Şəfəqə Doğru » Mədəniyyət » Qırmızı Xoruz “banı” kimə nə vəd edir?

Qırmızı Xoruz “banı” kimə nə vəd edir?

Qırmızı Xoruz “banı” kimə nə vəd edir?
Artıq Meymun ilini yola salmağa hazırlaşırıq. Bu il bəziləri üçün düşərli, bəziləri üçünsə o qədər də uğurlu il keçmədi. İndi insanlar qarşıdan gələn Xoruz ilinin planlarını qurur, arzularının 2017-ci ildə gerçəkləşəcəyinə inanırlar. Bir çoxları isə ilin onlara nə vəd edəcəyini əvvəlcədən müəyyənləşdirmək üçün qoroskopla maraqlanır, astroloqların illə bağlı proqnozlarını axtarırlar. Elə biz də insanların bu marağını nəzərə alıb, tanınmış astroloq Səbuhi Rəhimliyə müraciət etdik. 

Xoruz ili yanvarın 28-də saat 04:06-da "banlayacaq” 

Səbuhi bəy bizimlə söhbətində qeyd etdi ki, Xoruz ili yanvarın 28-də Bakı vaxtı ilə səhər saat 04:06-da başalayacaq: "Qeyd etdiyim vaxta qədər Meymun ilinin əhatəsində olacağıq. Xoruz ilində Meymun ilinin törətdikləri problemlərin həlli ilə məşğul olacağıq. Meymun ili hər zaman ağır, müəmmalı, bir az da qıtlıq dövrü kimi xarakterizə olunur. Xoruz ili isə siyasi il sayılır. Astrologiyada cəmi 3 il siyasi il hesab olunur ki, Xoruz ili onların lap önündə gəlir. Dünyanın ahənginin dəyişməsi, baş verən proseslərin tamamlanması üçün Xoruz illərindən hər zaman istifadə olunub”.

Astroloq vurğuladı ki, Meymun ili ilə Xoruz ilinin fərqi birincidə müəmmalı hadisələrin çox olmasıdır. Həmin ildə yeknəsəqlik, insanları yoran, doğru-dürüst olmayan hadisələrə geniş meydan verilir: "Meymun ili oyunbaz, oyunu sevən ildir. Bu il dünyada və ölkəmizdə sona çatmayan, insan ümidinin yönələ bilməyəcəyi dövrü yaşadıq. Ancaq üzümüzə gələn ildə isə hər şey başqa cür olacaq. Xoruz ilində işlər tez həll olunacaq. Tarixə nəzər salsaq, görərik ki, bu ildə müharibələr qurtarıb”.

6 bürc üçün daha şanslı dövrdür

Hər ilin aparıcı bürcləri olur. Bu ilin də aparıcı bürcləri var. S.Rəhimli deyir ki, Oğlaq, Sutökən (Dolça) bürcü ilin aparıcı bürcləridir. Onların ardınca torpaq və hava ünsürləri gəlir: "Torpaq ünsürlülər Buğa, Qız və Oğlaq bürcləridir. Hava ünsürləri isə Əkizlər və Tərəzi bürcüdür. Bu il 6 bürc üçün daha şanslı dövrdür. İllərə gəlincə, astrologiyada hər ilin dostluq üçbucağı deyilən tendensiyası var. Xoruz ilinin dostları Öküz və İlan illərdir. Xoruz ili Öküz və İlan illərində doğulanlar üçün daha şanlı dövr olacaq”.

Çin astrologiyasına əsasən, ümumilikdə, gələn il gözlənilməz görüşlərlə, səfərlər və parlaq hadisələrlə zəngin olacaq. Yeni insanlarla tanışlıq isə hər birimizin taleyinə çox böyük təsir göstərəcək. 

