Şəfəqə Doğru » Manşet » OXUMAĞA BAŞLAMIŞIQ

OXUMAĞA BAŞLAMIŞIQ

OXUMAĞA BAŞLAMIŞIQ

Doğulduğum, böyüdüm kəndimizə hər iki ildən bir gedə bilirəm.Onda da tələsik- gah işdən izin verilmir, gah da başqa səbəblərdən.Ancaq, hər  dəfəsində "buna da şükür" deyirəm.Axı illərlə bunu istəyib edə  bilməyənlər də var.

Hər  dəfə kəndə gedəndə müxtəlif  dəyişikliklərin şahidi oluram. Bunlar içində çoxluq  təşkil edənlər  yeni tikililərdir- ya  evlər, ya da hansısa "obyektlər". Hər  dəfəsində qeyri-iradi olaraq özümə deyirəm "bax bu keçən dəfə yox idi".
Bu dəfə də eynisi oldu.Hətta bir  az artığı da. 
Kəndimizin mərkəzi küçəsinin boydan-boya asfaltlanmış, üstəgəl , həmin küçənin işıqlandırılmış olması məni çox  sevindirdi. 2015-ci ildə kənd sakinləri adından ölkə rəhbərinə göndərmək üçün  imza topladığımı xatırladım. Kənd  yollarının yenidən üzlənməsi üçün bir xahiş məktubu idi. 10 min əhalisi olan kəndimizdən 200 imzanı necə çətinliklə topladığımız təsəvvürə gəlməz. Camaat xahiş məktubuna imza atmağa qorxurdu.Elə bilirdilər onları həbs  edəcəklər ki "niyə prezidentdən xahiş etmisən". Təbii ki, imza verənlər anlayış və cəsarət sahibi olanlar da oldu. Ümid edirəm, 4 il sonra kənd  yollarının yenidən üzlənməsində həmin məktubun da bir zərrə payı olub.Yeri gəlmişkən, kəndimizdə rifahın yaxşılaşdırılması üçün əziyyət çəkən hər kəsə bir  kənd  sakini kimi mən də dərin təşəkkür edirəm. Bu cür uğurları bol olsun!
Ancaq, məni bu dəfə daha dərindən təsirləndirən səbəb tamam başqadır. Məni həm təəccübləndirən, bir  o qədər də sevindirən həmin səbəb haqqında  yazmağı istədim- kəndimizdəki kitabxana və kitablar haqqında.
Bədii kitab oxumaq bizim cəmiyyətimiz üçün heç vaxt öyünməli,və ya təbliğə dəyər bir cəhət  sayılmayıb. Mən 38 illik həyatımda bunun şahidi olmadım. Əksi ola bilərdi, lağ-lağı, məzə hədəfi ola bilərdi-"kitabla kim nə qazanıb" deyimi buralarda yayğındır...
Mən ilk dəfə məktəbimizin kitabxanasından aldığım kitabın adını unutmuram-"Qrimm Qardaşları". Dünya uşaq ədəbiyyatı bölümünə aid bu nağıl kitabı mənim kitabsevərliyimdə önəmli pay tutdu. Kitabı mənə verən məktəb kitabxanasının üzünmüddətli  işçisi, hamının sevdiyi Taba müəllimənin (adı Tükəzban olsa da Taba deyirdik) səsini,üzünü xatırlayiram,ona  rəhmət diləyirəm.
Britaniya Kitabxanası
Evdə də kitablarımız az  deyildi. Valideynlərimə bu xüsusda minnətdaram. Bir  şkaf dolusu kitab vardı-yenə var. Hamısını oxumuşam desəm yalan olmaz. Hətta romanlar vardı,"Qırmızı Sahil" kimi, hansı ki bir məktəbli üçün onu oxumaq və anlamaq asan olmazdı. Yenə də oxuyurdum. Di gəl ki, gedib kitabxandan kitab istəmək, icazədən sonra girib, rəflər arasında kitab axtarmaq, 10-15 kitaba baxıb- vərəqlədikdən sonra onların arasından 3-ünü  seçib evə gətirmək başqa idi. 
Məktəb kitabxanasından sonra getdiyim ikinci kitabxana Kənd Xəstəxana Kitabxanası oldu. Burada daha çox, "böyüklərə aid" kitablar var idi. Mən məktəbli idim, mənə lazım olan isə tarixi kitablar idi. Tapmışdım. "Çingiz xan"-ı götürdüm ilk olaraq...
Kitabları sevmək, oxumaq, oxutdurmaq vacibdir.Ancaq, kitabxanalar olmadan buna əlimiz çatmaz. Axı, hər evdə minlərlə,on minlərlə kitab saxlamaq mümkün deyil- bunları almağa pul da yetməz.
Kəndimizə doğru yola çıxanda, hələ çatmamışdan orada ziyarət  edəcəyim yerlər haqqında fikirləşirəm- beynimdə siyahı edirəm. Bunların lap əvvəlində Şəhidlər Xiyabanı, arxasınca isə kitabxana gəlir. 
Bu dəfə də kitabxanamıza baş çəkdim. Mərkəzi kitabxanamız.
Heç vaxt xəzinə görməmişəm.Ancaq filmlərdə filan. Nədənsə kitabxanalardakı kitabları görəndə mən elə bilirəm bir xəzinə var qarşımda. Həmin kitablar da ləl-cəvahiratdır. Sadəcə, o zənginliyi mənimsəyə bilmək xüsusi qabiliyyət tələb edir. Hər kəsdə ola bilməz. 
MƏDƏNİYYƏT: Azərbaycanda 2927 kütləvi kitabxana, 239 muzey, 29 peşəkar teatr fəaliyyət göstərir...
