SAXTA ƏLİL İŞİ... KİMLƏRİ APARACAQ? - GƏLİŞMƏ
- Tarix: 22-iyun-2021, 11:56 - Bölmə: Manşet / Maraq - Baxış sayı: 62
"Saxta əlillik”, "əlilliyin ləğvi”, "əlilliyin təyini”… Son zamanlar həm rəsmi, həm də qeyri-rəsmi çevrələrdə, sosial şəbəkələrdə haqqında ən çox danışılan, müzakirə olunan mövzulardır. Müzakirələrə səbəbsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində fəaliyyətini genişləndirib, bu yöndə ciddi çalışmalara başlamasıdır. Nəticə etibarilə bu sahədə qanunsuzluğa yol verənlər, əsassız əlillik təyinatlarına şərait yaradanlar, əlilliyin təyin edilməsi kriteriyalarına uyğun gəlinmədiyi halda bir sıra şəxslərə əlilliyin təyin edildiyi üzə çıxıb. Hazırda bu cür neqativ hallarla bağlı hüquqi müstəvidə tədbirlər görülür. Amma həqiqi əlilliyi olanlar da bundan əziyyət çəkir. Ümumi araşdırmalar əlillik müavinəti alanların müavinətlərinin müvəqqəti də olsa dayandırılmasına gətirib çıxarıb ki, bu da həmin insanların maddi sıxıntı çəkməsinə səbəb olub.

Azərbaycan dövlət siyasətinin vətəndaşların sosial rifah halının daim yüksəlməsi, yaxşılaşması üzərində yürüdüldüyünün təsdiqə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər hansı digər layihələr, işlər təxirə salınsa da, sosial yönümlü layihələri heç vaxt təxirə salmadığı, ləğv etmədiyi, əksinə, bütün çıxışlarında bu məsələnin üzərində dayanaraq vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edəcək layihələrin icrasına önəm verdiyini görürük. Bu, Azərbaycan dövlət siyasətinin prioritetidir və o, heç vaxt dəyişməyəcək. Eyni zamanda dövlət vətəndaşlar arasına fərq qoyulmur. İstehsalat əlili, fiziki qüsurluğu, yaxud əlilliyi olan şəxslər, yaxud müharibə əlili, dövlətimiz bütün vətəndaşlarını maddi cəhətdən təmin edir. Lakin etiraf etməliyik ki, müharibə əlilləri xüsusi kateqoriyadır. Məhz müharibənin od-alovundan çıxdıqlarına görə, müqəddəs Vətən savaşında iştirak edərək sağlamlıqlarını itirdiklərinə görə. Bu insanlar təkcə hansısa fiziki əlilliyi görə müalicə və reabilitasiyaya ehtiyac duymur, eyni zamanda müharibə stressi onların psixi reabilitasiyasını da vacib edir. Belə vaxtda müharibə əlillərinin əlillik təqaüdlərinin dayandırılması təbii ki, onlara mənfi təsir edən amil olacaq. Bu məsələdə ƏƏSTM-nin öz arqumentləri, yanaşma tərzi olduğu kimi, əlillərin də öz arqumentləri var.

Saxta əlillik dərəcələri təyin edənlər cəzalanacaq

Qeyd edək ki, saxta əlilliklə bağlı 266 şəxs üzrə sənədlər Baş Prokurorluğa göndərilib. 2018-2021-ci illərdə bu istiqamətdə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb. Beləliklə, əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Qanunsuz əməllərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Hazırda cinayət işləri üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəyib, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Əlilliyin müəyyənləşməsində obyektivlik əsas şərt olmalıdır

