Şəfəqə Doğru » Gündəm » İrlandiyada BOMBA HƏYƏCANI - Dünya liderlərinin toplaşdığı binanın yaxınlığında partlayıcı qurğu aşkarlandı

İrlandiyada BOMBA HƏYƏCANI - Dünya liderlərinin toplaşdığı binanın yaxınlığında partlayıcı qurğu aşkarlandı

İrlandiyada BOMBA HƏYƏCANI - Dünya liderlərinin toplaşdığı binanın yaxınlığında partlayıcı qurğu aşkarlandı

İrlandiyanın paytaxtı Dublində Avropa liderləri üçün qapalı ziyafətin keçirildiyi məkanın yaxınlığında partlayıcı qurğu aşkarlanıb.

RTE telekanalı xəbər verir ki, şəhərin mərkəzində, İrlandiya Milli Qalereyası ilə üzbəüz yerləşən Merrion meydanındakı ofis binasında əldəqayırma partlayıcı qurğu tapılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, bir gün əvvəl məhz həmin qalereyada Avropa dövlətlərinin başçıları üçün qapalı ziyafət təşkil olunub.

Məlumata görə, noyabrın 13-də günorta saatlarında İrlandiya polisinə Merrion meydanındakı binada şübhəli əşya olması barədə siqnal daxil olub və hadisə yerinə mütəxəssislər göndərilib.

Polis tapılan partlayıcının konstruksiya baxımından primitiv olduğunu, lakin real təhlükə daşıdığını açıqlayıb. İrlandiya Müdafiə Qüvvələrinin istehkamçıları qurğunu məsafədən idarə olunan robot vasitəsilə zərərsizləşdiriblər.

Əməliyyatdan sonra polis araşdırmalara başlayıb. Bombanın nə vaxt yerləşdirildiyi və hadisənin arxasında kimin dayandığı hələlik məlum deyil. Bildirilir ki, Milli Qalereyadakı ziyafət Avropa İttifaqı ölkələrini və digər Avropa dövlətlərini birləşdirən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Şam yeməyində Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Endi Börnhem və Kanadanın baş naziri Mark Karni də iştirak ediblər.

İrlandiya polisi ikigünlük görüşü ölkə tarixində ən böyük təhlükəsizlik əməliyyatı adlandırıb//musavat.com