Şəfəqə Doğru » Manşet » Hüseynqulu Bağırov niyə narahatdır?

Hüseynqulu Bağırov niyə narahatdır?

Hüseynqulu Bağırov niyə narahatdır?

Ötən yazılarımızda əldə etdiyimiz məlumatlara əsasən bildirmişdik ki, yaxın zamanlarda ölkə başçısının apardığı islahatlar çərçivəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da vəzifəsindən kənarlaşdırıla bilər.

Vurğulamışdıq ki, buna səbəb isə nazirin nəzarətində olduğu qurumda nöqsanlar, bu nöqsanların mediada ictimailəşdirilməsinin qarşısının alınması, nazirə yaxın şəxslərin fəlaiyyəti və ölkənin ekoloji durumunun acınacaqlı olması, korrupsiya faktları, həmçinin meşələrin qırılması hallarıdır.

Bu gün AzToday.az-a Bağırovla bağlı ilginc məlumat daxil olub.

Məlumatda deyilir ki, nazirin ətrafı son baş verən proseslərdən ciddi qorxuya düşüb. Bu da nazirinin özünün narahatlığından irəli gəlir. Yəni artıq durum kritikləşir.

Mənbə bildirir ki, Hüseynqulu Bağırovla bir müddət öncə vəzifəsindən yola salınan Ziya Məmmədov arasında yaxın dostluq münasibətləri olub. Bu əlaqələr isə Bağırova ciddi problem yaradıb.

Mənbənin sözlərinə görə, Trampın "xilas” edə bilmədiyi Məmmədovun belə bir aqibət yaşaması isə Hüseynqulu Bağırovu çətin vəziyyətə salıb. Nazir hesab edir ki, Ziya Məmmədovun vurulmasına maraqlı olan qüvvələr onun dostuna qarşı da analoji addımı ata bilərlər.

Bildirilir ki, həmçinin Hüseynqulu Bağırov hakimiyyətin ən yüksək eşelonunda arzuolunmaz şəxsə çevrilib.

Məlumatlara görə, artıq Hüseynqulu Bağırovun korrupsiya şəbəkəsi, rüşvət mexanizmi, qanuni və qanunsuz obyektlərinin siyahısı, ətraf mühitin mühafizəsi departamentinin qanunsuz əməlləri, nazirlikdə "vahid kassa” sisteminin yaradılması və başqa məsələlər barədə faktlar toplanıb və bir neçə gündən sonra istefa ərizəsi onun qarşısına qoyula bilər.

Bağırovun xeyir-duası ilə qırılan meşələr hesabına fəaliyyət göstərən qanuni və qeyri-qanuni mebel, taxta-şalban və parket sexləri, həmçinin daş və qum karxanaları, eyni zamanda şimal bölgəsi başda olmaqla respublikanın müxtəlif rayonlarındakı obyektləri, şəxsi biznesi hazırlanan qara siyahıda öz əksini tapıb. Eyni zamanda içməli su probleminin həlli və çirkli suların təmizlənməsi layihələrində yol verilən maxinasiyalar da siyahıda xüsusi qabardılıb.

Mənbə iddia edir ki, yaxın günlərdə hazırlanan sənədlər tam şəkildə ölkə başçısına təqdim ediləcək və bundan sonra Hüseynqulu Bağırovun gələcək taleyi ilə bağlı qərar veriləcək.

"Oliqarxlararası çəkişmələrin növbəti qurbanına çevrilən Bağırovun fəaliyyətinin isə ciddi yoxlanılacağı istisna deyil”, – mənbə bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.

Shafaqadogru.com  Az.Today.az-a istinadən bildirir.