Şəfəqə Doğru » Gündəm » Baş qərargah rəisini kim öldürüb? – “Hindistandakı helikopter qəzası təsadüf deyil...”

Baş qərargah rəisini kim öldürüb? – “Hindistandakı helikopter qəzası təsadüf deyil...”

Baş qərargah rəisini kim öldürüb? – “Hindistandakı helikopter qəzası təsadüf deyil...”
"Hindistanın Baş qərargah rəisinin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası təsadüfə oxşamır. Qəzanın Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri çərçivəsində tərəflər arasında bir neçə müqavilənin imzalanmasından sonra baş verməsi ciddi suallar yaradır".

Bu sözləri Sfera.az-a siyasi ekspert Samir Hümbətov Hindistanın Tamil Nadu ştatının cənubunda Baş Qərargah rəisi general Bipin Ravatın da həyatını itirməsi ilə nəticələnən helikopter qəzasının pərdəarxası məqamları haqda danışarkən deyib.
 
 
S. Hümbətov qeyd edib ki, helikopter qəzasını müəmmalı edən bir neçə məqam var: "Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər etdi. Bu səfər çərçivəsində Rusiya və Hindistan arasında 2021-ci ildən 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. İmzalanmış həmin müqaviləyə əsasən hər iki ölkə arasında "BrahMos" raket kompleksinin, Su-30 təyyarələrinin və T-90 tanklarının birgə istehsalı ilə bağlı müəyyən məsələlərdə ilkin razılıq əldə edilib. İmzalanmış müqavilənin mürəkkəbi qurumamış Baş Qərargah rəisi general Bipin Ravatın həyatını itirməsi ilə nəticələnən helikopter qəzasının baş verməsi heç bir halda təsadüf ola bilməz”.

Politoloqun sözlərinə görə, baş verən müəmmalı helikopter qəzasında ABŞ-ın rolu istisna edimir:"Görünür, Rusiya və Hindistan arasında razılığın əldə edilməsi ABŞ-ı ciddi narahat edib. Digər tərəfdən, Rusiya hazırda Hindistana silah satan ölkələr arasında liderdir.  2011- 2015-ci illər arasında ABŞ Rusiyadan sonra Hindistana daha çox silah satan ikinci ölkə olsa da, 2016-cı ildən bu tendensiya ABŞ-ın ziyanına dəyişməyə başlayıb. Hindistanın daha çox silah aldığı ölkələr sırasına Fransa və İsrail də əlavə edilib”.
 
 
Ekspert xatırladıb ki, 2016-cı ildən başlayaraq 2021-ci ilə qədər ABŞ Hindistana silah satan ölkələr sırasında 4-cü yerə qədər enib:
 
 
"Bir müddət öncə Hindistanın Rusiyadan S-400 raket kompleksi almağa başlaması ABŞ tərəfindən ciddi reaksiya ilə qarşılanmış və ABŞ Hindistanı sanksiya tətbiq etməklə təhdid etmişdi. Məhz buna görə də Hindistanın olduqca strateji əhəmiyyətli qurumunun başında dayanan şəxsin heç bir müdaxilə olmadan belə asanlıqla helikopter qəzasında ölməsi iddiası o dərəcədə inandırıcı görünmür. Görünən odur ki, ABŞ Hindistanı belə cəzalandırmaqla ona başa salmağa çalışır ki, mənimlə, xüsusilə də hərbi sahədə ticarətin həcmini yenidən yüksəltməsən, hətta ən yüksək vəzifəli və rütbəli şəxslərini də sıradan çıxara bilərəm”.
 
 
Turan Rzayev