Özümdən asılı deyil, həmişə kitabı əlimə götürən  kimi onun üz  qabığını çevirib baxıram.Çünki, maraq edirəm-"görəsən,məndən əvvəl bunu neçə nəfər oxuyub"- deyərək. Bu vərdiş məndə son 15 ildə yaranıb. Niyəsə, oxuduğum və oxumaq  istədiyim kitabların başqa kimlər  tərəfində oxunmuş olduğunu bilmək istəyirəm. Elə bilirəm ki, həmin adamlarla ortaq hansısa fikirlər, hisslər gəzdirməkdəyik. Kimsə "həmin kitabı mən də oxumuşam" deyəndə o mənim üçün bir tanış kimi görünür.Onunla hansısa bir mövzuda danışmaq, müzakirə etmək mənə "dizimin altında"kı qədər hazır görünür. 
2015-ci ilə qədər həm Daş Salahlıda yerləşən kitabxanalar həm də Qazax Mərkəzi Kitabxanasına  gedir, hər  dəfəsində açıb kitabların neçə dəfə oxunduğuna baxırdım. Bəzi kitabların gəlməsindən 5-10 il keçsə də, bir dəfə olsun alınıb oxunulmamışdı. Misal üçün, Corc  Oruell-in "1984" əsəri - bu kitabın gətirilməsində illər keçsə də üz qabığı hələ açılmamışdı. Üstəgəl, bu kitabların əksəriyyəti latin qrafikasında  yenidən çap edilmişdi. Ölkə rəhbərinin təqdirəlayiq  addımlarından biri kimi qəbul etdiyim bu yenilik əslində yeni nəsil oxucularımız üçün böyük fürsət yaratmışdı. Təsəvvür edin, dünya klassiklərinin əsərləri latın qrafikasında və azərbaycan dilində bizə kitabxalarda  pulsuz təqdim edilir-böyük imkandır.Təbii ki, anlayana və yararlanana.
İllər sürətlə keçir.Keçən ay da kəndimizə səfərim zamanı kitabxanamıza getdim. 
Səliqəli, qulluq  edilən, təmiz saxlanılan bir kitabxana gördüm. İşçi heyəti mehriban, reaktiv, kitab axtarışına həvəslə yardım edənlərdən ibarət idi.
Mən yenə kitablarla "görüşdüm", onları adətim üzrə vərəqlədim. Həm yeni gələn kitabları tanımaq, həm də, son illərdə oxuyuculuq sayında fərq olub-olmadığını görmək üçün kitabların üz qabığındakı qeydiyyat bölümünə diqqət  etdim. Nə gördüm? Böyük yenilik, "inanılmaz" deyilə biləcək yeniliyi, bu dəfəki ziyarətimdə mənə ən çox təsir edən yeniliyi-KİTABLARIN OXUNDUĞUNU gördüm.
Bir-bir dünya ədəbiyyatı klassiklərinin əsərlərinə baxdım: Dostoyevski-nin, Viktor Hügon-un,Umberto Eko, Borxes, Sartr-ın, Lev Tolstoy-un, Turgenev-in və başqa bir  neçə ədəbiyyat nəhənginin kitabları kitabxanamızdan alınaraq oxunulmuşdu. Həm də dəfələrcə. Bəziləri 5, bəziləri 8 dəfə olmaqla. Təsəvvür etdikcə ürəyimdə bir fərəh hissi yaranır. Kim demiş "biz hara kitab oxumaq hara" . Yalandır. Biz istəsək kitabı oxuyarıq da, yazarıq da. Həmin kitabları hansı həmkəndlim alıb, evində oxuyubsa, oxutdurubsa yuxarıda vurğuladığım "Ləl-cəvahirat"dan özünə pay götürə bilib.Təsəvvür edək ki, kimsə vaxt edib "Atalar və Oğullar"ı və ya "Vadidəki Zambaq"ı oxuyub, onun üçün və əhatələndiyi cəmiyyət üçün bundan daha fərəhləndirici nə ola bilər.Bu həm də, ətrafdakılar  tərəfindən yoluxucu bir xüsusiyyətdir.Bir dəfə mən kitabxanadan kitab götürən zaman yanımda olan və  heç vaxt kitab oxumayan xalaoğlum da həvəsləndi, o da kitab götürüb oxudu. Başqalarını da tanıyıram.
Oxuyucuların artması kitabxanalar  üçün də sevindirici olmalıdır. Güman ki, belə olan halda yaxın zamanlarda kənddəki  kitabxananın invertarının artması, yeni kitabların gətirilməsi, kitab sayının çoxaldılması gözləniləndir. Əgər oxuyan varsa, niyə də kitab sayı artırılmasın?! Hətta, qiraət salonu yaradıla bilər. Bəzi oxuyucular  üçün bu şəkildə oxumaq daha cəlbedicidir. 
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
Bəlkə çoxları üçün heç bir əhəmiyyət  kəsb etməyən bu yenilik məndə yeni ümidlər də doğurdu. Əgər oxuyuruqsa, deməli yazılanların da qədrini biləcəyik. Əgər, yazılana dəyər verilirsə, deməli bir gün özümüz də yazmağa həvəslənəcəyik. Bizdən əvvəlkiləri bizdən sonrakılara ötürmək üçün bundan daha yaxşı vasitə yoxdur.Hələlik isə, oxuyuculuq  qabiliyyətimizi artırmalı,ən azından, SÜKANI BELƏ SAXLAMALIYIQ. 

NİCAT NOVRUZOV