Şəfəqə Doğru » Manşet » Putin İrəvana səfərdən niyə imtina etdi? – Səbəblər

Putin İrəvana səfərdən niyə imtina etdi? – Səbəblər

Putin İrəvana səfərdən niyə imtina etdi? – Səbəblər

Rusiya-Ermənistan münasibətləri böhran dövrünü yaşayır. Bu böhran Paşinyan hakimiyyətə gələndən sonra başlayıb. Çünki Paşinyanın həyata keçirdiyi daxili və xarici siyasət rəsmi Moskvanı heç bir halda razı salmır.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərini təxirə salmasının səbəblərinə aydınlıq gətirən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Putin Paşinyanla son zamanlar 3 dəfə görüşsə də, bunların heç biri rəsmi görüş olmayıb:

"Eyni zamanda Putinin Ermənistana səfəri haqqında məlumatlar yayılsa da, son anda ən azı yaxın zamanlarda Putinin belə bir niyyətinin olmadığı ortaya çıxdı. Putinin köməkçisi Uşakovun bu səfərin gələn il gerçəkləşdiriləcəyi ilə bağlı açıqlaması var. Gələn ilə qədər Paşinyanı hansı tale gözlədiyi sualı isə bu gün kifayət qədər aktualdır”.

Politoloq bildirib ki, Moskva-İrəvan münasibətlərində mövcud olan bu gərginlik səbəbsiz deyil:

"Rəsmi Moskvanın Paşinyan hökumətindən ciddi gözləntiləri var ki, onlar hələ də yerinə yetirilməyib. İlk növbədə Rusiya Ermənistan rəhbərliyinin kadr siyasətindən olduqca narazıdır. Paşinyanın komandasına daxil olan şəxslər antirusiya mövqeyi ilə seçilirlər. Bir çox hallarda onlar Rusiyaya qarşı sanksiya tətbiq edən Qərb siyasi dairələri, xüsusilə ABŞ ilə sıx şəkildə bağlıdırlar. Bu, rəsmi Moskvanı kifayət qədər narahat edən amildir. Ona görə də əsas tələblərdən biri odur ki, Paşinyan öz komandasına yenidən baxsın. Amma Paşinyan hələ ki, belə bir addım atmır. Bu, münasibətlərdə soyuqluq yaradan əsas amillərdəndir. Eyni zamanda, Paşinyan Putinlə məsləhətləşmədən KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbsi ilə bağlı qərar qəbul etdi. Təzyiqlər nəticəsində o, bu qərarından dönsə də, hər halda Xaçaturova qarşı cinayət işi hələ də bağlanmayıb. Bu da Moskva və KTMT-yə üzv dövlətlər tərəfindən KTMT-yə Ermənistandan vurulmuş zərbə kimi qiymətləndirildi. Rus mətbuatında Kremlə yaxın olan rus ekspertlər bunun Putini narazı saldığını gizlətmədilər. Paşinyan əgər Rusiya ilə səmimi müasibətlərə sahib olsaydı, o, Putinə bu qərarı ilə bağlı öncədən xəbərdarlıq edərdi. Paşinyan bunu etmədən birtərəfli qaydada KTMT-nin Baş katibinin həbsi ilə bağlı addım atdı. Bu isə, şübhəsiz ki, təşkilatın da imicinə birbaşa zərbə oldu. Ona görə də Putin Paşinyanın bu addımını heç bir halda bağışlaya bilmir”.

 

Millət vəkili qeyd edib ki, digər tərəfdən Paşinyanın tez-tez ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils ilə görüşlər keçirməsi və bir çox hallarda təlimatları ondan alması ilə bağlı yayılan informasiyalar Rusiya mətbuatında çox hallandırılır:

"Paşinyan Rusiyanın Ermənistanın müttəfiqi, dostu olması ilə bağlı açıqlamalar verməsinə baxmayaraq, bunu konkret əməldə göstərmir. Onun qərbyönümlü siyasət həyata keçirmək istəyi rəsmi Moskvanı qəzəbləndirir. Hesab edirəm ki, elə bu səbəbdən də indiyə qədər Paşinyanın Rusiyaya rəsmi səfəri təşkil edilməyib. Axırıncı səfəri zamanı isə hətta Putin onunla birlikdə mətbuat konfransı keçirmədi. Bu görüş zamanı iki ölkə arasında heç bir müqavilə imzalanmadı. Bunlar da diqqətdən yayınmayan cəhətlərdən biridir. Eyni zamanda digər diqqətdən yayınmayan cəhət o oldu ki, Putin Paşinyanla görüşündən sonra Moskvada konsert zalının açılışına getdi, amma özü ilə Paşinyanı aparmadı. Amma adətən belə humanitar tədbirlərə iki ölkə başçısının birgə getməsi praktikada geniş yayılıb”.

Millət vəkili vurğulayıb k, Putinin Paşinyanın həbs etdiyi Köçəryanı ad günü münasibəti ilə təbrik etməsi də təsadüfi deyil:

"Bu da çoxsaylı suallara səbəb olub. Hələ indiyə qədər, yəni Köçəryanın hakimiyyətdə olmadığı 10 il ərzində Kremlin saytında Putinin Köçəryanı təbrik etməsi ilə bağlı informasiya yayılmayıb. Lakin bu dəfə belə bir informasiya verildi. Bu, Putinin Köçəryana xüsusi münasibəti demək deyil. Bu, ilk növbədə, Putinin Paşinyana olan mənfi münasibətinin göstəricisidir”.

Millət vəkili bildirib ki, Paşinyan Putinlə görüşündən sonra bu görüş haqqında yüksək fikirlər səsləndirdi, ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğuladı, amma Kreml ümumiyyətlə, bu səfərlə bağlı çox qısa şərh verməklə kifayətləndi:

"Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, Paşinyanın yeritdiyi siyasət bu gün sözün həqiqi mənasında Moskvada qəzəblə qarşılanmaqdadır. Putinin Ermənistana səfərinin təxirə salınması həmin qəzəbin ifadəsidir. Bu situasiyadan Ermənistan tərəfi nəticə çıxarmalıdır”.