Vaşinqtonla Bakının arası heç cür düzəlmir. ABŞ sanki Rusiyanın acığını bizdən çıxır. "Ağ ev” barışa bilmir ki, nəzarətindən kənarda 30 illik bir münaqişə 44 gün ərzində modern müharibəylə həllini tapıb və Moskva "Qırmızı ordu”nu Qarabağa sülhməramlı qüvvə kimi yerləşdirib.
Qərb cəbhəsi ilə ulduzları barışmayan Azərbaycan hakimiyyətinin müharibədən sonra təzyiqlərlə üzləşəcəyi bəri başdan məlum idi. Bunu Bakı və Moskvada yaxşı hesablamışdılar.
Əslində Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkında 18 il qabağa ekskursiya edərək "Bəzi paytaxtlarda mənim devrilməyimə qərar verilmişdi” deməsi və o dövrün hadisələrini ilk dəfə xatırlaması elə münasibətlərin soyuq olduğu Qərb düşərgəsinə replikaydı.
Çünki o dönəmdə rəngli inqilabları dəstəkləyən ABŞ və Avropaydı, sadəcə, İ.Əliyevin olub-keçmiş məsələni indi dilə gətirməsi məhz Qərbə xatırlatma idi.
Anaxeber.info yazır ki, Qərb cəbhəsi bütün istiqamətlər üzrə hərəkətə keçib və Azərbaycan hakimiyyətini basqı altında saxlamaqla məşğuldur.
İqtidara yaxın siyasətçilər və Xarici İşlər Nazirliyi səviyyəsində verilən cavablardan görünür ki, 44 günlük müharibədən qalib çıxan ölkəyə təzyiqlər güclənib.
Onsuz da hərbi əməliyyatlar getdiyi günlərdə də Qərb, onun bəzi KİV-ləri Azərbaycanı sıxışdırırdı, ona görə 10 noyabrdan sonra proses davam edir. Bunun bir ucu Rusiyanın nəzarətində münaqişənin həlli, rus sülhməramlıların bölgəyə yerləşməsidirsə, bir ucu Türkiyənin regionda varlığı və Ankaranın Moskvayla son dərəcə yaxınlaşmasıdırsa, başqa bir nüans Qərbin konfliktin həllində açıq şəkildə ofsaydda qalmasıdır.
Odur ki, gah Minsk Qrupu bəyanat yayır, qayıtmaq arzusunu bildirir, (hərçənd münaqişə həll olunub, onlara ehtiyac yoxdur), gah Fransanın Ermənistandakı səfiri Hərbi Qənimətlər Parkında erməni hərbçilərin dəbilqələrinin nümayişini "ləyaqətsizlik” adlandırmaqla rəsmi Parisin mövqeyini ifadə edir və "xoruzlar ölkəsi” adından "banlayır”, gah da ABŞ Dövlət Departamenti tərəfindən son bəyanatda Azərbaycanın qələbəsinin əleyhinə çıxılır. Hələ biz Konqresin Hadrutda keçirilən 10 noyabrdan sonrakı antiterror əməliyyatında ələ keçən 62 erməni terrorçu-diversantla bağlı qətnamə layihəsini hazırlamasını demirik.
Bütün bunlar göstərir ki, Qərb cəbhəsi hərtərəfli səfərbər olunub, hakimiyyəti sıxışdırmaqla regionda yeni situasiya yaratmağa çalışırlar. Elə buna görədir ki, indiyə qədər Bayden hökumətindən Bakıya zəng olmayıb. Dövlət katibi Entoni Blinken Paşinyana zəng edərək bölgəni müzakirə etdiyi halda Azərbaycan rəhbərliyi ilə danışıq aparmayıb.
İ.Əliyev Parkdakı çıxışında bu məsələyə toxunaraq ABŞ-ın həmsədr ölə kimi balansı pozduğunu, ona hələ də Vaşinqtondan zəng gəlmədiyini açıq mətnlə söyləməsi göstərir ki, Azərbaycan-Amerika əlaqələri bu aralar heç yaxşı deyil.
Lakin Qərbdə unudurlar ki, Bakını bu cür sıxmaq onu Rusiyaya daha da yaxınlaşdırmaq, Kremlin bizə təsir imkanlarını gücləndirmək üçün əlverişli şərait yaratmaq deməkdir.
