ABŞ-də ölkənin bütün hava limanlarında uçuşlara tətbiq edilən qadağanın aradan qaldırılmasından sonra hava nəqliyyatı tədricən normal fəaliyyətinə qayıdır.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi ("Sean Duffy") "X" sosial şəbəkəsindəki son açıqlamasında əməliyyatların bərpa olunduğunu və uçuşların təhlükəsiz olduğunu bildirib.
Nazirin sözlərinə görə, təyyarələr artıq yerindən tərpənir və havaya qalxır. Nazirlik bərpa prosesinə dəstək vermək üçün aviaşirkətlərlə sıx əməkdaşlıq edir. Lakin aviadaşıyıcılar təyyarələri və uçuş heyətlərini ən çox ehtiyac duyulan istiqamətlərə yönləndirmək məqsədilə uçuş cədvəllərində dəyişikliklər etməyə davam etdikcə, bir müddət daha bəzi reyslərdə gecikmələr və ləğvlərin qeydə alınacağı gözlənilir.
Şon Daffi vurğulayıb ki, hazırda onların ən başlıca prioritet hədəfi sərnişinləri mümkün qədər tez və təhlükəsiz şəkildə evlərinə, ailələrinin yanına qayıtmasını təmin etməkdir. O, həmçinin gərgin şəraitdə günün 24 saatı fasiləsiz çalışan hava hərəkəti dispetçerlərinə, pilotlara və uçuş heyətinə göstərdikləri peşəkarlıq və fədakarlığa görə təşəkkürünü bildirib.
Vəziyyətlə bağlı əlavə yenilikləri bölüşmək üçün yerli vaxtla saat 10:30-da ABŞ Nəqliyyat Nazirliyinin (USDOT) qərargahında mətbuat brifinqi keçiriləcək.
Xatırladaq ki, noyabrın 13-də ABŞ Federal Aviasiya İdarəsinin (FAA) uçuşların idarə edilməsi sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə bütün hava limanlarında uçuşlar təxminən 4,5 saat müddətinə tam dayandırılıb. Araşdırmalar problemin köhnəlmiş avadanlıqdan qaynaqlandığını üzə çıxarıb. Nazir Şon Daffinin sözlərinə görə, həmin sistemlərin yenilənməsi üçün ölkəyə təxminən 50 milyard dollar investisiya tələb olunur.