Şəfəqə Doğru » Gündəm » Daha bir neçə bank bağlanacaq - Ekspertdən xəbərdarlıq

Daha bir neçə bank bağlanacaq - Ekspertdən xəbərdarlıq

Daha bir neçə bank bağlanacaq - Ekspertdən xəbərdarlıq
2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın "qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı.

Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. Siyahıda iki kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində 2002-ci ildə yaranmış "Unibank”ın da adı çəkilir.

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, konkret bank adı çəkərək, onun müştərilərini narahat etmək doğru deyil:

"Ümumilikdə bank sektorunda problemlər həll olunmadan qalır. Üç ildir problemlər bir-birinin üzərinə gəlir. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Ötən il ümumiyyətlə kredit verilməsində 4 milyard manat azalma baş verdi, bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq reytinq agentliklərinin son açıqlamalarında Azərbaycanın zəif, problemlərin çox olduğu bankların adları yer alıb. O siyahıda "Unibank”ın da adı var. Deməli həmin bankla bağlı da problemlər var. Bu il sağlamlaşdırma başa çatmasa, dövlət dəstəyilə banklarla vətəndaşlar arasında yaranan problemlər aradan qalxmasa, "çürük banklar” öz gücləri hesabına bu məsələləri həll edə bilməyəcəklər. Ona görə bu problem tezliklə öz həllini tapmalıdır”.

Ekspert hesab edir ki, bankların bağlanması çıxış yollarından biridir: 
"Əgər bank çox zəifdirsə, aktivləri aşağı, passivləri yüksəkdirsə, həmin bankı ayaqda saxlamağın mənası yoxdur. Addımlardan biri bağlanmaqdır. Amma daha yaxşı olardı ki, bir neçə kiçik bankların birləşdirilməsi üçün hökumət onlara təkliflər etsin, müəyyən maliyyə güzəştləri tətbiq etsin. Çünki bağlanmasındansa, bir neçə kiçik bankın birləşdirilərək, sağlam bank yaradılması daha məqsədəuyğundur. Azərbaycanda isə bu, çox nadir görülən praktikadır. Bu səbəbdən 2018-ci ildə daha bir neçə bankın bağlanmasının şahidi olacağıq”.

N.Cəfərlinin özlərinə görə, bank sektorundakı dərinlik onun tez bir zamanda aradan qaldırılmasına imkan verməyəcək:

"Ümumi iqtisadi mənzərədə müsbətə doğru dəyişiklikər olacaq. Çünki bu il büdcə xərcləmələri 4 milyard manat artacaq. Bu, dayanıqlı yol olmasa da, bizim üçün çıxış yoludur. Baxmayaraq ki, Azərbaycanın uzun illərdir bu yolla getdiyini və effekt vermədiyini görürük. Hər halda 2018-ci il üçün müəyyən dərəcədə pozitivliyə köklənmək olar. Çünki büdcə xərcləmələri artdıqca yeni layihələrin, yeni iş yerlərinin yaranması həyata keçiriləcək. Amma yenə də hər şey neftin qiymətindən asılı olacaq. Bu il büdcə xərcləmələrinin 4 milyard manat artması ötən il üçün neftin qiymətlərinin nəzərdə tutulduğundan daha yüksək olması ilə bağlıdır. Hökumət 2017-ci il üçün neftin 1 barrelinin 50-55 dollar olacağını proqnozlaşdırırdı, amma qiymətlər 60 dolları keçdi. Bu il üçün isə neftin 1 barrelinin qiyməti 68-69 dollardır. Neftin qiymətində enmələr olacaqsa, o zaman vəziyyət qəlizləşə bilər”.