Ərdoğanın 67 yaşına...
- Tarix: 26-fev-2021, 11:28 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 54
26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb. Bu gün Azərbaycanın işğaldan azad edilən bölgələri də daxil, yurdumuzun bütün guşələrində - mənzil, bina, maşın, küçələrdə Azərbaycan və Türkiyə bayraqlarının, Azərbaycan və Türkiyə prezidentlərinin yanaşı dayanan fotoları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Ərdoğana Azərbaycan sevgisinin təcəssümüdür, dövlətlərimizin birlik, bərabərlik rəmzidir. Əsl dostluq, qardaşlıq çətin günlərdə sınanar; başda Ərdoğan olmaqla, Türkiyənin Hökumət yetkililərinin Azərbaycana ötən ilin son üç aydakı səfərləri, ən mötəbər tribunalarda verdikləri qətiyyətli mesajları, haqqın, ədalətin bərpasına mənəvi, diplomatik, informasiya dəstəyi qələbəmizin əldə edilməsində mühüm amillərdən birinə çevrildi. Türkiyədə hərbi təhsil və türk hərbçilərindən təlim alan əsgər və zabitlərimizin döyüşlərin önündə getməsi, şücaəti, hərbi-vətənpərvərlik ruhu, fiziki hazırlığı, nizam-intizamı ilə örnək olması da xüsusi qeyd edilməlidir.
 
Dekabrın 10-da Bakının Azadlıq meydanındakı möhtəşəm Zəfər paradında müzəffər Ali Baş Komandan İ.Əliyevlə yanaşı dayanmış R.T.Ərdoğanın təsirli poetik çıxışı ürəkləri riqqətə gətirmişdi: "Artıq Azərbaycan torpaqları illərcə həsrət qaldığı Tərtərçaya qovuşmuşdur. Şuşanın başının üzərindəki duman artıq dərdli deyil. Xarı bülbül artıq azaddır və daha parlaq açacaq. Köndələnçay artıq daha gur axacaq. Araz türküsünü daha güclü çağıracaq, "Qarabağ Şikəstəsi”ni oxuyan nəfəs daha bərk çıxacaq. Arazı ayırdılar, Qum ilə doyurdular, Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar... Ay Laçın, can Laçın, mən sənə qurban Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azadddır. Bu gün Azərbaycan şairi, milli mücahid Əhməd Cavadın ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, İslam Qars Ordusunun əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız, bütün türk dünyası üçün böyük qürur günüdür. Rəbbimə bizlərə bu günü yaşatdığı üçün sonsuz həmd diləyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, 30 illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdiyi müddətdə bütün çətinlikləri birgə aşmağa davam edəcək”.
 
Müharibənin davam etdiyi günlərdə və ondan sonra biri-birinin ardınca Bakıya gələn türk yetkililəri Ərdoğanın onlara "qardaşım İlham Əliyevi, can Azərbaycanı savaşın davam etdiyi bu gərgin günlərdə tək buraxmayın” tapşırığı verdiyini dilə gətirirdi.
 
20 oktyabr 2018-ci ildə Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində Ərdoğan əminliklə demişdi: "Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!” deməsini gözləyirik. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”. Belə də oldu.
 
Savaş bitdikdən sonra da bu müharibədə Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi qələbəni həzm edə bilməyən güclərə Türkiyə qətiyyətlə xəbərdarlıq etmişdi: " İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik!”
 
Azərbaycan və Türkiyə liderlərinin siyasi iradəsinin nəticəsi olaraq, ermənilərə himayədarlıq edən məlum dövlətlərin "Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar” iddialarını bir kənara ataraq, "Qarabağda Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir. Biz bu məsələni yalnız Azərbaycanla müzakirə edəcəyik. Azərbaycan istəsə Qarabağın hər yerində olacağıq!” dedi və Azərbaycan ordusunun mühafizəsi altında Ağdamda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi quruldu, bu, bölgədə iş birliyinin yeni formatı oldu.
 
 
Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 16-da Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində dediyi bu sözlər R.T.Ərdoğanın şəxsiyyət, dövlət adamı, siyasi xadim kimi fəaliyyətinin mahiyyətini, Türkiyə-Azərbaycan dostluq, qardaşlığının fəlsəfəsini səmimiyyət və müdrikliklə ifadə edir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
 
 
Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bu birliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər bir yerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakı məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə hər kəs gərək vətənpərvər olsun." //president.az/articles/43250
 
Doğum gününüz mübarək, sayın Rəcəb Tayyib Ərdoğan! Allah qorusun!
 
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər