Şəfəqə Doğru » Manşet » “Qırmızı Xaç”ın qırmızı yalanları - Xankəndi ofisi niyə qapadılmır?

“Qırmızı Xaç”ın qırmızı yalanları - Xankəndi ofisi niyə qapadılmır?

“Qırmızı Xaç”ın qırmızı yalanları - Xankəndi ofisi niyə qapadılmır?

“Azərbaycan Ermənistana hücuma hazırlaşır” feyk-tezisi  Qərb tərəfindən körüklənməkdə davam edir. Hədəf məlum: Fransa daxil, bəzi Qərb ölkələrinin Ermənistandakı məlum addımları haqlı görünsün. Beynəlxalq birliyi buna inandırmaq üçün isə təbii ki, ən əvvəl “neytral və qərəzsiz” təşkilatlardan istifadə olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi.

Məsələ də ondadır ki, BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru vəzifəsini tutan Ariane Bauer komitənin qapalı iclaslarından birində tamamilə neytral olmayan və çox qərəzli açıqlamalar verib. Onun fikrincə, Azərbaycan təhlükəsi səbəbindən BQXK Qarabağda fəal olmalı, Rusiya-Ukrayna müharibəsi BQXK-nın diqqətini digər strateji əhəmiyyətli sahələrdən yayındırmamalıdır.

Qeyd edək ki, İsveçrə əsilli, beş dildə səlis danışan bu xanım komitənin üzvü olmaqla yanaşı, Fransa xüsusi xidmət orqanlarının əməkdaşıdır, Qərbin təcrübəli kəşfiyyatçısı hesab edilir. Onun İraq, Ukrayna da daxil olmaqla, qaynar nöqtələrdə iki onillik “iş təcrübəsi” var. 2020-ci ildə Ermənistanla müharibə zamanı Azərbaycanda da işləyib. Yəni o, nə etdiyini yaxşı bilir və tapşırıqları icra edir. İstisna deyil ki, BQXK-nın ictimaiyyəti Azərbaycan tərəfindən məcburi təxribatlara hazırlaması fonunda Qərbin Ermənistanın əli ilə təşkil etdiyi təxribatların şahidi olacağıq.

Təbii ki, belə mövqe “Qırmızı Xaç”ın mandatına uyğun gəlmir. BQXK-nın Xankəndidəki ofisinin prinsipcə niyə hələ də fəaliyyət göstərməsi də aydın deyil. Qarabağ münaqişəsi bitib, amma BQXK inadla orada qalmaqda davam edir. Yada salaq ki, bir sıra KİV-lərdə BQXK əməkdaşının 44 günlük müharibə zamanı Fransa kəşfiyyatına məlumat ötürməsi, ardınca onun ölkəmizdən qovulması ilə bağlı xəbərlər yayılmışdı.

Maraqlıdır, Azərbaycan BQXK-nın Xankəndidə olmasına niyə hələ də dözür?

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə: “Qarabağdan getmək istəməyən erməni əsilli mülki əhaliyə Azərbaycan dövləti, hökumət və qeyri-hökumət təşkilatları diqqət və qayğı göstərir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində BQXK-nın Qarabağda fəallıq olmalıdır fikrinə diqqət çəkib: “Mən Əsir və itkin düşmüş, girov götürülmüş  vətəndaşlarla əlaqələr Dövlət Komissiyasının 15 ilə yaxın üzvü olmuşam. Fəaliyyətimiz dövründə dəfələrlə Azərbaycan ərazisinin BQXK-nın Qarabağın ermənilər tərəfindən işğalı və bu işğal nəticəsində BQXK-nın üzərinə düşən fəaliyyətin kifayət qədər həyata keçirilməməsi, hətta fəaliyyətsizliyi, əsir və girovlarımıza qarşı münasibətdə ikili, laqeyd yanaşmaların şahidi olmuşam. Sonrakı dövrlərdə də biz bunun şahidi olmuşuq. BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru vəzifəsini tutan Ariane Bauerin fikirləri nə təşkilatın mandatına, nə də tərəfsizliyinə uyğun deyil. Rusiya-Ukrayna müharibəsində 100 minlərlə insan həlak olub. Ukraynanın suveren əraziləri Rusiya tərəfindən işğal edilib. Ariane Bauer sanki Ukrayna ilə Qarabağdakı məsələləri eyniləşdirməyə çalışır. Halbuki Qarabağda müharibə yoxdur, milli azlıqların həyat və təhlükəsizliyi üçün təhdid yoxdur. A.Bauer eyni zamanda qeyd edir ki, Ukraynadakı hadisələr Qarabağdakı hadisələrdən diqqəti yayındırmamalıdır. O, Qarabağda daha fəal olmaqla bağlı fikirlər səsləndirir. Söhbət hansı fəallıqdan gedir? Hansı məsələlər həll olunmalıdır? Qarabağdan getmək istəməyən erməni əsilli mülki əhaliyə Azərbaycan dövləti, hökumət və qeyri-hökumət təşkilatları diqqət və qayğı göstərir. Onların yaşamını-qidalanmasını, səhhətini tam nəzarətdə saxlayır. Belə olan halda BQXK Xankəndidə hansı fəaliyyəti göstərir? Sadəcə, mərkəzi ofisdən pul silməklə, günlərini keçirməklə, əmək haqqı almaqla məşğuldurlar, yoxsa müəyyən kəşfiyyat məlumatlarının toplanması ilə? Onlar Azərbaycan Silahlı Qüvvələri ilə bağlı, dövlətin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bağlı Ermənistana və Ermənistanın havadarı olan digər dövlətlərə müəyyən informasiya ötürə bilərlər. Bu zaman sual yaranır ki, BQXK-nın Xankəndidə nə işi var? Əgər təşkilat Azərbaycanda və Ermənistanda fəaliyyət göstərirsə, əsas ofisə tabe olmalıdır, əməkdaşlar isə Xankəndinə ezamiyyətə gedə bilərlər. Lakin orada məskunlaşmaq, hər hansı "fəaliyyət göstərmək" yolverilməzdir. Belə olan halda Azərbaycan onların mandatına baxaraq BQXK-nın Xankəndi, yaxud Qarabağın digər ərazilərində olub-olmaması məsələsini gündəmə gətirməlidir. Hazırda Qarabağda olan azsaylı erməni əhalisi ilə bağlı məsələləri Bakıdakı ofis həll edə bilər. Xankəndidə daimi ofisin olmasını məqsədəuyğun hesab etmirəm". 

