Şəfəqə Doğru » Gündəm » Puç olan intriqa - 17 il öncə, Gülən-Gül dövründə də belə bir şey olmuşdu...

Puç olan intriqa - 17 il öncə, Gülən-Gül dövründə də belə bir şey olmuşdu...

Puç olan intriqa - 17 il öncə, Gülən-Gül dövründə də belə bir şey olmuşdu...

Son 17 ildə qardaş Türkiyə və Azərbaycan arasında bu cür söz-söhbətlərin, umu-küsülərin yaranması ikinci dəfədir.

2009-cu ilin oktyabrında Türkiyə prezidenti Abdulla Gülün rüsxəti ilə xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin Sürix şəhərində ermənistanlı həmkarı Edvard Nalbandyanla protokol imzalamışdı.

İmzalama mərasimində adı çəkilən nazirlərlə yanaşı, ABŞ-nin dövlət katibi (xarici işlər naziri) Hillari Klinton, Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak etmişdilər.

Beləliklə, Azərbaycan dövləti acı bir gerçəklik qarşısında qalmışdı. Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla Türkiyə arasında belə bir sazişin imzalanması qardaşlığa sığmırdı, çünki tamamilə Azərbaycanın mənafeyinə zidd idi. Həmsədr ölkələr ermənilər üçün “xilasedici kəmər” rolu oynayacaq bu sazişlə rəsmi Bakını oyundankənar vəziyyətə salır, yeganə dəstəkçisindən mərhum edirdilər.

O zaman xeyli dərəcədə məxfi tutulan bu görüş və imzalama törəni barədə ilk olaraq “Yeni Müsavat”ın konfidensial mövzular üzrə ixtisaslaşmış əməkdaşı Fərhad Məmmədov qeyri-populyar xarici mənbələrə istinadla yazdı və ertəsi gün regionda qalmaqal yarandı.

“Sürix protokolları” Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tuturdu. Tərəflər arasında rəsmi diplomatik münasibətlər qurulacaqdı. 1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədi açılacaqdı, “erməni soyqırımı" məsələsi ilə bağlı birgə tarixi komissiya yaradılacaqdı.

Bu təkcə Azərbaycana yox, elə Türkiyənin özünə də xəyanət idi. ABŞ, Rusiya və Fransa Türkiyəni “erməni genosidi” iddiasını tanımağa sürükləyir, eyni zamanda Azərbaycanı təkləyirdilər.

Abdulla Gül və Əhməd Davudoğluna bu sifarişin Pensilvaniyadan, Fətullah Güləndən gəldiyi bir müddət sonra bilindi. Pensilvaniyaya ismarış isə Vaşinqtondan verilmişdi.

Türkiyəni idarə edən qüvvələrin bir yarısı bu sazişdən xəbərsiz idi. Azərbaycan dövlətinin rəsmilərinin, eləcə də müxalifət və mətbuatın kəskin reaksiyasından sonra “Sürix protokolları” kağız parçasına döndü. Protokollar hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmalı idi. Sənəddə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə mövcud olan münaqişəyə toxunulmadığına görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ortaya açıq və kəskin mövqe qoydu, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmayacağı təqdirdə Türkiyə-Ermənistan sərhədinin açılmayacağını bəyan etdi və məsələ bitdi.

Bu, epizodik gərginlikdən sonra Türkiyə və Azərbaycan arasında qardaşlıq büsatı davam etdi, bu günlərə gəldi.

Artıq BMT Baş Assambleyasının sessiyasında baş verən hadisələrlə bağlı yaranan yeni bir gərginlik ocağı da çox uzanmadan sönüb, söndürülüb.

Bu, bir gerçəkdir ki, ölkəmizdə Türkiyə ilə isti münasibətləri xor görənlər olduğu kimi, Türkiyədə də belələri var və onlar ələ düşən fürsətdən dərhal yararlanaraq, iki qardaş ölkənin arasını vurmaq, hər ikisini təkləmək istəyirlər.

