“Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur.
Bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.
Agentlik sədri qeyd edib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb: “2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Bu, çoxillik planlarımızın 17 %-dir. Bunun da 4,8 milyard kub metri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub.
Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.
***
“Son 10 ilə nəzərən bu il yaxşı göstəricilərlə üzləşdik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə isə 38 faiz çoxdur. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərdən 35 faiz artıqdır”.
Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.
“Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişiklikləri nəticəsinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir”, - deyə nazir müavini vurğulayıb(“Qafqazinfo").