Bunu ABŞ rəhbərliyi niyə edir? Və o adam edir ki, özü - Bayden "qatil” dediyi Putinə təzədən zəng edərək danışıq aparır, üçüncü ölkədə görüş təklif edir.
Bir sözlə, istənilən halda Moskvanın əlini gücləndirən bu yaddaşsız, ahıl amerikalı prezident Rusiyanın qarşısında dolayısı ilə müvəqqəti geri çəkilir, Bakının işinə əngəl törədir.
Anaxeber.info yazır ki, bizə rus sülhməramlılarını Qarabağda neytrallaşdırmaq üçün Qərbdən dəstək lazım olduğu halda onlar - Fransa, Almaniya, ABŞ ermənipərəst siyasət yürüdür, ATƏT-in Minsk Qrupunu xortlatmağa çalışırlar. Bu halda gerçəkdən də bizim Türkiyədən savayı heç bir səmimi dostumuz olmadığı görünür.
Əlbəttə, Böyük Britaniya bu prosesdə Qərb koalisiyasının yanında yer almır, əvvəl gündən bizə siyasi dəstəyi ifadə ediblər. Ümumən, üç nəhəng güc - B.Britaniya, Pakistan, İsrail siyasi marşrutu tərəfdaşımız olub. Yeri gəlmişkən, Avropa Birliyindən çıxan B.Britaniya bu siyasi buqələmunların yanında olmadığını çoxdan nümayiş etirib.
Çox uzatmadan təhlik etməliyik ki, Paşinyanı və erməniləri yenidən dirçəltməyə çalışan Qərb dünyası incə bir məsələdə səhvə yol verir.
Söhbət Azərbaycanın Putinin layihəsi olan Avrasiya İqtisadi Birliyinə üzvlüyə təhrik edilməsindən gedir. Sosial şəbəkədə əksərriyyəti məsxərəyə çevirərək "Batka”nın pul üçün Bakıya gəldiyini yazır, amma Lukaşenkonun miqyası daha iri bir niyyətlə təşrif buyurduğunu güman etmək lazımdır.
O, prezidenti olduğu Belarusun və Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da qoşulması üçün elçi gəlmişdi.
Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşməsi da bu mülahizəni gücləndirir. Rusiya postsovet məkanında öz orbitini genişləndirmək istəyir. Bakı isə bu birliyə üzv olmağa həvəsli görünmür.
Elə son həftələrdə "İsgəndər” - M” raketləri ilə bağlı Azərbaycanın Rusiyadan izahat tələb etməsi, prezidentin açıq şəkildə Moskvaya sözünü deməsi, Putinlə söhbətində bu məsələni müzakirə etməsi göstərir ki, Bakı raket faktını boş yerə indi qaldırmayıb.
Bununla Kremlə təzyiq göstərilərək "Əl çəkin bizdən, o birliyə üzv olmuruq” mesajı verilir. Açığı, Moskva da çıxılmaz vəziyyətdə qalıb, susur və "İsgəndər” - M” raketləri haqda həqiqəti aydınlığa çıxarmır.
İ.Əliyevin "Ermənistanın tərəfdaşı olan Belarus Aİİ-nin və KTMT-nin üzvü olan ölkədir və Azərbaycanın yaxın dostu olan ölkə kimi Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulmasında da mühüm rol oynaya bilər” deməsi də Avrasiya İqtisadi Birliyinə bir eyhamdır.
Yəni, Rusiya hərtərəfli bizi öz ağuşuna almağa, Qərbdən tam qoparmağa çalışdığı bir zamanda ABŞ-ın bizi özündən itələməsi ağlasığmazdır...
Kor-kor, gör-gör, Ermənistanı, Belarusu, Qazaxıstanı çoxdan qazanmış, Ukrayna və Gürcüstanı itirib Qərbə vermiş Rusiya postsovet məkanında Azərbaycanı tamamilə əldə etmək üçün dəridən-qabıqdan çıxır.
Artıq ilk böyük istəyinə çatıb, Qarabağda rus ordusu yerləşib, indi növbə hədəf iqtisadi cəhətdən Azərbaycanı asılı etmək, AİB-ə qoşmaqdır. Bakı isə Qərblə enerji əməkdaşlığını genişləndirməyi, ticari əlaqələri artırmağı düşünür. Əvəzində isə Bayden hökuməti bir dəfə belə bizə zəng etmir, Putin administrasiyasına qol-qanad verir...
Anaxeber.info
Turan