Şəfəqə Doğru » Məhsulu qaytarmaq istəyənlərin DİQQƏTİNƏ - Çek yoxdursa, nə etməli?

Məhsulu qaytarmaq istəyənlərin DİQQƏTİNƏ - Çek yoxdursa, nə etməli?

Məhsulu qaytarmaq istəyənlərin DİQQƏTİNƏ - Çek yoxdursa, nə etməli?

Mağazadan alınan məhsulun geri qaytarılması zamanı istehlakçıların qarşılaşdığı problemlərdən biri də alış-veriş çekinin itirilməsidir. Bəzən vətəndaşlar məhsulu aldıqdan sonra 14 gün keçmədən onu geri qaytarmaq istəsələr də, çekin olmadığı əsas gətirilərək mağaza tərəfindən imtina ilə üzləşirlər.

Belə olan halda mağazanın öz sistemindən satışı yoxlayaraq çeki yenidən təqdim etməsi mümkündürmü?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar alış-veriş çeklərini ən azı 14 gün saxlamalıdırlar: 

“İstehlakçıların alış-veriş çeklərini saxlaması çox vacib məsələdir. İstehlakçılar aldıqları malların çeklərini, mümkün qədər, müəyyən müddət ərzində qoruyub saxlamalıdırlar. Elə bu gün səhər saatlarında da bununla bağlı şikayət daxil olub. Bir vətəndaş “OBA”marketlər şəbəkəsindən 5 kiloqram un alıb. Məhsulun qurdlu olduğu məlum olub. Həmin şəxslər yaşlı insanlar olduqları üçün əllərində alış-veriş qəbzi də olmayıb. Mən marketlə çox uzun-uzadı söhbət etdim. Onlar market rəhbərliyindən məsələ ilə bağlı izahat tələb edir, alış-veriş etdikləri ünvanı və şəxsləri bildirir, hətta kameraların görüntülərinə baxılmasını istəyirlər. Lakin market şəbəkəsi buna razılıq vermir, çeki tələb edirlər”.

Onun sözlıərinə görə, çek olmasa da, bank kartı ilə ödəniş edildiyini göstərən sənəd məhsulun həmin mağazadan alındığını sübut edə bilər:

“Qeyd edim ki, qanunvericilikdə bu məsələ ilə bağlı tələblər mövcuddur. Bununla yanaşı, malın konkret satış məntəqəsindən alındığını təsdiq edən hər hansı sənəd də nəzərə alınmalıdır. Bu, mütləq kassa çeki olmaya bilər. Məsələn, vətəndaş alış-verişi bank kartı ilə həyata keçiribsə, ödəniş əməliyyatını təsdiq edən sənəd də hüquqi sübut kimi qiymətləndirilə bilər. Belə hallarda əlavə olaraq kassa çekinin tələb olunması zəruri deyil.

Təəssüf ki, bir çox hallarda marketlər təhlükəsizlik kameralarının görüntülərini təqdim etməkdən imtina edirlər. Belə vəziyyətlərdə görüntülərin əldə olunması üçün polisə müraciət etməli oluruq”.

AİB sədri qeyd edib ki, istehlakçılar problem yaşamamaq üçün alış-veriş etdiklərini təsdiqləyən sənədi mütləq saxlamalıdırlar:

“Nə qədər əcaib olsa da, istehlakçılara tövsiyə etməliyəm ki, aldıqları malların çeklərini ən azı 14 gün saxlasınlar. Əlbəttə, mən də istəmirəm ki, insanlar alış-veriş çeklərini aylarla qorumaq məcburiyyətində qalsınlar. Lakin məhsulla bağlı problem yarandıqda onun dəyişdirilməsi və ya pulun geri qaytarılması üçün malın məhz həmin mağazadan alındığını təsdiq edən hər hansı sənədin olması vacibdir.

Düzdür, bəzən istehlakçılar məhsulu başqa yerdən alaraq sonradan başqa marketdən aldıqlarını iddia edə bilərlər. Belə hallar da mümkündür. Bu səbəbdən məhkəmələrdə və digər mübahisələrin həlli proseslərində məhsulun haradan alındığını təsdiq edən sənədin təqdim olunması mühüm əhəmiyyət daşıyır. İstehlakçılar hüquqlarını qorumaq istəyirlərsə, alış-verişin harada həyata keçirildiyini sübut edən sənədi mütləq saxlamalıdırlar”//musavat.com