Şəfəqə Doğru » Gündəm » Əli İnsanov hərəkətə keçib - iqtidar və müxalifət nə deyir?

Əli İnsanov hərəkətə keçib - iqtidar və müxalifət nə deyir?

Əli İnsanov hərəkətə keçib - iqtidar və müxalifət nə deyir?
Novruz əfvi ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdıqdan sonra müxalifət düşərgəsi ilə təmasları haqda xəbərlər artıb.

Sabiq nazirin həmyerlisi, prezidentin sabiq köməkçisi Eldar Namazov onunla görüşdüyünü təsdiqləyib. Ə.İnsanovun məhbəs yoldaşı, Müsavat Divanının üzvü Tofiq Yaqublu ilə yaxın münasibətləri də diqqətdən yayınmır.

Çünki T.Yaqublu həm Müsavat Partiyasında, həm Milli Şurada təmsil olunur. Belə iddialar var ki, Ə.İnsanov onun üzərindən Müsavat və Milli Şuranı ətrafına cəlb etmək istəyir.

Ə.İnsanovun hərəkətliyinin fonunda onun keçmiş komandasına ciddi təhlükə olub-olmayacağı, müxalifətin onun ətrafında birləşib-birləşməyəcəyi, yaxud ona dəstək verib-verməyəcəyi ciddi müzakirə olunur.

Bəxtiyar Sadıqov: "Azərbaycan xalqı nəyə görə sənə inanmalıdır?”

YAP-çı deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ə.İnsanovun heç zaman uğur qazanmayacağını əminliklə söylədi: "İnsanlar adətən liderlər ətrafında birləşirlər. Liderlər də adətən əqidə sahibi olur, qəlbən nəyəsə inanıb ona xidmət edir, bütün çətinliklərdə əqidələrinə sadiq qalırlar. Əqidəsini, mövqeyini dəyişən istənilən şəxsin yanında heç kim qalmaz, onun arxasınca da getməzlər. Əvvəla, Əli İnsanov lider deyil. O, heç zaman lider olmayıb, olmayacaq da. Liderin keyfiyyətləri başqadır. Əli İnsanov yaxşı korrupsioner ola bilər. Əli İnsanov Heydər Əliyev siyasi kursuna xəyanət etmiş şəxsdir. Ona ən böyük etimad göstərildi. Həkim üçün ən böyük vəzifə yaşadığı ölkənin səhiyyə naziri olmaqdır. O, nazir olanda xalq üçün nə etdi? Hansı islahatlar keçirdi?

Pullu xidmətlər təşkil etməklə xəstəxanalarda qiymətləri qaldırdı. Əli İnsanov öz tutduğu yola etdiyi xəyanətin cəzasını çəkdi. Ona rəhm olundu və cənab prezident onu bağışladı ki, ömrünün qalan hissəsini ailəsi ilə keçirsin. Amma o, həbsdən çıxan kimi bildirdi ki, oğru qanunları ilə yaşamışam, ailəmlə görüşməmişəm. İnsan üçün ən əziz, doğma olan ailədir. Sən özün-özünü ailə üzvlərinlə görüşməkdən məhrum etmisənsə, bu xalq üçün nə edəcəksən? Müxalifət lideri olmaq istəməsi xam xəyallardır. Müxalifətdə olanlar ağıllarını o qədər də itirməyiblər ki, səni özlərinə lider seçələr, sənin arxanca gedələr. Müxalifət düşərgəsi 30 ilə yaxındır ana müxalifətin kim olması ətrafında qərara gələ bilmir, bunun üstündə hətta düşmən olublar. Əli İnsanovu ancaq hikkə idarə edir. İstəyir ki, hakimiyyəti olsun, hakimiyyətdə korrupsiya yolu ilə yaxşı pullar qazansın. Azadlığa çıxdıqdan sonra atdığı addımlar onu göstərir ki, özü haqqında həddindən artıq yüksək fikirdədir. Amma xalqın gözü tərəzidir. Xalq hər şeyi yaxşı görür. İnanmıram ki, səhiyyə naziri olan vaxt kimsə ondan razı qalsın. Azərbaycan xalqı nəyə görə sənə inanmalıdır? Müxalifət nə üçün səni özünə lider seçməlidir? Hesab edirəm ki, o, addımlarının hamısını atacaq, amma sonda xalq arasında deyimlə desək, ”qazı alınacaq".

