Avqustun 10-dan "Məhərrəm” ayı başlayıb. Artıq paytaxt ərazisində şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Çünki xalqımız bu ayda toy-şadyanalıq etmir.
Görəsən, çörək pulu oxuyub-oynamaqdan çıxan müğənnilər bəs bu ay nə edəcəklər? Onlar 60 gündə maddi problemlərini necə həll etməyi düşünürlər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev son bir ayda iştirak etdiyi toylardan bəhs edib.
Sənətçi karantindən sonrakı toylarda qaydalara ciddi şəkildə əməl olunduğunu müşahidə etdiyini deyib:
"Son bir ayda getdiyim toylarda bütün qaydalara riayət olunurdu. İnanın, məclisə 151-ci nəfər buraxılmırdı. Qanun qanun idi. Polis qaydalar riayət edilib-edilmədiyini yoxlayırdı, sənədlərə tək-tək baxılırdı.
Bu qədər qaydalara baxmayaraq, mən məclislərdə əvvəlkindən çox da fərq görmədim. İnsanlar yenə də həmənki əhval-ruhiyyələrində idilər, şənlənirdilər. Süfrələrdə də bolluq idi, restoranlar hər şeyi yüksək səviyyədə təşkil edirdilər. Stollara 7-ci stul qoymaq istəyənlərə belə icazə verilmirdi ki, "Qardaş, olmaz, mümkün deyil, qanun qanundur". Ara məsafəsi gözlənilirdi, amma hər kəs qalxıb oynayır, şadlanırdı. Mən pandemiyadan əvvəlki toylarla indikilər arasında bir fərq görmədim. İnsanların əhvalı yaxşı idi. Qanun şahdır, hər kəs də ona tabe olmalıdır”.
Sənətçi işsiz qalacağı 60 gündə əlavə hər hansı fəaliyyətlə məşğul olmayacağını qeyd edib:
"Əlavə heç bir işlə məşğul olmayacağam. Birincisi, mənim yaşım elədir ki, nəsə edə bilmərəm, artıq 66 yaşım var, bundan sonra nə edəcəyəm? Dövlətimiz mənə 260 manat təqaüd verir, Əməkdar artist fəxri adına görə də aylıq 100 manat təqaüd alıram. Ayda 360 manat az pul deyil. Şükür Allaha, elə bir ciddi problemim yoxdur, hardansa iş tapmağa çalışmıram. Əvvəldən həyatda öz işimi elə qurmuşam ki, hər şey yaxşı olacaq”.