Qoçların şəxsi həyatı çox uğurlu keçəcək

Od ünsürü olan qoçları gələn il harmoniya və qarşılıqlı anlaşma gözləyir. Onların şəxsi həyatı çox uğurlu keçəcək. 2017-ci il ciddi əlaqələrin olması və nikaha daxil olmaq baxımdan ideal zamandır. Amma yeni romantik tanışlıqların fonunda qoçlara sağlamlığına və öz zahirinə böyük diqqət ayırmaq da məsləhət görülür.

Buğalar maraqsız il yaşayacaqlar 

Bu bürcün nümayəndələrinin şəxsi həyatı isə 2017-ci ildə kifayət qədər sabit və maraqsız keçəcək. Buğalar üçün intriqalı görüşlər və çoxlu yeni tanışlıqları gözlənilir, amma onların hamısı yalnız ötəri hisslər olacaq. Odur ki, buğalar Xoruz ilinə sevgi cəbhəsində yeni zirvələr qazanmaq üçün gözəl fasilə kimi baxa bilərlər. Onlar üçün bu sahədə kəskin dəyişikliyi gələn ilə saxlayaq.

Əkizlər ayrılıqla qovuşuğun arasında qalacaqlar 

Şəxsi həyatdakı uğursuzluqlar əkizlərin əvvəlcə qanını qaraldacaq. Qırmızı Xoruz ili onlar üçün ayrılıq və itki ilə başlayacaq. Lakin sonda baş vermiş dəyişikliklər onların yalnız xeyrinə olacaq. Bir çox əkizlər ikinci yarına məhz 2017-ci ildə rast gələcək. 

Xərçənglə Xoruz arasında sərt qarşıdurma olacaq

İlin əvvəlində su ünsürü olan Xərçənglərlə alovlu Xoruzu ili arasında sərt qarşıdurma olacaq. Və gələn ili onlar müdafiə mövqeyində keçirməli olacaqlar. Çünki bu bürcün nümayəndələrinin bir çoxunun münasibətləri ayrılıq ilə nəticələnəcək. Ona görə də xərçənglər üçün artıq mövcud olan münasibətləri qoruyub-saxlanmaq daha mühümdür. Amma payıza qədər hər şey sakitləşəcək və şəxsi həyatda coşqun sevgi məcrası yenidən əvvəlki vəziyyətinə qayıdacaq.

Şirlər üçün sevginin tam hakimiyyəti 

Əzəmətli şirlər zəhlətökən pərəstişkarlarının görüş təklifləri və hədiyyələrindən təkəbbürlə imtina edəcəklər. Bütövlükdə şirlər üçün Xoruz ili sevginin tam hakimiyyəti altında keçəcək. Yeri gəlmişkən, sevgi qurbanları da çox olacaq. Amma şirlər üçün şəxsi həyatında çox vacib mövqeləri olan insanları qoruyub saxlamaq daha əhəmiyyətli olacaq.

Qızlar məhəbbətin döyüş meydanlarında axtarışa çıxmayacaqlar

Torpaq ünsürü olan bu bürcün nümayəndələri üçün sədaqət və vəfa, aldadıcı tanışlıq və həyəcanlı macəralar daha vacibdir. Güclü və özünə inamlı qızlar gələn il məhəbbətin döyüş meydanlarında öz statusunu təsdiqlənmək üçün axtarışa çıxmayacaqlar. Artıq yaranmış əlaqələrin inkişafı, dərinləşməsi və qorunması onlar üçün daha önəmli olacaq.

Tərəzilər Xoruzun qanadları altında himayə olunacaqlar 

Təmkinli və sakit tərəzilər gələn il hamını təəccübləndirəcək. Daim nəzarət altında olan emosiyalar azadlığa çıxacaq. Onlar Xoruzun qanadları altında himayə olunacaq, həmçinin əks cinsin nümayəndələrinin başını döndərəcəklər. Əksər tərəzilər növbəti 12 ay ərzində əvvəlki münasibətlərinə son qoyacaq və dərhal yenilərinə başlayacaqlar, daha möhkəm və uzunömürlü əsaslarla.

