaycan və Ermənistan prezidentləri arasındakı növbəti görüşün Parisdə təşkil olunacağı ilə bağlı fikirlərin səsləndiyi bir zamana təsadüf etməsi ölkəmizin bu məsələdəki rolunu gündəmə gətirir. Ekspertlər həmin görüşə qədər Senatın bu qərarı təsdiqləyəcəyi halda, Azərbaycan tərəfinin görüşdən imtina edə biləcəyini vurğulayırlar. 



 
 
 
 
 
 
Politoloq Elxan Şahinoğlu Fransada "erməni soyqırımı”nın gündəmə gətirilməsinə Almaniyadan pas verildiyini düşünür: "Fransada onsuz da ”erməni soyqırımı" qəbul olunub. Amma indi daha sərt addım atmaq istəyirlər. Fransada bu proseslər hər zaman prezidentlərin səlahiyyət müddətləri başa çatan zamanlar başlayır. Bu qərarın Senatdan keçmə ehtimalı var. Yenə də məsələ Konstitusiya Məhkəməsinə dirənəcək, orada da nə olacaq, məlum deyil. Yəhudi soyqırımı ilə bağlı onsuz da belə bir qanun layihəsi var. Sadəcə, ora "erməni soyqırımı”nı da əlavə etmək istəyirlər. Bu dəfə alınmasa belə, gələcəkdə bu inkar məsələsinin qəbulu mümkündür. Avropa dövlətləri faktiki ikiüzlü siyasət yeridərək, Türkiyə əleyhinə blok formalaşdırıblar. Maraqlıdır, Avropa Birliyi nə qədər inandırıcı olmasa da, Türkiyəni sıralarına qəbul etsə, Avropa dövlətləri yenə də bu siyasətlərinə sadiq qalacaqdırlar? Britaniyanın istefa verən baş nazirinin Türkiyənin 3 min ildən sonra da ittifaqa üzv olmayacağı ilə bağlı fikirlərini nə qədər tənqid etsək də, o düzünü deyib. Artıq Türkiyə siyasətini qətiləşdirməlidir. Türk xalqı Avropa Birliyinə üzv olub-olmamaqla bağlı referenduma getməlidir".

Politoloq Fransada bu qərarın qəbulunun Türkiyə və Azərbaycanla münasibətlərə ciddi təsir etməyəcəyini düşünür: "İqtisadi münasibətlər daim üst səviyyədə olur. Azərbaycan prezidentinin Paris görüşündən imtina etməsinə inanmıram. Almaniyaya məlum qondarma soyqırımın qəbulundan iki gün sonra Azərbaycan prezidenti Almaniyaya səfər etdi. Bu səfər əvvəlcədən planlaşdırılmışdı. Amma İlham Əliyev bir jest etdi ki, alman parlamentində olacaq görüşdən imtina etdi. Düşünürəm ki, prezident Paris görüşündən imtina etməsə də, Senat rəhbərliyi ilə görüşdən imtina edər. Əgər səfərə qədər sənəd Senat tərəfindən qəbul olunarsa. Son zamanlar Azərbaycan Fransada lobbi formalaşdırmağa başlayıb. Bunun nəticələri də var. Əvvəllər Fransa tamam ermənipərəst idisə, indi bu müəyyən qədər azalıb. İqtisadi əlaqələrimiz güclənir. Amma erməni lobbisinin daha güclü olduğunu qəbul etməliyik. 

Yenə də azından Fransa parlamentində bizi müdafiə edənlər var. Müəyyən qruplar da mövcuddur. Amma təəssüf ki, onlar azdırlar. Gələcəkdə qondarma soyqırımla bağlı digər Avropa ölkələrində də bu tipli qərarlar qəbul oluna bilər. Əgər ”erməni soyqırımı"nın tanınmasının o qədər hüquqi qüvvəsi yoxdursa, inkarı ilə bağlı qanun layihəsinin artıq hüquqi qüvvəsi var. Ancaq bu da Türkiyəyə ciddi problem yaratmayacaq. Əksinə, müqavimət göstərilməlidir. Həmin ölkələrdə yaşayan türklər bir ağızdan deməlidirlər ki, bu qondarma soyqırım olmayıb. O zaman görək məhkəmələr minlərlə insanı cəzalandıracaqmı? Əgər bu olarsa, həmin ölkələrin özləri çətin duruma düşəcəklər".