Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə növbəti görüşü fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri Rusiya və Türkiyə prezidentlərinin gözlənilən görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir:"Birincisi, Dağlıq Qarabağ münaqişəsiylə bağlıdır. Türkiyə prezidenti Bakı-Tiflis-Qars dəmiryolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə, Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar.
Ərdoğan bu açıqlamasıyla ona işarə edib ki, Ermənistan tamamilə Rusiyadan asılıdır. Yəni Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq, İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu, belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Sazişdə bu maddə yer almasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın "aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təminatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır”.
Politoloq Rusiyanın hakimiyyət dairələrində Azərbaycan üçün hazırlanan planın detallarını açıb:
"Rusiya Ermənistan hakimiyyətini razı salaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, "aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir. Bunun əvəzində isə rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:
1. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur;
2. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur;
3. Başda Rusiya olmaqla, KTMT ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir.
Azərbaycan 5 rayonun qeyri-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər. Digər iki şərt Azərbaycan üçün ağırdır. Buna baxmayaraq, 3-cü şərti də istisnalarla bu şəkildə qəbul etmək olar ki, Rusiya sülhməramlılarının sayı KTMT-nin digər üzvləri - Qazaxıstan və ya Belarus sülhməramlılarının sayından çox olmamalı, üstəlik, Türkiyə hərbçiləri də eyni sayda Dağlıq Qarabağda yerləşdirilməlidirlər. Beş rayonun boşaldılmasından başqa qısa müddətdə digər 2 rayonun boşaldılması da təmin edilərsə və azərbaycanlı məcburi köçkünlərin tamamı Dağlıq Qarabağa qayıdarsa, üstəlik, referendum şərti irəli sürülməzsə, Azərbaycanın müşahidəçi statusunda KTMT-də iştirakı nəzərdən keçirilə bilər. Yetər ki, işğala son qoyulsun və erməni separatçıları müstəqillik tələblərindən vaz keçsinlər”.
E.Şahinoğlu bölgədə 3 böyük layihədən birinə start verilməsi ilə bağlı bəzi məsələlərə diqqət çəkib:
"Bakı-Tiflis-Qars dəmiryolu işə düşdü və Şimal-Cənub dəhlizi adlandırılan Rusiya-Azərbaycan-İran dəmiryolunun işə düşəcəyi tarixə də çox qalmayıb. Bu da işə düşdükdən sonra TAP və TANAP layihələrinə start veriləcək və Azərbaycan qazı Avropaya daşınacaq. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İrəvan strateji planlaşdırmada nə qədər kasad olsa da, anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək. Ərdoğan Putinə "böyük sülhün” bu üstünlüklərini anlatmağa çalışacaq”.
Siyasi şəhçi Ərdoğanın Putinlə müzakirə edəcəyi başqa mövzuların da olduğunu qeyd edib:
"Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq "Türk axını” layihəsi sürətlə irəriləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Ərdoğan Putindən xahiş etmək istəyir ki, Rusiya Xəzərin dibinin dibi ilə də boru xəttinin inşasına mane olmasın və Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropaya daşına bilsin. Ərdoğan Kremlin "Xəzərin dibindən boru xəttinin çəkilməsi ekologiyaya zərər vura bilər” bəhanəsindən imtina edəcəyinə ümidlidir. Rusiya Şimal dənizinin və Qara dənizin dibi ilə boru xətti çəkirsə və bu ekologiyaya heç bir zərər vurmursa, Xəzərin dibi ilə çəkilən boru xətti niyə ekologiyaya zərər vurmalıdır?
Sadəcə, Kreml türkmən qazının TAP və TANAP boru xətləriylə daşınmasını istəmir. Ancaq Avropa bazarı böyükdür və hamının qaza ehtiyacı var. Digər tərtəfdən Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Rusiya öz qazının tamamını güclə Avropaya sırımaqda çətinlik çəkir. Brüssel də Ankara kimi istəyir ki, Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınsın. Xəzərin dibi ilə boru xəttinin tikintisinə süni əngəllər yaratmaq Putinin özünün səsləndirdiyi yanaşmaya ziddir. Rusiya prezidenti hər zaman deyir ki, azad rəqabətin tərəfdarıdır. Putin bu cümləni tez-tez ona görə təkrarlayır ki, ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Demək, məntiqlə Putin başqalarına da öz qazını Avropaya çatdırmaqda mane olmamalıdır. Yoxsa, onun tənqid etdiyi Vaşinqtondan fərqi olmayacaq”.
Politoloq hesab edir ki, Ərdoğanın "Dağlıq Qarabağ münaqişəsini həll edək, bu, hamının xeyrinədir” təklifinə Putinin necə cavab verəcəyi aşağı-yuxarı bəllidir, şərtlər ortadadır:
"Türkmənistan qazının Avropaya çatdırılması məqsədilə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyinə necə cavab verəcəyi haqqında isə səhih məlumat yoxdur. Ancaq şübhəsiz Putin bunun qarşılığında da Ərdoğandan nəsə istəyəcək və bu istək miqyasına görə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyindən az olmayacaq.
Beləliklə, növbəti Ərdoğan-Putin görüşünə hər iki tərəf ciddi hazırlaşır. Ərdoğan hər iki təklifiylə bağlı Putindən müsbət cavab alarsa, bu, bölgədə radikal dəyişikliklərə yol açacaq. Əks halda vəziyyət dəyişməyəcək, adəti üzrə atəşkəs intensiv pozulacaq, snayperlər həmişəki kimi işləyəcək, müharibə ehtimalı da azalmayacaq.
Ərdoğan Putinlə görüşdən sonra böyük ehtimalla, azərbaycanlı həmkarı İlham Əliyevlə də görüşəcək ki, Kreml sahibi ilə danışıqlar barədə onu məlumatlandırsın. Eyni məntiqlə də Putin erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Çünki bu dəfəki görüş Cənubi Qafqazdakı problemlərin kompleks həllinə həsr olunub. Bölgədə sabitliyin, davamlı inkişafın və əməkdaşlığın təminatı üçün optimal həll variantı aşağıdakı kimidir:
Birincisi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilir, rayonlar boşaldılır və məcburi köçkünlər geri qayıdırlar, bölgədə geniş tərkibli sülhməramlı qüvvələr yerləşdirilir, Dağlıq Qarabağ erməniləri ya geniş muxtariyyətə, ya da "aralıq statusa” malik olurlar.
İkincisi, birinci şərtin yerinə yetirilməsi Azərbaycanın və Türkiyənin Rusiya ilə regional əsasda əməkdaşlığını gücləndirir.
Üçüncüsü, Ermənistanın təcridinə son qoyulur və bu ölkənin regional layihələrdə iştirakı təmin edilir. Bu mənada Rusiya-Azərbaycan-Ermənistan dəmiryolunun bərpası da müzakirə oluna bilər.
Dördüncüsü, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilişinə mane olmur və Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır.
Bu planın işləməsi üçün Kreml Ərdoğanın təklifləriylə razılaşaraq İrəvana təsir etməli və enerji bazarında azad rəqabətə üstünlük verdiyini göstərməlidir. Seçim Putinindir”