Əqrəb şəxsi həyatda yenilik baş verməsini istəyirsə... 

Bu bürcün nümayəndələrinin mürəkkəb xarakteri məhəbbət aləmində onlara gələn il hər vəchlə mane olacaq. Onların özünü yüksək qiymətləndirməsi və eqosentrizmi yeni tanışlarını qorxuda bilər. Odur ki, əgər Əqrəb şəxsi həyatda yenilik baş verməsini istəyirrsə, ilk növbədə özünü dəyişdirməlidir. Bağışlamağı, qüsurları aradan qaldırmağı öyrənməli, eyni zamanda təmkin və diplomatik hərəkət etməlidir.

Oxatanların parlaq yaradıcılıq təbiəti özünün göstərəcək 

Gələn il oxatanlar üçün şəxsi münasibətlər baxımdan yüksək səviyyədə keçəcək. Sevgi sahəsi onlar üçün həm təsadüfi və qısamüddətli romanlar, həm də ağrılı ayrılıqlarla əlamətdar olacaq. Onların parlaq yaradıcılıq təbiəti Xoruz ilində özünü qaynar və coşqun şəkildə göstərəcək. Xüsusi ilə sənət nümayəndələrinin şəxsi həyatı dolu keçəcək.

Oğlaq üçün romantik qələbələr ili 

Digər bürclərlə müqayisədə ziyalı və ağıllı oğlaqlara heç də asan olmayacaq. Xoruz ilində oğlaqlar şəxsi həyatın uğurlu alınması üçün öz zahiri görkəminə diqqət ayırmalı olacaq. Effektli zahiri görünüş onların ləyaqət və məziyyətlərini qabardacaq. Xərclədiyi səylər əbəs yerə getməyəcək, 2017-ci il maraqlı tanışlıqlar və romantik qələbələri ili kimi yekunlaşacaq.

Dolçalar, sevgili axtarışlarına çıxın

Onlar gələn ili ailənin himayəsi altında keçirəcəklər. Dolça bürcləri arasında ailə quran və ana olmağa hazırlaşanlar üstünlük təşkil edəcək. Amma onların nailiyyətləri ciddi münasibətlər axtarışları sayəsində reallaşacaq. Fəallıq və ünsiyyət dolçalara yeni sevgi əlaqələri qurmaq, eləcə də ili ağrısız bitirməkdə yardımçı olacaq. Odur ki, ailə qurmaq üçün sevgili axtarışlarına çıxın.

Balıqların şəxsi həyatında heyrətamiz dəyişikliklər baş verəcək

Soyuq balıqlar gələn il öz dünyalarını təzə və parlaq boyalarla bəzəməyə gözəl imkanlar qazanacaqlar. Onların şəxsi həyatında heyrətamiz dəyişikliklər baş verəcək. Bu bürclərin həyatlarını tamamilə dəyişən gözlənilməz görüşlərin yay aylarına təsadüf etməsi proqnozlaşdırılır. Qırmızı Xoruzu ilində bir çox balıqlar özlərinə qətiyyən oxşamayan, ancaq ideal tərəf müqabili ilə tanış olacaqlar.

Maya təqvimi - bürclər arasında ziddiyyət daha geniş vüsət alacaq

Mayalıların gələcəyə dair çin çıxmış bir çox proqnozları və astrologiya elmi barədə bilgiləri hər zaman diqqət mərkəzində olub. Maya təqviminə əsasən bu il bürclər arasında ziddiyyət daha geniş vüsət alır. Maya təqviminə görə, bürclərlə bağlı proqnozlara ayrı-ayrılıqda nəzər salaq: 

Qoç (21 mart-19 aprel) - İstirahət haqqı qazandınız. Bundan öncəki "Həyat mübarizədir" devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy göstərməlisiniz. Diqqətli olun!

