Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov mövqeyini möhkəmləndirib
Cəlilabad rayonuna öz kadrını icra başçısı göndərməyə nail olması onun iqtidarda növbəti yüksəlişi kimi qiymətləndirilir.
FİA.Az media üzərindən xəbər verir ki, K.Həsənovun güclənməsi onun qardaşı olan deputat Malik Həsənovun da vəziyyətinə ciddi şəkildə müsbət təsir edib.
M.Həsənov ölkədə bizneslə məşğul olan parlament üzvlərindən biridir. Onun Milli Məclisdə fəallığı heç vaxt olmayıb.
Komitə sədrinin nüfuzu hesabına mandat sahibi olub. 2015-ci ildən isə başı üzərində "qara bulud”lar dolaşmağa başlamışdı. MTN-nin ləğvi M.Həsənova ciddi zərbə vurdu.
Çünki keçmiş nazir Eldar Mahmudovun seçdirdiyi deputatların siyahısında M.Həsənovun da adı keçirdi.
O siyahıda Çingiz Əsədullayev və İqbal Ağazadə mandatdan məhrum edildilər. Malik Həsənov isə vəziyyətdən çıxa bildi.
Təbii ki, bu məsələdə qardaşı Kərəm Həsənovun böyük rolu olduğu sirr deyil. Uzun müddət Həsənovlar üçün təhlükə sovuşmamışdı. Ancaq indi hər şey geridə qalıb.
Komitə sədrinin digər qardaşı – Şahin Həsənovun MTN-də vəzifə tutması, Malik Həsənovun isə MTN şefi Eldar Mahmudov sayəsində parlamentə yol tapması dövlət rəhbərliyinin masasına qoyulan dosyedə yer aldığı bildirilirdi.
Ən ciddi məsələ Malik Həsənovla bağlı idi. Onun deputat mandatı məhz MTN-ə bağlı qüvvələr tərəfindən verilib.
Malik Həsənovun daxil olduğu şəbəkənin vurulması onun mandatını itirməsi ilə nəticələnə bilərdi. Ona görə də qardaşı Kərəm Həsənovdan daha çox, özü narahat idi.
Həqiqətən də ölkə rəhbərliyi qardaşlara möhkəm qəzəbli idi və həbs təhlükəsi var idi. Azərbaycanın siyasi arsenalında həmin 10 gündə cərəyan edən hadisələr təlatüm effekti doğurmuşdu.
Ölkənin gündəmini silkələyən və sunami təsiri bağışlayan həbslər dalğası genişlənməkdə idi.
Həsənovlar da növbənin onlara çatacağını hiss etmişdi. Amma Reyestr Xidməti rəisi Məhəmməd İmanovun həbsi dönüş yarada bildi.
FİA.Az media üzərindən xəbər verir ki, artıq o günlər arxada qalıb, Həsənovlar üçün yeni mərhələ başlanıb, Malik Həsənov biznesini inkişaf etdirir.
Onun biznesini Dubaya köçürdüyü haqda məlumatlar var idi. Habelə, Həsənovların Çexiyada biznesinin olması xarici KİV-in araşdırmasında təsdiqlənib.
Komitə sədrinin Benetiçe və Karlovı Vari şəhərlərindəki mineral su zavodlarında istehsal edilən məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur.
Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur.
"Bu gün Pilzen şəhərində Kərəm Həsənova məxsus nəhəng pivə zavodu fəaliyyət göstərir. Bu zavodun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır.
İstər əhatə etdiyi sahə, istərsə də istehsal intensivliyinə görə kifayət qədər böyük olan və komitə sədrinə milyonlarla dollar qazandıran zavodun vəziyyəti hazırda son dərəcə qənaətbəxş olsa da, mövcud durum Kərəm Həsənovu o qədər də qane etmir.
Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir.
Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu son 7-8 ildə Azərbaycanda ciddi kapital sahibinə çevirib.
Kərəm Həsənovun qardaşı, millət vəkili, "AZINKO-holdinq” in prezidenti Malik Həsənov tərəfindən idarə olunan bu biznes imperiyasının iri ranqlı oliqarxlardan biri ilə ortaq "proje” olduğu da deyilir.
Ancaq millət vəkilinin işi, ilk növbədə, parlamentin iclaslarında, müxtəlif komitələrdə hazırlanan qanunların müzakirəsində aktiv olmaq, həmin qanunlara öz təkliflərini çatdırmaqdır.
Malik Həsənovun 5 illik deputatlığı dövründə biz bu səsləndirilən arqumentin birinə belə, rast gəlmədik.
Yəni Malik Həsənovun işi yalnız və yalnız oturduğu kresloda "düymə” basmaq, bir də haqqında yazılan müxtəlif məlumatlardan qəzəblənmək oldu.
Görünür Kərəm Həsənov məhz Malik Həsənovun bir millət vəkili olaraq belə susqun tərzinə aşiq olduğundan, onu yenidən 2020-də mandat sahibi edib dost-tanış yanında qürurlanmaq istəyir.
Qarşı tərəfi dinləməyə hazırıq.