Nikol Paşinyanın Gürcüstana səfəri diqqət mərkəzində saxlanılmalı, onun Gürcüstan rəsmiləri ilə keçirdiyi görüşlər ciddi şəkildə təhlil olunmalı və nəticə çıxarılmalıdır.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, xüsusilə Paşinyana Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində yerli ermənilərlə görüş keçirməyə və qəhrəman kimi qarşılanmasına şərait yaradılması, bu görüşdə səsləndirilən fikirlər nəzərdən qaçırılmamalıdır:
"Gürcüstanın tarixində ilk dəfədir ki, Ermənistanın birinci şəxsinə Cavaxetiya erməniləri ilə görüş keçirməyə imkan yaradılır. Onu Gürcüstan və Ermənistan bayraqları ilə qarşılayırlar. Paşinyan ermənilərlə görüşdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mesajlar verir. Ermənistan və Gürcüstan mətbuatı isə Tiflis-İrəvan münasibətlərində yeni mərhələnin başladığı barədə yazılar tirajlayır. Paşinyana dəstək verən KİV isə yazır ki, "Cavaxetiyada elə siyasət yürütmək lazımdır ki, Gürcüstan bundan narahat olmasın və baş verənləri Abxaziya və Cənubi Osetiyadakı separatizm dalğasının davamı kimi qiymətləndirməsin”.
Analitik vurğulayıb ki, diqqət çəkən məqamlardan biri də Paşinyanın Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin məzarına gül dəstələri qoymasıdır:
"Sirr deyil ki, gürcüləri Abxaziya uğrunda döyüşlərdə qətlə yetirənlərin arasında ermənilər çoxluq təşkil edib. Ermənilər Abxaziyada gürcülərə qarşı döyüşüblər. Paşinyan isə bu barədə heç bir şey demir, Abxaziya və Cənubi Osetiyanın adını çəkmədən Gürcüstanın ərazi bütövlüyündən danışır. Və onun səfəri ərəfəsində separatçı bölgələri tanıyanların sırasına Rusiyanın tam təsiri altında olan Əsəd rejimi də qoşulur. Bunun təsadüf olub-olmadığını isə gələcək göstərəcək. Hazırda görünən isə odur ki, Gürcüstan rəhbərliyi Qərbin təsiri altında Ermənistana meyillənməkdə maraqlıdır. Rəsmi Tiflis bu istiqamətdə manipulyativ davranışlarını artıra və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərə bilər. Ola bilsin ki, Paşinyan rəsmi Tiflisə həm də Cavaxetiyada separatizm dalğasının güclənməsinə qarşı təminat verə biləcək şəxs kimi də maraqlıdır. Onun ermənilərin kompakt yaşadığı bölgədə keçirdiyi görüş də belə düşünməyə əsas verir. Nikol Paşinyan əgər Ermənistanda mövqelərini möhkəmləndirə və seçkilərdən qalib kimi çıxa bilərsə, Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstanın maraqlarını ifadə edən bəyanatlar da səsləndirə bilər. Onu Qərbdəki himayəçilərinin və erməni diasporunun bu istiqamətə yönləndirə biləcəyi ehtimalı az deyil”.
Analitik qeyd edib ki, bizim bütün layihələrimiz Gürcüstan üzərindən həyata keçirilir:
"Gürcüstanın bir dövlət kimi mövcudluğu üçün Azərbaycanın enerji resursları, həmçinin, həyata keçirdiyi layihələr müstəsna əhəmiyyət kəsb edir. Amma bu layihələr Gürcüstanı da bizim üçün yeganə tranzit dəhlizinə çevirib. Bu qarşılıqlı asılılıqda Gürcüstanın kənar vasitələrdən istifadə etməklə əlinin güclənməsinə və bizi arzuolunmaz reallıqlar qarşısında qoymasına qətiyyən yol vermək olmaz. Bu baxımdan regional və qeyri-regional proseslərlə bağlı qlobal müstəvidə daha çevik, dinamik və bəlkə də daha sərt siyasət yürütməliyik. Şübhəsiz ki, bütün bunlar mənim subyektiv ehtimallarımdır. Amma unutmaq lazım deyil ki, bir neçə ay öncə Ermənitanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyi və Paşinyan kimi kimsənin tanımadığı, parlamentdə ən kiçik fraksiyaya rəhbərlik edən sıradan bir erməninin hakimiyyətə gələcəyi barədə hətta subyektiv ehtimallar da yox idi”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 30-da Gürcüstana iki günlük rəsmi səfər etmişdi.