Buğa (20 aprel-20 may) - Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin uğursuzluqları geridə qaldı . Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan həzz almaq şansınız var.

Əkizlər (21 may-20 iyun) - Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq. Əkizlər üçün hər mənada pozitiv il olacaq. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti 4 il sizin iliniz olacaq.

Xərçəng (21 iyun-22 iyul) - Qara zolağa əlvida. Fortuna sizi maraqlı insanlarla qarşılaşdıracaq. Sonda onlar sizin sadiq dostlarınız olacaq. Bu insanlar xərçənglərin şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacaqlar. Bəzi xərçənglər çiyinlərindəki ağır yükdən azad olmaq istəyəcəklər. Növbəti 3 il uğurlu olacaq.

Şir (23 iyul-22 avqust) - Hər şey ovcunun içinə düşəcək. Şirlər hər şeyi həyatdan dişləri, dırnaqları ilə qazanmağa adət ediblər. Bu dəfə hər şeyin rahat-rahat ovuclarına düşməsinə heyrət edəcəklər. Tale şirlərə sonu gözəl bitən təsadüflər bəxş edəcək. 2017 uğur ili olacaq.

Qız (23 avqust-22 sentyabr) - Qətiyyətli ol, sınaqlardan qalib çıx. İlin əvvəlindən qərarlı olmalısan. İl sənə çoxlu imtahanlar hazırlayıb. Bu imtahanları vermək üçün hiyləgər taktika seçməlisən. Qətiyyətli ol və maneələri dəf et.

Tərəzi (23 sentyabr-22 oktyabr) - İstənilən tapşırığın öhdəsindən gələ bilərsiniz. Tale sizə bir çox şanslar bəxş edəcək. Yapışdığınız bir layihənin öhdəsindən qətiyyət sayəsində gələcəksiniz. Bu ildə sizi inanılmaz inkişaf gözləyir.

Əqrəb (23 oktyabr-21 noyabr) - Böyük dəyişikliklərin ərəfəsindəsiniz. Bu ildən sonra həyatınızda iki mərhələ yaranacaq. Əqrəblər sıxıcı işləri, köhnə həmkarları geridə qoymaq istəyəcəklər. Həyata baxışınız dəyişəcək. Növbəti 3 ildə böyük pullar gələcək.

Oxatan (22 noyabr-21 dekabr) - Çox perspektivli ildir. Bu bürcün nikbinliyi və güclü energetikası böyük perspektiv yaradacaq. Onlar problemlərə kənardan baxa bilib, rahatca həll yolları tapacaqlar. Xoruz ili çoxlu şən anlar bəxş edəcək. Bu anlar gələcəyinizi dəyişəcək.

Oğlaq (22 dekabr-19 yanvar) - Özünüzlə məşğul olmaq zamanıdır. Əvvəlcə özünüzü təkmilləşdirin. Baxışlarınız dəyişdikcə dünya da dəyişəcək. Problemləriniz gözünüzdə kiçiləcək, ən kiçik şeylərdən xoşbəxt olmağı öyrənəcəksiniz. Bütün əngəlləri bir-bir aşmaq zamanıdır.

Dolça (20 yanvar-18 fevral) – Bu il dolçaların ilidir. Xoruz ili ruhən Dolçaya yaxındır. Dolçalar yaradıcı təbiətlidirlər, onlar özlərini əziyyətə salmayan, çətinlikdən qaçan insanlardır. Dolça erasının ərəfəsində olduğumuz üçün onlara öz imkanlarını nümayiş etdirmək şansı yaranacaq. Həyatınızın ən gözəl ili gəlir.

Balıq (19 fevral-20 mart) - Bu il balıqlar üçün önəmli olacaq Ömrünüzdə 10 il sürən durğunluq başa çatacaq. Balıqlar yeni enerji ilə həyata sarılacaqlar. İl ərzində hər şeyə sinə gərə biləcəksiniz