Bizdəkilər əsasən yaxın xarici dövlətlərə rəğbət bəsləyən, müəyyən iplərlə onlara bağlı olan, təbliğatlarını aparan, siyasi publisistik mediada “5-ci kolon” adlandırılan qüvvələrdir. Onlar bütün gücləri və düşüncələri ilə Türkiyəyə qarşıdırlar və bir yarısı hesab edir ki, Türkiyənin əvəzinə bu ölkədə Rusiya dominant olmalıdır, o biri yarısı da İrana könül verib, ölkəmizin İranın əyaləti olmasına çalışır.

Ölkəmizdə vaxtaşırı baş qaldıran “türk dili ana dilimizi boğur” vay-nöfsəsi də boş yerdən kükrəmir. Körükləyənlər var.

Bir də bu məqsədyönlü işləyən qüvvələrə kortəbii şəkildə, öz şəxsi inciklikləri üzündən qoşulanlar var. Bir neçə yüzünün Türkiyə vətəndaşları ilə izdivacı uğursuz alınıb, bir o qədəri müxtəlif peşələrdə (qədimindən müasirinə qədər) işləmək üçün getdiyi Türkiyədən deportasiya olunub, bir xeylisi ölkəmizdə işləyən türkiyəli sahibkarlardan zərər görüb, N qədər insan turist səfərləri zamanı xoşagəlməz davranışlarla, xırda çaplı dələduzluqlarla üzləşib və sair və ilaxır.

Belə situasiyalarda xeyli adamın içində birikmiş kin-küdurət, hirs-hikkə üzə çıxır, dövlətlərarası münasibətlərə fokuslanır və ortalıqda yaxşı-yaman söhbətlər, şərhlər uçuşur. Elə çıxır ki, bir adamın haqlı, ya haqsız şəkildə Türkiyədən deportasiya olunması və ya digər məişət intriqaları iki dövlətin arasının dəyməsinə səbəb ola biləcək hadisədir.

Təbii ki, elə deyil.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Türkiyə də etnik tərkibi baxımından yekcins ölkə deyil. Bu ölkədə kürdlər, lazlar, çərkəzlər, süryanilər, ərəblər, ermənilər və s. etnik qruplar yaşayır və onların heç də hamısı nəyə görəsə Azərbaycanla münasibətlərin istiliyindən məmnun deyillər. Bunların sırasında qafasını Avropanın kosmopolit ideolojilərinə qapdıranlar, hər şeyə din-məzhəb prizmasından yanaşanlar (belələri xalqımızın əsasən şiə məzhəbindən olmasını heç cür həzm edə bilmirlər), milli təkəbbür hissi aşıb-daşanlar, məişət intriqalarından çıxış edənlər var.

Onların əlinə iki dövlətin arasını vurmaq üçün fürsət düşəndə hamam tazında sunami yaratmağa, ortalığı qarışdırmağa çalışırlar. İndiki, sosial şəbəkələrin hər kəs üçün əlçatan olduğu bunu etmək asan görünür. Biri bir təxribatçı status yazır, şəkil paylaşır, beşi, onu, mini onu paylaşır, bu tərəfdən də beşi, onu, mini onlara cavab verir, söz atışması böyüyür.

Ancaq bu cür təxribatçılar unudurlar ki, onların bütün canfəşanlığı liderlərin bir zəngləşməsi ilə puç olub gedəcək. Hələ bunun təmkinini, sanbalını sona qədər qoruyan ictimai xadimləri, siyasi fəalları, obyektivliyini itirməyən jurnalistləri, elm, sənət adamları var. Onlar da ortaya aydın və optimal mövqe qoyanda sular durulur, yaramazlıq təxribatçılara qalır.

Hər kəs bunu belə bilsin: iki müstəqil dövlətin dostluq, qardaşlıq münasibəti təyyarədə tanış olub aeroportdaca birgə yaşamağa qərar verən, 1 aydan sonra boşanan cütlüklərin izdivacına bənzəməz. Dövlətləri bir-birinə bağlayan bağ çoxdur və boğaz körpüsünü saxlayan polad troslardan da möhkəmdir//musavat.com