Birləşmiş Ştatlar Rusiyaya, konkret olaraq prezident Vladimir Putin və ətrafına qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır. ABŞ Konqresinin gündəmə gətirdiyi yeni qanun layihəsi bunu deməyə əsas verir.
Sənəddə ABŞ kəşfiyyatının üzərinə Vladimir Putin və ətrafının maliyyə aktivləri barədə bilgi toplamaq öhdəliyi qoyulur. Demokrat Valdiz Deminq və respublikaçı Elis Stefanikin hazırladığı qanun layihəsində bildirilir ki, Rusiya iqtidarı hakimiyyəti əlində saxlamaq və demokratik rejimləri zəiflətmək üçün korrupsiyadan istifadə edir.
"Putin və onun tərəfdarlarına təzyiq göstərməyin ən yaxşı yolu onların qeyri-qanuni və gizli maliyyə axınlarını izləməkdir", - deyə Valdiz Deminq bildirib.
Sənəd müəllifləri Rusiyanı Birləşmiş Ştatların demokratik institutlarına müdaxilədə də ittiham edirlər.
Konqresin baxmağa hazırlaşdığı qanun layihəsində Amerika kəşfiyyatından (kəşfiyyat orqanının məlumatları toplayan 16 bölməsinə) Putin və ətrafının necə varlandığını (bunu təmin edən mənbələri) və hökumətin korrupsiyalaşmasında rusiyalı oliqarxlardan kimlərin rolunun olduğunu araşdırmaq istənilir.
Qanun layihəsi ilə bağlı Kremldən operativ reaksiya gəlib. Putinin mətbuat katibi Dmitri Peskov sənədi ciddi qəbul etmədiklərini deyib: "Hesab etmirəm ki, bu sənədə ciddi yanaşmaq lazımdır. Böyük ehtimalla, bu, rusofob cəhdlərdən biridir və artıq biz bunlara kinayə ilə yanaşmağa öyrəşmişik".
Peskov onu da bildirib ki, Putinin bu təşəbbüsdən xəbərdar olduğunu zənn etmir.
2018-ci il yanvarında ABŞ Maliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinlə əlaqələri olan siyasətçilər, məmurlar və oliqarxların siyahısını - "Kreml hesabatı”nı dərc etmişdi. Sənədə 210 şəxsin adı daxil edilmişdi. Onlardan 114-ü yüksək vəzifəli məmurlar və dövlət şirkətlərinin rəhbərləri, 96-sı isə oliqarxlar idi.
"Kreml hesabatı”na daxil edilmiş biznesmenlər arasında milyarderlər Alişir Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Vahid Ələkbərov, Süleyman Kərimov və Yuri Milner də vardı. Siyahıya Rusiya Prezident Administrasiyasında və hökumətdə çalışanların demək olar ki, hamısının (43 nəfər) adı salınmışdı. Putinin dostu sayılan Arkadi və Boris Rotenberqlər, həmçinin Gennadi Timçenko da hesabata daxil edilmişdi. "Rosneft”in rəhbəri İqor Seçin və "Qazprom”un rəhbəri Aleksey Millerin adları da siyahıya düşmüşdü.
Eyni zamanda Prezident Administrasiyasının başçısı Anton Vayno, onun köməkçisi Aleksey Qromov, prezidentin mətbuat katibi Dimitri Peskov, baş nazir Dmitri Medvedev, onun müavinləri və nazirlər də sənədə daxil edilmişdi.
Bu siyahı ABŞ prezidenti Donald Trampın 2017-ci ildə imzaladığı sanksiyalar barədə qanuna müvafiq olaraq hazırlanmışdı. Hesabatın hazırlanması həm də o demək idi ki, Birləşmiş Ştatlar adları məlum siyahıda yer alanlara sanksiyalar tətbiq edə bilər. Bununla yanaşı, siyahı Rusiyada adları keçən şəxslərlə əməkdaşlıq edənlərə mesaj idi və bir növ çəkindirici xarakter daşıyırdı.
Həmin vaxt əsasən siyahının oliqarxlarla bağlı hissəsinə dair tənqidlər səslənmişdi. İradlar isə belə idi ki, ABŞ Maliyyə Nazirliyi Putinə yaxınlığına görə böyük pullar qazanan iş adamları ilə, öz varidatını korrupsiya sxemində yer almadan toplayan iş adamları arasında fərq qoymayıb. Və böyük ehtimalla, bütün adları "Forbes"in "Rusiyanın ən varlı adamları" siyahısından köçürüb.
Hətta ötən ilin dekabrında milyarder Valentin Qapontsev ABŞ Maliyyə Nazirliyini məhkəməyə verərək adının məlum hesabatdan çıxarılmasını tələb etmişdi. Və bildirmişdi ki, adının bu siyahıda yer alması onun işgüzar nüfuzuna zərbə vurur.
2017-ci ilin iyulunda "Hermitage Capital" fondunun rəhbəri Uilyam Brauder Senatdakı dinləmələrdə bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin dünyanın ən varlı adamıdır. Rusiyada maliyyə cinayətlərində ittiham olunan Brauder iddia edir ki, Putinin varidatı 200 milyard dollardır.
"Forbes" 2017-ci ildə Putinin kürəkəni Kiril Şamalovun sərvətinin 1,3 milyard dollar olduğunu yazmışdı. Sonradan "Bloomberg" Şamalovun Putinin qızından boşandığı barədə xəbər yaymışdı.
ABŞ Rusiyaya qarşı sərt sanksiyalar siyasətini davam etdirəcəyini bu ilin əvvəlində də açıq şəkildə bəyan etmişdi. Maliyyə naziri Stiven Mnuçin bildirmişdi ki, Tramp administrasiyası Rusiyaya qarşı əvvəlki hakimiyyətlərdən daha çox sanksiya tətbiq edir və Vaşinqton bu siyasətini davam etdirəcək. ABŞ rəsmiləri onu da bildirirlər ki, Krım problemi həllini tapmayana qədər Moskvaya qarşı sanksiyaları qüvvədə saxlayacaqlar.
ABŞ-ın məşhur kəşfiyyat-analitika mərkəzi olan "Stratfor" 2019-a dair proqnozlarında Rusiyadan bəhs edərkən Vaşinqton-Moskva gərginliyinin artacağını bəyan etmişdi. Qurum hesab edir ki, bu il Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya siyasətini daha da inkişaf etdirəcək. Moskva yeni-yeni sanksiyalarla üzləşəcək və bu məhdudiyyətlər əsasən iqtisadi-ticari müstəvidə olacaq.
Hazırladı: G.Hüseynova
Strateq.az