Şəfəqə Doğru » Gündəm » Şagirdləri imtahanda aşağı nəticə göstərən rayonda monitorinqlər APARILACAQ

Şagirdləri imtahanda aşağı nəticə göstərən rayonda monitorinqlər APARILACAQ

Şagirdləri imtahanda aşağı nəticə göstərən rayonda monitorinqlər APARILACAQ

2024-cü ildə keçirilən 9-cu və 11-ci siniflərin buraxılış imtahanlarında ən aşağı göstəricilər Daşkəsən rayonunda qeydə alınıb.
 

Modern.az saytı mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
 

Qurumdan bildirilib ki, Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında qeydə alınmış aşağı nəticələrin gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülür. Bu istiqamətdə ixtisaslı kadrların təlimlərə cəlb edilməsi nəzərdə tutulub və digər müvafiq işlər aparılacaq:

“Həmçinin hazırda buraxılış fənlərini tədris edən müəllimlərin peşə yararlılığının müəyyənləşdirilməsi üçün onlar sertifikasiya imtahanlarına cəlb ediliblər. Bu prosesin gələcəkdə buraxılış imtahanlarının nəticələrinə müsbət təsir edəcəyi gözlənilir”.
 

Qurum rəsmisinin sözlərinə görə, təhsilalanların dərs məşğələlərinə davamiyyətinin artırılması istiqamətində müvafiq işlər görülür:
 

“Tədrisin keyfiyyətinin artırılması üçün yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərliyi tərəfindən dərsdinləmələr aparılır, açıq dərslər təşkil edilir və fənlərin tədris vəziyyətinin öyrənilməsi üçün monitorinqlər keçirilir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində tədrisin keyfiyyətinin artırılması, buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi hədəf olaraq qarşıya qoyulmuşdur”