Xatırladaq ki, parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlı müzakirələr aparıldı. Millət vəkilləri qeyd ediblər ki, əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər edilməlidir. Əlilliyin müdafiəsinə dair Qanun 3 ildir qəbul olunub. Lakin qanunda işləməyən maddələr var. Onları işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsi, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsi həyata keçirilməlidir. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam yəqinlik yoxdur. Saxta əlillik dərəcəsi alanla bərabər, saxta əlillik dərəcəsi verənlə bağlı qanundakı maddə də işləmir. Ən problemli məsələ isə saxta əlillik dərəcələrinin ləğvi zamanı həqiqi əlilliyi olan şəxslərin, əlillik təqaüdü almaq hüququ olan insanların hüquqlarının pozulması və onların təqaüdlərinin kəsilməsidir. İndiki mərhələdə təqaüdlərin müəyyənləşməsində obyektivlik tətbiq etmək mümkündür və bu, icra edilməlidir. Amma bu iş son dərəcə həssaslıqla aparılmalıdır. Qanundan sonrakı nəticələr, faiz məsələsi – sağlamlığın itirilməsi faizinə görə əlillik dərəcəsi və buna uyğun təqaüdün təyini, işin hansı qurumlar tərəfindən icra olunacağı dəqiq bilinməlidir. Müddətsiz əlilliyin təyini ilə bağlı da kriteriyalar dəqiqləşməlidir. Müharibədə əlini-qolunu, ayağını, bədənini hansısa əzasını itirmiş qazilərə müddətsiz əlillik müəyyən edilməlidir. İtirilmiş əza, bərpa olunmayandırsa, niyə də müddətsiz əlillik olmasın? Hazırda təkcə ürək-qan dövranı sisteminin xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib. Bu, "Əlilliyin müəyyən olunması Meyarları”na əlavə "İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb. Yeni qaydalara görə, qan dövranı sisteminin xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq, məsələn, arterial hipertenziyanın I, II və III dərəcələri, xəstəliyin II və III mərhələləri, əlaqəli klinik vəziyyətlərdən irəli gələn orqanizmin funksiyası(lar)nın əhəmiyyətli təzahür edən pozulması, tez-tez (ildə 6 dəfədən çox) olan ağır krizlər olduğu zaman (81 -100 faiz) əlillik müddətsiz təyin olunacaq. Ürəyin işemik xəstəliyi zamanı, ürək qan dövranının əhəmiyyətli pozulması zamanı da əlillik dərəcəsi təyin olunacaq.

"Əvvəlki qanun geri oxunmalıdır”

"Qarabağ qaziləri" İctimai Birliyi isə əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Milli Məclisə iki təklif ünvanlayıb. Birliyin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu qeyd edir ki, əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı qazilərin ciddi narazılıqları var. Səbəb Nazirlər Kabineti tərəfindən 2015-ci ildə qəbul edilmiş 413 saylı qərardır. Deputat Musa Quliyev də mətbuata açıqlamasında bunu etiraf edib. Bütün problemlər buradan başlayıb. Yəni əvvəlki qərarla 2015-ci ilədək əlillik dərəcəsi alan qazilər 2021-ci ildə təkrar müayinəyə gələrkən 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla əlilliyə səbəb olan xeyli xəstəliklər siyahıdan çıxarılıb deyə, komissiya yenidən qaziyə əlillik dərəcəsi verə bilmir. Hazırda MM-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihə yaxşı olsa, qəbul edilsə belə 2023-cü ildə qüvvəyə minəcək. Deməli, ona qədər qazilər təqaüd ala bilməyəcək. Ona görə də təklif edirik ki, optimal çıxış yolu kimi NK-nin 413 saylı qərarı ləğv edilib, yenisi (indi müzakirə edilir) qəbul edilənə qədər müayinə vaxtı çatan qazilərin əlillik müddəti 1 il uzadılsın, təqaüdləri də ödənsin ki, məsələlər tam aydınlaşana kimi qazilər maddi sıxıntı çəkməsin. Bu təklif hələlik yeganə çıxış yoludur. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarın icrası dərhal dayandırılmalıdır. Buna yönəlik, qanunvericilik bazası yenidən işlənməlidir.

Oxşar xəbərlər