Şəfəqə Doğru » Gündəm » Bakı Rusiya və Qərbin bu savaşını dayandırmalıdır – Ekspert

Bakı Rusiya və Qərbin bu savaşını dayandırmalıdır – Ekspert

Bakı Rusiya və Qərbin bu savaşını dayandırmalıdır – Ekspert
Rusiya və Qərb sanki Ermənistan hökumətini daha yaxına çəkmək uğrunda yarışa girib.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, bir çox güc mərkəzləri son zamanlar Ermənistanda xalq hərəkatı dalğasında hakimiyyətə gəlmiş Paşinyan və onun komandasına yaxınlaşmaq üçün müəyyən addımlar atırlar:

"Nə Rusiyanın, nə də Qərbin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı açıqlamalarına rast gəlirik. Əgər işğalçı dövlətə qarşı ciddi təzyiqlər olmasa, Qarabağ məsələsinin çözülməsi problemə çevriləcək. Son zamanlar Rusiya Ermənistana həm daha müasir silahların təqdim olunmasında müəyyən addımlar atır, həm də Abxaziya və Cənubi Osetiyadan keçərək yeni quru yolunun açılması üzərində düşünür. Bununla bağlı hazırda Moskvadan Tiflisə təzyiqlər var. Paşinyanın hətta Gürcüstana rəsmi səfəri də olacaq və bu səfər çərçivəsində müəyyən sazişlərin imzalanması gözlənilir. Bundan başqa, ABŞ-ın Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi artıq Ermənistanda səfərdədir və işğalçıya iqtisadi yardımlarla bağlı bəyanatlar verir. Qərb Ermənistanı özünə yaxın çəkmək üçün cəlbedici təkliflər irəli sürür. Bir sözlə, Rusiya və Qərb sanki Ermənistan hökumətini daha yaxına çəkmək uğrunda yarışa girib”.

Ekspert hesab edir ki, Azərbaycan bu məsələyə ciddi etiraz etməlidir:

"Çünki Azərbaycan Qərb üçün ən böyük və ciddi iqtisadi tərəfdaşlardan biridir. Azərbaycan böyük neft-qaz layihələri üzərindən Qərb ölkələri ilə birbaşa əlaqədədir. Buna görə də düşünürəm ki, Azərbaycan əlində olan bütün rıçaqlardan, təsir vasitələrindən və Qərb üçün çox önəmli layihə olan TANAP-ın işə düşməsindən istifadə edərək Avropa dövlətlərinə öz etirazını bildirməlidir, işğalçı dövlətlə sıx əlaqələrin qurulmasının Azərbaycan torpaqlarının işğalının uzadılmasına səbəb ola biləcəyini söyləməlidir və bu yöndə addımlar atmalıdır. Eyni zamanda, Rusiya üçün də Azərbaycan siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib tərəfdaşlardan biridir. Rusiya tərəfinin atacağı addımlara qarşı diplomatik kanallar vasitəsilə müəyyən etirazlar bildirilməlidir”.