Nə onu lider kimi görən var, nə də müxalifət onu lider kimi qəbul edir. Adama gülməli gəlir ki, Əli İnsanov çıxıb iqtidar üçün təhlükə yaradacaq. Təhlükəni nə ilə yaradacaqsan? Sən öz-özlüyündə belə hesab edirsən ki, qərbi azərbaycanlıların ağsaqqalısan? Unutmaq olmaz ki, regionlar ağsaqqallarla idarə olunmur. Biz təzədən qəbilə quruluşuna qayıdırıq ki? Ola bilər ki, Əli İnsanov o quruluşa qayıtmaq istəsin, amma xalq bunu istəmir. Daha çox yaşla bağlıdır ki, bəzi insanlar düşünür ki, xalqa qalx desə xalq qalxacaq, yaxud getdiyi yolda insanlar arxasınca gələcəklər. Uzun illər insan üçün əsas nemət olan azadlığını həbsxanada keçirdin. Prezident sənə rəhm etdi və səni azadlığına qovuşdurdu. Get ömrünün qalan hissəsini Allaha dua et. Allah günahlarından keçsin. Səndən nə lider, nə də inqilabçı olar. Bir dəfə sənə yaxşılıq edib səhiyyə naziri qoydular, amma nankor çıxdın. İkinci dəfə də sənə yaxşılıq etdilər, bu dəfə azadlığına tez qovuşdurdular. Təşəkkür etməyi bacarmasan da, Allaha şükür etməyi bacarmalısan".

İqbal Ağazadə: "Nüfuzum heç kəsdən aşağı deyil, əksinə...”

Ümid Partiyasının sədri İqbal Ağazadə nüfuzunu hər kəsdən yüksək sayır: "Bu gün Azərbaycan müxalifətində, ictimaiyyət arasında nüfuzum heç kəsdən aşağı deyil. Ona görə də söhbət müxalifət birliyindən, kiminsə ətrafında birləşməkdən gedəcəksə, ən optimal variantlardan biri də mənim ətrafımda birləşməkdir. Amma söhbət funksional əməkdaşlıqdan gedəcəksə, Azərbaycan siyasətində hər kəslə bu əməkdaşlığa hazıram. Bizə bu barədə təklif gəlmədiyi üçün hələ ki danışmaq zamanı deyil. Azərbaycan cəmiyyətinin demokratikləşməsi üçün hər kəslə əməkdaşlıq etməyə, görüşlər keçirməyə hazıram. Kifayət qədər strukturlasan bir partiyam və şəxsimin də nüfuzunun kifayət qədər yüksək olduğu bir zamanda kiminsə ətrafında birləşməyimiz nə məntiqə, nə də siyasi gedişə uyğun olmaz. Hər kəsə fəaliyyətində uğurlar arzulayıram. İstər Eldar Namazov, istərsə də digərləri olsun. Siyasi karyerama bir təşkilatda başlamışam və davam edirəm. Əli İnsanovun Azərbaycan vətəndaşı kimi hər kəslə görüşmək, məsləhətləşmək hüququ var. Təəssüf etdiyim odur ki, görüşlərin böyük əksəriyyəti regional aspektdə gedir. Bu da Azərbaycan siyasətinə nə uğur gətirər, nə də yaxşı tendensiya deyil”.

Tural Abbaslı: "Əli İnsanov siyasi fəaliyyətini ”yerlilik" faktoru əsasında qurmağa çalışır"

