Şəfəqə Doğru » Gündəm » ZAKİR FƏRƏCOV 66 SAHİBKARI NECƏ PƏRƏN-PƏRƏN SALIB...

ZAKİR FƏRƏCOV 66 SAHİBKARI NECƏ PƏRƏN-PƏRƏN SALIB...

ZAKİR FƏRƏCOV 66 SAHİBKARI NECƏ PƏRƏN-PƏRƏN SALIB...
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"nda 66 sahibkar aksiya keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, aksiya iştirakçıları iki il öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş mağazalarının bərpa edilməsini tələb ediblər.

Sahibkarların, 1994-cü ildə verilən sərəncama əsasən inşa etdikləri mağazaları 2017-ci ildə Sumqayıt İcra Hakimiyyəti tərəfindən sökülüb. Mağazaların söküntüsü zamanı sahibkarlara "zəmanət məktubu" verilib və bildirilib ki, 6 ay müddətində ərazidə yeni müasir üslublu mağazalar tikiləcək.

Ancaq aradan iki il keçməsinə baxmayaraq, bu günə qədər aidiyyəti qurum verdiyi vədə əməl etməyib.

Sahibkarların nümayəndəsi Yusif Məmmədov iki ildir işsiz qaldıqlarını bildiriblər: "Biz, dövlət büdcəsinə vergi ödəyirdik. İndi nə işimiz var, nə dolanışığımız. 66 sahibkarın timsalında minə yaxın vətəndaş buradan dolanırdı".

Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilsə də, onların müraciəti ilə maraqlanan olmayıb.

Digər sahibkar Söhrab Əlixanov isə deyib ki, mağazalar 2 ildir sökülüb və söküntüdən sonra onların taleyi ilə maraqlanan olmayıb: "Dəfələrlə müəyyən qurumlara müraciət etmişik. Ancaq boş vədlər alırıq. Buna bir son qoyulmalıdır. İşsiz, çörəksiz qalmışıq".

Sahibkar Səhamil Cabbarov qeyd edib ki, mağazalar 2017-ci ildə sökülənə qədər bir il müddətində hasara alınıb: "Biz normal fəaliyyət də göstərə bilmirdik. Sonradan 2017-ci ildə mağazalar söküldü. Bizə sadəcə "zəmanət məktubu" verdilər ki, qısa müddətdə sizin mülkiyyətiniz geri qaytarılacaq. Ancaq aradan iki il keçib və biz, tamamilə, müflisləşmişik".