Şəfəqə Doğru » Maraq » Vaksinini dünyaya hədiyyə edən yəhudi həkim

Vaksinini dünyaya hədiyyə edən yəhudi həkim

Vaksinini dünyaya hədiyyə edən yəhudi həkim

Koronavirus pandemiyasının bu qədər uzun sürməsinin bir səbəbi vaksinin nisbətən gec tapılması oldusa da, digər səbəbi onun dünyadakı tələbə cavab verəcək qədər istehsalının baha başa gəlməsidir. Əhalisi 7 milyardı keçən planetin təcili peyvəndləşməsi, 10 milyardlarla dozanın hazırlanması, daşınması, saxlanması problemini idarə etmək gərəyi yaradır. Bu həm də ciddi miqdarda büdcə hesabına əmələ gəlir.

 

Bəs nə etmək olardı ?

 

20-ci əsrin ən hörmətə layiq alimlərindən olan Polşa yəhudisi Albert Bruce Sabinin (Albert Saperstein) nümunəsini götürmək olardı. Gənckən Polşadan Amerikaya köçən Sabin, 1960-cı illərin əvvəllərində uşaqlarda geniş yayılmış olan böyük bir pandemiyaya, Poliomielit uşaq xəstəliyinə peyvənd tapır. O peyvəndi öz adına sertifikatlaşdırıb patent hüququ ilə laboratoriyalara satmaq, milyonlar qazanmaq yerinə, başqa bir yol tutur. Peyvənd haqqında məlumatları Dünya Səhiyyə Təşkilatına göndərir ki, bütün dünya ölkələri, hətta kasıb ölkələr belə eyni zamanda peyvəndi ucuz qiymətə əldə edə bilsinlər. Öz kəşfindən bir qəpik də qazanmayan Sabin, ömürboyu öz professor maaşıyla dolanır.

 

Deyilənə görə o, öz peyvəndini niyə patentləşdirmədiyi sualına "dünya uşaqlarına hədiyyəm olsun" deyə cavab veribmiş. Ancaq, bu günkü dünyanın laboratoriyaları koronavirusla bağlı araşdırmalarını bölüşmək yerinə, onları gəlir qaynağı kimi saxlamağı və pandemiyadan milyardlar qazanmağı üstün tuturlar.