Direktor Əyyub Əyyubovun fəaliyyəti tələbə və müəllim heyətinin ürəyincə deyil Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun adı mətbuatda tez-tez çəkilir.
Buna səbəb onun rəhbərlik etdiyi təhsil müəssisəsində baş alıb gedən özbaşınalıqlar, tələbələrin incidilməsi və yarıtmaz idarəçilikdir. Gundelik-baku.com-a verilən məlumatlara görə, kollecin direktoru Əyyub Əyyubov buranı şəxsi obyektinə çevirib.
«Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır. Onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. Direktor Əyyub Əyyubov ildən-ilə Mingəçevir Turizm Kollecini tədrisdən daha çox korrupsiya "yuvasına” çevirməyə başlayıb. Uzun illərdir tədris ocağına rəhbərlik edən professorun ən böyük "nailiyyəti” kollecdə mərkəzləşdirilmiş qaydada korrupsiya mexanizmini yaratmasıdır. Buna görə də Mingəçevir Turizm Kolleci Əyyub Əyyubovun "ailə pozratı»na çevrilib».
Məlumatda həmçinin qeyd olunur ki, direktorun həyat yoldaşı Xanım Məmmədova "Dillər” fənn birliyinin sədridir: «Onun bir neçə qardaşı, yerlisi və qohumları kollecdə mərkəzləşdirilmiş korupsiyanın əsas fiqurlarından sayılırlar. Kollecdə semestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əgər tələbə digər fənlərdən imtahanları özü verib cəmi bir fəndən kəsiləndə və həmin kəsri düzəltmək üçün 150 manat «rüsum» verməlidir. Kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür.
Bu üsulla Əyyub Əyyubovun məqsədi heç də imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qazanmaq üçündür». Əyyub Əyyubovla bağlı redaksiyamıza daxil olan digər faktları növbəti yazımızda oxuya bilərsiniz.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.