Şəfəqə Doğru » Manşet » Qazaxın yeni icra başçısı köhnə kadrlarla bacara bilmir

Qazaxın yeni icra başçısı köhnə kadrlarla bacara bilmir

Qazaxın yeni icra başçısı köhnə kadrlarla bacara bilmir
Rəcəb Babaşovun Gülayə Həsənova problemini aradan qaldırmağa gücü yetəcəkmi? 

Teref.info-nun poçtuna gələn məktubu sizə təqdim edirik. Saytımıza müraciət ünvanlayan şikayətçi yazır: «Gedişat onu göstərir ki, artıq ayı tamamlanmış Qazaxın yeni icra başçısı Rəcəb Babaşov ətrafındakılarla işləməli olacaq. Rayonda söz-söhbət dolaşır ki, icra hakimiyyətində işləyənlər yuxarıdan tapşırılıblar ki, yerlərində qala bilsinlər. Məsələn, icra başçısının xanım müavini Gülayə Həsənova artıq aparatı da ələ alıb. İctimaiyyətin fikrincə isə 10 ildən artıqdır ki, rayonda sağa-sola "qılınc çəkən” Gülayə Həsənova yenə vəzifəsində qalsa, Qazaxda heç bir inkişafdan söz açmağa dəyməz». Məlumata görə, Gülayə Həsənova gözdən pərdə asaraq, idarə və müəssisələrdə xırda bir "çp” bilən kimi təcili icra başçısına məlumat verir ki, "orada vəziyyət yaxşı deyil, şikayət var”: «Araşdırılanda məlum olur ki, Gülayə Həsənovanın etdiyi "çp”-lər 10 dəfə hər bir idarə və müəssisə rəhbərlərinkindən çoxdur. İndi burada yalnız icra başçısı Rəcəb Babaşovun seçiminə və son sözünə ehtiyac duyulur. Son günlər rayonda vaxtı ilə Qazax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda təhsil şöbəsinin nəzdində şagirdlərin ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru vəzifəsində çalışan 63 yaşlı Nemət Əliyevin vəzifə sevdasına düşməsi də birmənalı qarşılanmır». Şikayətçi daha sonra yazır ki, Nemət Əliyevin Gülayə Həsənova ilə işbirliyi qurması heç də təsadüfdən yaranmayıb. Belə ki, Nemət Əliyev rayonda hansı vəzifələrdə çalışıbsa, həmişə Gülayə Həsənova üçün faydalı olub. Bu kadr vəzifə kreslosunda ilk dəfə rayonun Daş Salahlı kənd 1 saylı tam orta məktəbində direktor kimi əyləşib. İşində yol verdiyi ciddi nöqsanlara görə kənarlaşdırılıb. Haqqın yolunu tapıb Türkiyəyə gedərək pendir alveri ilə məşğul olub. Eyni zamanda, Daş Salahlı kəndindən Türkiyədə işləyən vətəndaşlar üçün "makler” vəzifəsini həyat keçirib. Yəni faizə işləyib. Vaxtı ilə Qazax RİH-nin başçısı vəzifəsində işləyən Əsəd Orucovun dövründə Qazax Rayon Təhsil Şöbəsinin müdiri işləyib. İş prosesində külli miqdarda yeyintiyə yol verdiyinə görə işindən kənarlaşdırılıb. Üstəlik, sabiq icra başçısı Əsəd Orucovla bu günə kimi də maliyyə şöbəsinin başında turp əkən, hazırda da Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi işləyən Novruz Abdullayevin "başı ağrıyıb”. Sabiq icra başçısı Rauf Hüseynov Nemət Əliyevi işindən uzaqlaşdırdıqdan sonra o, Qazax Rayon 107 Saylı Seçki Dairəsinə sədr təyinatı alıb. Nemət Əliyev bu vəzifəni 2006- cı ildən 2011-ci ilə kimi davam etdirib. Sabiq deputat Əhməd Vəliyevin Milli Məclisə seçkisi zamanı yol verilən saxtakarlığa görə dairənin 5 məntəqəsi təkrar seçkilərə getdiyi üçün Nemət Əliyev dairə seçki komissiyasının sədrliyindən uzaqlaşdırılıb. Nemət Əliyev nə qədər iş fəaliyyətində ciddi nöqsanlara yol versə də, qismətli adam kimi qiymətləndirilib. O, təhsil şöbəsinin nəzdində uşaq fondunun sədri də olub. Müəllimlərin əmək haqqından faizlə tutulan pullar fonda daxil olub, buradaca Nemət Əliyevlə əlbir işləyən Gülayə Həsənova üçün münbit şərait yaranıb. Kimsəsiz, qəpik-quruşa ehtiyacı olan və dəftər-qələm almağa da pulu olmayan uşaqlara xidmət üçün fəaliyyət göstərən fond bu cür uşaqların taleyinə yad olmuş, nəticədə fonddakı pullar Gülayə Həsənovanın şəxsi cədvəli əsasında xərclənmişdir. Buradan da göründüyü kimi, xanım müavinlə birlikdə işləyən Nemət Əliyevin "dostluğu” heç cür silinə bilməz. Bu gün də Gülayə Həsənovanın təzə gəlmiş icra başçısına dəqiqləşdirilməmiş faktlar söyləməsi, kiminsə yerinə "su salaraq” Nemət Əliyev üçün vəzifə axtarması heç də təsadüfi deyil. Qəribə burasıdır ki, prezident İlham Əliyev gəncliyə və gənclərə önəm verdiyi bir zamanda 63 yaşlı kadrdan nə gözlənilə bilər? Ola bilsin ki, Gülayə Həsənovanın Nemət Əliyevin neçə yaşı olması da yadından çıxıb. Hazırda icra başçısı Rəcəb Babaşovun göstərişi ilə işindən kim kənarlaşdırılırsa, Nemət Əliyev həmin yerə tapşırılmağa adam axtarır ki, bu da gülüncdür. Çünki onun iş fəaliyyəti ictimaiyyətin gözü qarşısındadır. Yaxşı olar ki, hər kəs öz bacardığına getməklə, keçdiyi həyat yoluna nəzər sala. Qarşı tərəfin də fikirlərinə yer verməyə hazırıq.