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli: “Qanunvericiliyə görə, BQXK-nın Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir, çünki...” 

Siyasi şərhçi Elçin Mirzəbəyli da komitənuin keçmişi ilə əlaqədar kifayət qədər qaranlıq məqamların olduğunu bildirib: “BQXK-nın casusluq fəaliyyəti ilə məşğul olması yeni məlumat deyil. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi zamanı bununla bağlı çoxsaylı faktlar qeydə alınıb. Bu məlumatlar müxtəlif ölkələr, o cümlədən ABŞ-ın kəşfiyyat orqanları tərəfindən dəfələrlə açıqlanıb.  1941-1945-ci illərdə müxtəlif ölkələr, o cümlədən Rusiya, Türkiyə, Əlcəzair, Misirdə ABŞ kəşfiyyatı tərəfindən BQXK-nın 45 əməkdaşı aşkarlanıb. Onlar alman kəşfiyyatının üzvü olublar. Onların bir qismi Avropanın bir sıra ölkələrində fəaliyyət göstərib. Bu faktlar daha sonra istintaq materiallarında da dərc olunub. Sonrakı proseslərdə, Yaxın Şərqdə və postsovet məkanında BQXK əməkdaşlarının casusluq fəaliyyəti ilə məşğul olması ilə bağlı kifayət qədər fakt var. Komitənin adı ilə əlaqədar başqa cinayət xarakterli əməllərə də rast gəlinib. Təsisatın adı ilə ofşor şirkətləri qeydə alınıb. Hətta uşaq oyuncaqları satılması, dələduzluq, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdıqları vəsaitin mənimsənilməsinə qədər çoxsaylı cinayət faktı var. Panamada faəliyyət göstərən "Mossak Fon-seka" hüquq firmasının BQXK ilə iş birliyi quraraq komitənin adından ofşor şirkətlərin qeydiyyata alınması, çirkli pulların yuyulmasında istifadə olunması  cinayət işi və məhkəmə predmeti olan faktdır. 2016-cı ildə Ukraynada media resursları araşdırmalar nəticəsində BQXK-nın rəhbər şəxslərinin humanitar yardımların satılması, ödənişli tibb kurslarının açılması, qanunsuz yollarla pul qazanılması və digər korrupsiya halları ilə bağlı məqamları ortaya çıxarmışdılar. 2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə aparmaq üçün ayrılan vəsaitin 5 milyon dolları komitənin əməkdaşları tərəfindən mənimsənilib. İstintaq müəyyən edib ki, Liberiya proqramı çərçivəsində rəqəmlər həddən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib". 

E.Mirzəbəyli vurğulayıb ki, eyni yanaşma Xankəndi ofisində də qeydə alınıb: “Qanunvericiliyinə görə, BQXK-nın Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir, çünki Azərbaycanda 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin və müdafiə naziri əvəzi Əliağa Şıxlinskinin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti yaradılıb. Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təsisatın öz nizamnaməsi, Cenevrə konvensiyaları və "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Qanunla tənzimlənir. Sözügedən qanuna əsasən, “Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının ərazisində Qızıl Aypara Cəmiyyətindən başqa, eyni missiyanı həyata keçirən hər hansı bir təsisatın, o cümlədən Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə icazə verilmir. Çünki Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, ölkəmizdə bütövlükdə hərəkatı, həm də yeganə milli təsisat kimi təmsil edir. Bu aspektdən yanaşsaq, mahiyyət aşkar görünür. Azərbaycan əleyhinə birtərəfli siyasi mövqe nümayiş etdirməklə səsləndirilən fikirlər əslində qurumun cinayətkar xarakterli əməllərindən diqqəti yayındırmaq üçün uydurulan ənənəvi iddialardan başqa bir şey deyil. Azərbaycan qanunvericiliyi çərçivəsində belə bir təsisatın fəaliyyətinə ehtiyac yoxdur. Xankəndi və digər işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət qurumları fəaliyyət göstərirlər. Bu qurumlar bütün sosial, humanitar, zəruri ehtiyacları ödəmək iqtidarındadır. Hətta bu missiyanı BQXK-nın casus şəbəkəsindən dəfələrlə yüksək səviyyədə yerinə yetirə bilərlər. Bu baxımdan BQXK Azərbaycan ərazisindən çıxarılmalıdır". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”