Heydər Əliyev Fondu Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət
mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və
xəsarət alanlara yardım göndərib.
Fonddan BAKU.WS saytına verilən məlumata görə, yardım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Kemerovaya çatdırılıb.
Əsrlər
boyu Azərbaycan ilə Rusiyanı dostluq və mehriban qonşuluq münasibətləri
bağlayıb. Hər iki xalq həmişə ağır günlərdə bir-birini dəstəkləyib.
Heydər
Əliyev Fondu Kemerovodakı faciənin acısını paylaşmaq, həlak olanların
ailələrinin kədərini bölüşmək və zərərçəkənlərə dəstək məqsədilə yardım
təşəbbüsü ilə çıxış edib. Azərbaycan hökuməti Fondun bu təşəbbüsünü
dəstəkləyib.
Martın 30-da yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bütün Azərbaycan xalqı
adından faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə
edilib və xalqımızın zərərçəkənlərin yanında olduğu bildirilib.
Fondun əməkdaşları faciə qurbanlarının xatirəsinə ehtiram olaraq memorial əraziyə gələrək gül dəstələri qoyublar.
Yardımın ailələrə çatdırılması bu gün də davam edəcək.
Xatırladaq
ki, martın 25-də Kemerovo şəhərindəki "Zimnyaya vişnya” ticarət
mərkəzində baş verən yanğın nəticəsində 60-dan çox insan həlak olub.
Ölənlərin əksəriyyəti uşaqlardır.