AĞ Partiya başqanı Tural Abbaslı da birliyin əleyhinədir: "Əli İnsanovun fəal siyasi kurs yürüdəcəyi zatən həbsxanadan çıxdıqdan sonra verdiyi ilk müsahibədən aydın bilinirdi. Mən bunda qeyri-adi heç nə görmürəm. O, həbs olunanda da siyasətdə idi, indi də siyasətdədir. Onun bu fəaliyyətinin nəticəsinin necə olacağını təbii ki, zaman göstərəcək. Vaxtından əvvəl nəsə demək doğru olmaz, ancaq biz onun azadlığa çıxdığı gündən bu günə qədər atdığı addımlar və görüşlər əsasında nəsə deyə bilərik. Bu günə qədər görünən odur ki, Əli İnsanov siyasi fəaliyyətini ”yerlilik" faktoru əsasında qurmağa çalışır. Çünki görüşdüyü şəxslərin tərkibinə fikir versək, bu amil qabarıq şəkildə özünü göstərir. Mən kiməsə siyasi kurs təlimi keçməkdən uzağam. Ancaq düşünmürəm ki, 21-ci əsrdə "yerlilik” prinsipini əsas götürən siyasi kurs uğur qazansın. Yenə də qeyd edirəm ki, dediklərimə baxmayaraq, kimsənin siyasi fəaliyyətini təftiş etmək niyyətində deyiləm. Qaldı ki, Əli İnsanov AĞ Partiyaya və ya AXH-yə müraciət edərsə cavab nə olacaq sualına, deməliyəm ki, hələlik nə AĞ Partiyaya, nə də AXH-yə nə rəsmi, nə də qeyri-rəsmi belə bir müraciəti olub. Əgər belə bir əməkdaşlıq müraciəti olarsa, təbii ki, bu müzakirə olunacaq və qərar qəbul olunacaq. Bir daha qeyd edirəm ki, burada əməkdaşlıqdan söhbət gedir. Hesab edirəm ki, özünü müxalifət hesab edən istənilən milli qüvvə ilə əməkdaşlıq mümkündür. Ancaq AĞ Partiya olaraq bizim bundan sonra kiminsə liderliyi ətrafında birləşmək və ya birlik yaratmaq fikrimiz yoxdur. AĞ Partiyanın öz lideri də var, fəaliyyət planı da. Mən həmçinin AXH-nin həmtəsisçilərindən və İdarə Heyəti üzvlərindən biri kimi də kimliyindən asılı olmayaraq kiminsə liderliyi ətrafında formalaşmağın əleyhinəyəm. Zatən AXH-də toplanan hər kəs ya bir partiya lideridir, ya da cəmiyyət tərəfindən qəbul olunan ictimai-siyasi nüfuz sahibi olan insanlardır. Yəni hesab edirəm ki, AXH-nin nə liderə, nə də ağsaqqala filan ehtiyacı yoxdur. AXH-də bir lider var, o da Azərbaycan xalqıdır".

Qeyd edək ki, Ə.İnsanovun 2005-ci ildə həbs olunduqdan 10 gün sonra, oktyabrın 30-da prezident İlham Əliyevə bağışlanması üçün yazdığı məktubun mətbuatda yenidən dərc olunması gündəmə bomba kimi düşüb. Sabiq nazir həmin məktubda günahlarının böyük hissəsini Amerikada yaşayan eks spiker Rəsul Quliyevin üzərinə yükləməyə çalışıb.

Ağasif Şakiroğlu: "Əfv ərizəsinin yazılması öz təsdiqini taparsa...”

Bütün bunlarla bağlı R.Quliyevin mövqeyini öyrənməyə çalışsaq da mümkün olmadı. Məsələyə sabiq spikerin Azərbaycandakı rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu aydınlıq gətirdi. O, əvvəlcə birlik məsələsindən söz açdı: "Ümumiyyətlə, biz hər zaman müxalifət daxilində ümummilli birliyin tərəfdarı olmuşuq, bu gün də bu mövqedə qalırıq. Rəsul Quliyev üçün yerliçilik amili ən sonuncu amildir. Bunu əminliklə deyə bilərəm. Rəsul Quliyev və Gələcək Azərbaycan Partiyası siyasi qüvvələrlə münasibət qurduqda, kimlərləsə müttəfiqlik formalaşdırdıqda yerliçilik amilinə deyil də, praqmatikliyə, prinsipial fəaliyyətə və ən əsas da qətiyyətli insanlara üstünlük verib. Sualınızın ikinci hissəsinə gəldikdə, Gələcək Azərbaycan Partiyası hər zaman Əli İnsanovu və digər siyasi məhbusları müdafiə edib və bundan sonra da haqqı və hüququ pozulmuş şəxslərin yanında olacaqdır. Akademik Əli İnsanovun keçirdiyi görüşlər barədə məlumatlıyam. Amma gələcəklə bağlı hələ konkret söz demək çox tezdir.

Mən əfv ərizəsinin həqiqiliyini şübhə altına alıram. İnanmaq mümkün deyil ki, Əli İnsanov kimi mübariz bir insan elə fikirlərin müəllifi olsun. Düşünürəm ki, burada hansısa qüvvələrin xüsusi aravurmaq planı var. Hesab edirəm ki, Əli İnsanov keçirəcəyi mətbuat konfransında bu məsələyə də münasibət bildirəcəkdir. Ən sonda onu da deyim ki, bizlər kimlərləsə ittifaqa girdikdə orada şəxsi münasibətlərdən deyil də, xalqın maraqları baxımından çıxış edirik. Ölkə rəhbərliyinə 14 il bundan öncə ünvanlanmış əfv ərizəsinin indi üzə çıxması bir qədər şübhəlidir. Gələcək Azərbaycan Partiyası fərdi mövqeyin deyil, ümumxalq mövqeyindən çıxış edən siyasi partiyadır. Bunu da unutmaq lazım deyildir”.
"Yeni Müsavat”