Şəfəqə Doğru » Manşet » PULU OLMAYANLARA GÜZƏŞT EDİLƏCƏK

PULU OLMAYANLARA GÜZƏŞT EDİLƏCƏK

PULU OLMAYANLARA GÜZƏŞT EDİLƏCƏK

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.

 

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur: "Bu sistem həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək”.

İ.Əliyev əlavə edib ki, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir: "Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək”.

İ.Əliyev bildirib ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir şəhəri pilot ərazilər seçilib: "Artıq bu sahədə işlərə başlamışıq. Bu rayonlarda sakinlərlə, tibb mütəxəssisləri ilə müəyyən görüşlər keçirilib və ictimai tibbi sığorta barəsində onlara daha ətraflı məlumat verilib”.

Agentlik rəsmisinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.