Şəfəqə Doğru » Gündəm » GÜRCÜSTAN “MONASTIR DİPLOMATİYASI”NA KEÇİR:bölgədə geopolitik dəyişiklik iyi gəldiyi üçün?.. – Araşdırma

GÜRCÜSTAN “MONASTIR DİPLOMATİYASI”NA KEÇİR:bölgədə geopolitik dəyişiklik iyi gəldiyi üçün?.. – Araşdırma

GÜRCÜSTAN “MONASTIR DİPLOMATİYASI”NA KEÇİR:bölgədə geopolitik dəyişiklik iyi gəldiyi üçün?.. – Araşdırma
Tarixçi Buba Kudava Türkiyənin Dolisakana orta əsrlər gürcü məbədinin ərazisində ictimai tualet tikmək niyyəti haqda məlumat verəndən sonra Tiflis qeyri-adi addım atıb. Məbəd Türkiyənin şərq hissəsində Artvin şəhərinin yaxınlığında, yəni Tiflisin Gürcüstanın tarixi vilayəti saydığı Tao-Klarceti ərazisində yerləşir.

Kudava Dolisakanada çəkilmiş bir neçə şəkli göstərib. Fotodan görünür ki, baş girişin yanında çalalar qazılıb və divar deşilib – deşikdən boru keçirilib. Abidənin içində müxtəlif tikinti materialları, habelə döşəmə unitazları var. Bu məlumat Gürcüstanda ictimai əks-səda doğurub və iş o yerə çatıb ki, Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli elçisi Georgi Cancqava durumu aydınlaşdırmağa qoşulmalı olub. O, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçilərilə təmasdan sonra bildirib ki, durumla tanış olmaq və orta əsrlər gürcü məbədinin ərazisində tualet tikintisinə yol verməmək niyyətindədir. Elçi bununla sərgiləyib ki, ölkəsinin xarici siyasətində Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərindən sonra gözə dəyməyə başlayan "monastır diplomatiyası” trendi var.

Yada salaq ki, Gürcüstan XİN Tiflis və Bakı arasında sərhədlərin delimitasiya/demarkasiyasını başa çatdırmalı olan komissiyanın tərkibinin yeniləndiyi haqda nəlumat verib. Söhbət birinci növbədə iki dövlətin sərhədlərinin hər iki tərəfində yerləşmiş David Qareci (azərbaycanca "Keşikçi”) məbəd kompleksinin kimə qalacağından gedir. Gürcü tarixçiləri yazırlar ki, monastırın özülü VI yüzillikdə gürcü müqəddəsi David Qareci tərəfindən qoyulub. Onu Gürcüstanın milli ziyarətgahı adlandırırlar. Orada fəaliyyətdəki ibadət evlərində VIII-XIV yüzilliklərin nadir divar naxışları qorunub. Gürcü çariçası Tamara və Qurucu David çarın yeganə təsvirləri onların içindədir. Monastır hətta Gürcüstan pravoslav kilsəsinin fəaliyyətdə olan lavrasıdır (böyük monastır-tərc.). Amma Azərbaycan tərəfinin versiyasına görə, monastır kompleksi Albaniya mənşəlidir (Qafqaz Albaniyası e.ə. II-I yüzilliklərdə Şərqi Cənubi Qafqazda meydana çıxmış qədim dövlət idi, çağdaş Azərbaycan, Gürcüstan və Azərbaycanın ərazilərini tutub).

Özünü xristian Qafqaz Aalbaniyasının tarixi varisi elan edən Bakı monastırı özününkü sayır, Tiflis bununla razılaşmır. Amma maraqlı budur ki, indi Qareci monastırı problemi Türkiyədə yerləşən, Kartli çarlığının ən qədim tarixi ərazilərindən biri Tao-Klarceti xristian məbədlərinin taleyi ilə səsləşməyə başlayıb. IX yüzillikdə bütün Gürcüstanı birləşdirmiş Baqrationilər çar sülaləsi Tao-Klarcetidən çıxıb. Bundan savayı, bölgə ruhsal həyatın önəmli mərkəzi idi – yeparxiyanın dörd əsas kafedral kilsəsi burada fəaliyyətdə idi – Oşki, İşxani, Artanuci və Otxta Eklessiya (Dördlər Kilsəsi). Oşk kodeksi deyilən Bibliyanın gürcü dilinə ilk tam tərcüməsi özülü 978-ci ildə qoyulmuş məhz Oşki məbədində yaradılıb.

Tao-Klarceti XII və XIII yüzilliklərdə çiçəklənib. Amma XIV yüzilliyin sonunda türk-monqol istilaçısı Teymurun çoxlu basqını çarlığın məhvinə gətirdi, Tao-Klarceti XVI yüzilliyin ortalarında isə Osmanlı imperiyasının hakimiyyətinə keçib. Bu ona gətirib ki, çağdaş Türkiyənin tərkib hissəsi olub. Türkiyə tarixçiləri bu faktlara etiraz etmirlər. Başqa məsələdir ki, Ankara bu məbədlərin bərpası üçün heç bir səy göstərməyib, onların durumu acınacaqlı idi və belə də qalır. Düzdür, Gürcüstanda Mixail Saakaşvilinin prezidentliyi dönəmində Türkiyədə ayrı-ayrı məbədlərin bərpasını aparmağa cəhd edilib. Türkiyənin "Today’s Zaman” nəşrinin yazdığı kimi, hətta "Türkiyəyə səfər edən gürcü turistlər üçün olduqca önəmli” monastır komplekslərinin siyahısı tutulub. Lakin 2011-ci ilin yanvarında Gürcüstan Patriarxlığı Tiflisin Ankara ilə apardığı danışıqların şərtlərilə bağlı təəccübünü ifadə edib – Türkiyədə gürcü məbədlərinin bərpası Batumidəki Əziziyə məscidinin, Gürcüstanın başqa bölgələrindəki müsəlman məscidləri və hamamlarının bərpasıyla əlaqələndirilib.

Tərəflər bu haqda indiyədək anlaşmaya belə də gələ bilməyiblər. Daha önəmli faktları qeyd edək. Gürcüstan 1918-1919-cu illərdə Azərbaycana qarşı ərazi iddiaları elan edib – o cümlədən Qareciylə bağlı. Gürcüstan 1919-cu ildə Versal sülh konfransı üçün hazırlanmış özəl memorandumda Osmanlı imperiyasının Tao-Klarceti vilayətinə də iddialarını göstərib. Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı nəzərə alınsa, bu problem bu yaxınlara qədər siyasi baxımdan boğulmuşdu. Görünür, durum dəyişilir, Gürcüstan isə sanki bölgədə qarşıdakı geopolitik dəyişiklikləri öncədən duyaraq monastır probleminə yenidən qayıdır. Amma burada müəyyən şəraitdə və şərtlərdə partlaya biləcək "tarixi minalar” basdırılıb. O zaman isə Yaxın Şərq və Cənubi Qafqazın dolablarından kürək kimi skeletlər səpələnər.

Tərcümə Strateq.az-ındır.