Türkiyə Ermənistanla sərhəddə yerləşən, X əsrə aid tarixi Ani körpüsünün bərpası üzrə tender prosedurlarını başa çatdırıb.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir bildirib ki, Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesi yekunlaşıb.
Onun sözlərinə görə, körpü Türkiyənin Qars vilayətində, qədim Ani şəhərinin yaxınlığında yerləşir. X əsrdə Böyük İpək Yolu üzərində inşa edilən körpü vaxtilə Şərqlə Qərb arasında ticarətin həyata keçirilməsində mühüm rol oynayıb və sərhəd keçidinin əsas məntəqələrindən biri olub.
Tarixi tikilinin ilkin uzunluğu 80 metr, eni isə 8 metr təşkil edib. Körpünün 31 metrlik tağı 1807-ci il oktyabrın 16-da dağılıb. Hazırda abidədən sərhədin hər iki tərəfində yerləşən dayaq qalıqları qalıb.
Uraloğlunun sözlərinə görə, bərpa işləri ilə bağlı tender 2026-cı il sentyabrın 16-da keçirilib, sentyabrın 28-də isə müqavilə imzalanıb. Layihə Türkiyə ilə Ermənistan arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və iki ölkənin nümayəndələrindən ibarət birgə komissiya tərəfindən əlaqələndiriləcək.
Körpünün bərpasının əhatə dairəsini və üsullarını müəyyən edən protokol 2026-cı il mayın 4-də İrəvanda imzalanıb. Nazir vurğulayıb ki, layihənin məqsədi İpək Yolunun tarixi irsini qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Xatırladaq ki, avqustun əvvəlində erməni və türk mütəxəssislər İrəvanda Ani körpüsünün bərpası üzrə birgə işçi qrupunun ikinci görüşünü keçiriblər//musavat.com
