Şəfəqə Doğru » Gündəm » Novruz əfvində daha kimlər sevinə bilər... - Gözlənti

Novruz əfvində daha kimlər sevinə bilər... - Gözlənti

Novruz əfvində daha kimlər sevinə bilər... - Gözlənti
Həbsdəki ömürlük məhbuslarla bağlı məsələ yenidən gündəmə gəlib. Üzümüzə gələn Novruz bayramında veriləcək əfvlə onların bir neçəsinin azad edilə biləcəyi deyilir.

Bu tipli məhbuslarla bağlı gedən müzakirələrdə ilk göz önünə 3 isim gəlir. Bunlar, artıq 25 ilə yaxındır həbsdə olan OMON-çular-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımzadədir. Bu üç məhbusun qarşıdakı əfvdə azad olunacaqlarına inam kifayət qədər böyükdür.

Bundan əlavə, son illərdə Azərbaycanda məhbuslarla bağlı humanist addımların atıldığını düşünsək, belə addımların ömürlük məhbuslara da şamil oluna biləcəyini söyləmək mümkündür. Onu da xatırladaq ki, ömürlüklərin şərti olaraq azad edilmələri üçün məhkəməyə müraciət qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəllər ömürlük məhbuslar müraciət edib rədd cavabı aldıqdan sonra bir il yeni müraciət üçün gözləməli olurdularsa, indi belə deyil. Onlar rədd cavabından 6 ay sonra yenidən azad edilmələri üçün müraciət etmək hüquqları qazanırlar.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: "Ömürlük məhbuslar xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdir. Qanunvericilik onların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır. Cinayət Məcəlləsinə edilən son dəyişikliklərdən biri də onunla bağlıdır ki, onlar cəzalarının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət hüquqları yaranır. Xüsusilə son beş ildə davranışları ilə fərqlənən insanlar olsunlar, hər hansı bir intizam tədbirləri almasınlar. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər. Təbii ki, onlar müraciət etməlidirlər. Amma məhkəmənin baxışlarına hər şeyin söykəndiyini unutmaq olmaz. Qiymətləndirmədən sonra məhkəmə bir nəticəyə gəlir. Əvvəllər belə bir hal yox idi. Qanunvericilik daha humanist yanaşma təqdim etdi. 2017-ci il 10 fevralda cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə prezidentinin tarixi bir sərəncamı oldu. Bu fərmanla Cinayət Məcəlləsində 300-dən artıq tərkibdə dəyişikliklər baş verdi. Digər tərəfdən, ömürlük məhbusların azadlığa çıxmaq imkanlarından biri də əfvə müraciətlə bağlıdır. Ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Onların cəzaları 25 illə də əvəzlənə bilər. Bu da həmin məhbusun azad edilmə imkanlarını xeyli dərəcədə yaxşılaşdırır. Azərbaycan praktikasında belə əfv sərəncamları olub. Ötən il ömürlük iki məhbusun cəzası dəyişdirildi. Müddət başa çatandan sonra onlar cəzadan azad edildilər. Bundan əvvəl əfv sərəncamları ilə ömürlük məhbusların da azadlığa çıxdıqlarını biz praktikada görmüşük. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir. Qəbul edilən qərar pozitiv də, neqativ də ola bilər. İstənilən halda qanunvericilik onların azadlığa çıxma imkanlarını tanıyır. Sadəcə, qanunvericiliyin tələblərinə uyğun olaraq bu proseduralar olmalıdır”.

Ə.Nuriyev ömürlük məhbusların azadlığa yollarını da açıqladı: "Bilirsiniz ki, ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir. Onların azadlığa çıxmalarının ən vacib amillərdən biri də tərəflərin barışıq əldə etmələridir. Yəni zərərçəkmişin rəyi diqqətə alınan əsas faktorlardan biridir. Digər tərəfdən, elə xəstəliklər var ki, qanunvericilikdə bunlar öz əksini tapıb. Belə məhbusların vaxtından əvvəl azadlığa çıxmaq imkanları var. Bu bütün məhbuslara, o cümlədən ömürlüklərə də aiddir. Xüsusi bir həkim komissiyası yaradılır və komissiya həmin məhbuslarla bağlı rəy verir. Məhkəmə də bu rəy əsasında onları azad edə bilər. Bu o demək deyil ki, həkim rəyi verən kimi məhbus azad olunur. Əfv üçün müraciət hüquqi yaranan şəxsin bu, əfv edilməsi anlamına gəlmir. Müraciət mütləq komissiya tərəfindən müəyyənləşdirilir. Məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətidir. Bilirsiniz ki, 21 il öncə ölüm cəzası ləğv olunandan sonra həmin məhbusların cəzaları ömürlüklə əvəzləndi. 25 il cəza çəkməyən ömürlük məhbusun cəzası da 25 illə əvəzlənə bilər. Məsələn, 20 il cəza çəkən məhbus əfv edilə bilər. Dünya praktikasında belə məhbusların daha uzunmüddətli cəzaya məhkum edilməsi halları mövcuddur. Ömürlük məhbuslar daha ağır cinayət törətmələrinə baxmayaraq, onlara qarşı humanistlik hər zaman göstərilir. Çox azsaylı tərkibə görə ömürlük həbs cəzası nəzərdə tutulur. Kütləvi qətllər, terror və vətənə xəyanət kimi səbəbləri göstərə bilərik”.